Boşanmaq – çıxış yolu kimi
"...
İki uşaqla necə boşanım? Boşanım, hara gedim? Evdən çıxanda, dədəm dedi ki, nə
olursa-olsun, boşanıb bu qapıya qayıtma. Hər gün döyülüb-söyülməkdən, dava-qırğından
boğaza yığılmışam. Amma dözməkdən, susub oturmaqdan başqa çarəm yoxdur. Taleyimlə
barışmışam. Demək, mənim də bəxtim belə yazılıb. İşim, savadım yoxdur, boşanıb,
bu iki uşağı necə saxlayacağam? Övladlarıma görə hər gün bu əzab-əziyyətə
dözürəm. 5 ildir ki, eyni həyat tərzi ilə yaşayırıq. Neçə dəfə boşanmağa cəhd
etmişəm, amma uşaqlar gəlib gözümün qarşısına, onlara görə boşanmaq fikrimdən
daşınmışam”.
Bu
sözləri bizimlə söhbətində Nərgiz xanım dedi. 5 ildir evli olan Nərgiz xanımın
ailəsində problemlər bitib-tükənmək bilmir. Əslində,
Nərgiz xanım aysberqin görünən tərəfidir. Hazırda, boşanmaq istəyib də boşana
bilməyən, min bir əzab-əziyyətlə evliliyini davam etdirən yüzlərlə ailə var.
Məsələnin dərinliyinə vardıqda, həmin ailələrin boşana bilməməklərinin bir çox
səbəbləri ortaya çıxır. Qadının təhsilsiz, işsiz olması, iqtisadi baxımdan
özünü təmin edə bilməməyi, cəmiyyətin boşanmış qadına birmənalı yanaşmamağı,
uşaqların olması və s. bu səbəblərdəndir. Sadalan səbəbləri göz önünə gətirərək,
bəzi münaqişəli ailələr evliliklərini davam etdirirlər. Amma təəssüf ki, bu,
vəziyyətdən çıxış yolu deyil. Çünki insan nə qədər hər gün zorakılığa məruz
qalaraq yaşaya bilər? Əgər qarşı tərəf zorakılıq tətbiq etməkdə davam edirsə,
nəyə görə qadın buna dözüb həyatını bu cür sonlandırmalıdır? Yanlış
anlaşılmasın, biz insanların boşanmağının, ailələrin dağılmağının tərəfdarı
deyilik. Əksinə, ötən ilin yanvar-oktyabr aylarında 12 min 396 boşanmanın
rəsmiləşdirilməsi və boşanmalara səbəb kimi də ən birinci məişət zorakılığının
göstərilməsi çox üzücüdür. Demək ki, nə qədər inkişaf etsək də, hələ də
insanlar arasında zorakılığın tətbiq edilməsi halı mövcuddur. Təbii ki,
yuxarıda qeyd edilən statistika kifayət qədər böyükdür. Amma buna baxmayaraq,
Nərgiz xanım kimi yaşadıqlarına dözən, susub evliliyini davam etdirən, boşana
bilməyən xanımlar da var. Belə xanımlar boşanmamaqla düzgün addım atdıqlarını
fərz edirlər, lakin bunun fəsadları haqqında heç fikirləşmirlər. Bəlkə də
yazımızı oxuyan şəxslər boşanmamağın nə kimi fəsadları olacağını düşünürlər.
Ona görə mütəxəssislərlə boşanmamağın səbəblərini və bu addımın gələcəkdə hansı
problemləri yarada biləcəyini müzakirə etdik.
İntihar və ya cinayət hadisəsi ilə nəticələnə bilər
Ailə, Qadın və Uşaq problemləri
üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir
müavini Aynur Veysəlova qadınların boşana bilməmə
səbəblərindən danışdı: "Çox təəssüf ki, cəmiyyətdə belə bir stereotip
formalaşıb ki, qadın ona edilən haqsızlığa, zorakılığa dözməlidir. Bu stereotipləri
qırmaq lazımdır. Çünki qadın ilk növbədə şəxsiyyətdir və onun hüquqları var. Kimsə
onun hüququnu pozub, şəxsiyyətini alçalda bilməz. Ona görə də qadınlar davamlı
olaraq baş verən zorakılıq hallarına dözməməlidirlər. Digər bir səbəb isə
qadınların yaşadıqları həyat tərzi ilə mübarizə aparmalarıdır. Həmin qadınlar
zamanla həyat yoldaşlarını zorakılıqdan çəkindirəcəklərini, vəziyyətin
düzələcəyini düşünürlər. Bu, dözmək deyil, iradə məsələsidir. Yəni qadınlar
özlərinə güvənirlər ki, həyat yoldaşlarının fikirlərini, dünyagörüşlərini
dəyişəcəklər. Təbii ki, öz məqsədinə nail olanlar da, ola bilməyənlər də var. Təəssüf
ki, bu istəyinə çatmayanlar üçün boşanmaq bir növ çıxış yolu sayılır. Çünki
qadın davamlı olaraq şiddətə məruz qalarsa, özünə olan inamını və hörmətini itirər.
Bu isə intihar və ya cinayət hadisəsi ilə nəticələnə bilər. Ona görə də bu kimi
ailələrdə boşanma daha labüd yol sayılır”.
Müdir müavini qeyd edir ki, məişət zorakılığına məruz qalan xanımlar
arasında iqtisadi cəhətdən özünü təmin edə bilməyən, təhsilsiz qadınlar daha
çoxdur. Buna görə də qadınların təhsil alması, onların məşğulluq fəaliyyətinin
genişləndirilməsi çox vacibdir.
Cəmiyyətdə boşanmış qadınlara münasibət birmənalı deyil
Sosioloq Əhməd Mansurov qadınların boşana bilməməyinə bəzi sosial-iqtisadi, psixoloji amillərin təsirinin olduğunu qeyd edir: "Bəzi
qadınlar fiziki, psixoloji, hətta cinsi zorakılıqla üzləşsələr belə boşanmaq
üçün addım atmırlar, daha doğrusu ata bilmirlər. Buna isə ilk növbədə
sosial-iqtisadi, psixoloji amillər təsir edir. Digər tərəfdən cəmiyyətin qınağı
da bu işdə böyük rol oynayır. Çünki cəmiyyətdə boşanmış qadınlara münasibət
birmənalı deyil, onlara qarşı ayrı-seçkilik tətbiq edilir. Qadın boşanma addımı
atmaq istəyəndə, hətta öz valideynləri belə buna müsbət yanaşmır. Beləcə,
qadınlar məcburi şəkildə zorakılıq hallarına dözməli olurlar. Qadınlar iqtisadi
səbəblər ucbatından da zorakılığa susurlar. Çünki onların iş təcrübəsi, təhsili
yoxdur, boşansalar belə, həyatlarını necə təmin edəcəklərini, övladlarını necə
saxlayacaqlarını düşünürlər. Nəticə etibarı ilə qadının kişidən iqtisadi
asılılığı yaranır. Onun həyat yoldaşından ayrı yaşamağı iqtisadi baxımdan
imkansız olur”.
"Stokholm sindromu”
Sosial təsirlərdən danışan
müsahibimiz onların mental dəyərlərlə qidalandığını bildirir: "Boşana
bilməməyin digər səbəbləri isə sosial təsirlərdir. Hansı ki o təsirlər mental
dəyərlərlə qidalanır. Qadın düşünür ki, boşanarsa, ailə üzvləri, cəmiyyət onu qəbul
etməyəcək. Bəzən həlledici məsələlərdə belə, bu qadınların yerinə başqaları
qərar verir. Həmin qadınlarda özünü qurban vermək hissi yaranır. Bu daha çox
psixoloji zorakılıq zəminində baş verir. Qadınlar bu kimi məqamlarda sərbəst
addım ata bilmirlər. Hətta özlərinin düşdükləri vəziyyətə layiq olduqlarını
düşünürlər. Buna isə elmdə "Stokholm sindromu” deyirlər. Bu sindromu yaşayan
qadınlar həyat yoldaşlarının onlarla kobud davranışını, zorakılığını qəbul
edirlər. Beləcə, onlarda psixoloji asılılıq yaranır”.
Dözümlülük ölüm halı ilə
nəticələnir
Sosioloq deyir ki, bəzən bu dözümlülük həmin qadınların ölümü ilə
nəticələnir: "Belə qadınların səhhətində problemlər yaranır. Psixoloji baxımdan
övladlarının tərbiyəsi ilə məşğul ola bilmir. Aqressivləşir, qeyri-adekvat
olmağa, özünə qapanmağa başlayır. Hətta bəzən xanımlar o həddə qədər zorakılığa
dözürlər ki, artıq onların həyatı üçün təhlükə yaranır, ölüm halı baş verir.
Təsadüfi deyil ki, Azərbaycanda qadınların ən çox ölüm halları məişət
zorakılığı nəticəsində olur. Bunun səbəbkarı isə birbaşa olaraq cəmiyyət və
sosial münasibətlər sistemidir”.
Boşanma
faciə, ayıb kimi qiymətləndirilir
Qadın və
Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai qeyd edir ki, yalnız təhsilsiz, iqtisadi baxımdan
özünü təmin edə bilməyənlər yox, kifayət qədər yaxşı karyerası, savadı olan
xanımlar da zorakılığa məruz qalsalar da, boşana bilmirlər: "Bu qadınlar isə
ictimai qınaqdan çəkinirlər. Çox təəssüf ki, bizim cəmiyyətdə boşanma faciə,
ayıb kimi qiymətləndirilir. Bu cür həyat tərzi ilə yaşayan xanımlara kömək
etmək üçün ilk növbədə düşüncəni dəyişmək lazımdır. Maarifləndirmə işi
aparılmalıdır. Çox yaxşı haldır ki, xanımları maarifləndirmək üçün istər dövlət
qurumları, istər Qeyri Hökumət Təşkilatları müxtəlif təlimlər, seminarlar
keçirirlər. Amma biz gözləməməliyik ki, kimsə seminar təşkil edib, bu xanımları
ora çağırsın. Çünki bu cür qadınların evdən çıxıb harasa getmək imkanı olmur.
Ona görə biz bu işdə kütləvi informasiya vasitələrinin dəstəyindən istifadə
etməliyik. Belə ki, televiziyalarda bu istiqamətdə verilişlər hazırlamaqla,
mətbuatda bu problemi işıqlandırmaqla onları düşdükləri vəziyyətdən xilas edə
bilərik. Təbii ki, sosial medianın da bu işdə rolu böyükdür. Mən təşkilat sədri
olaraq fikirlərimi sosial şəbəkədə bölüşürəm. Düşünürəm ki, özgüvəni bərpa
olan, hüquqlarını bilən qadınlar heç nədən çəkinməyəcək. Həyatını zorakılığa məruz
qalaraq davam etdirməyəcək”.
Münaqişəli ailə şəraitində böyüyən uşaqlarda davranış pozğunluğu
Bu da danılmaz faktdır ki,
ailə vəziyyətinin bu cür davam etdirilməsi ən çox uşaqların sosial, psixoloji
inkişafına mənfi təsir edir. Uşaq
psixoloqu Nərgiz Süleymanlıdeyir ki, evlilikdə qadına şiddət, zorakılıq
hökm sürürsə, ayrılmaq yeganə çarə olsa belə, "övladlarını düşünərək"
boşanmırlarsa, ən böyük haqsızlığı övladlarına edirlər: "Onlar uşaqlarının
normal, sakit ortamda yaşamaq hüququnu əlindən alırlar. Tərəflər anlamalıdırlar
ki, onlar valideyn olduqdan sonra əsas vəzifələri
övladlarının xoşbəxtliyi üçün çalışmaq olmalıdır. Amma təəssüf ki, günümüzdə
münaqişəli ailələrdə böyüyən, sosial, psixoloji travmalar alan kifayət qədər
uşaqlar var. Bir ailədə ana-ata arasındakı münasibətin uşağın tərbiyəsində,
psixologiyasında, yaşam səviyyəsində nə dərəcədə önəmli olduğu dəfələrlə
vurğulanıb, müzakirə edilib. Uşaqlar atalarını nə qədər sevsələr də, analarına
istər mənəvi, istər fiziki zorakılıq göstərən ataya qarşı aqressivləşirlər.
Dava-dalaş, gərgin ailə şəraitində böyüyən uşaqlarda dırnaq yemə, alt
islatmaları və s. kimi davranış pozğunluğu, diqqət və özgüvən əksikliyi, yuxu
və qidalanma problemləri, məktəbdə uğursuzluq və bir sıra psixoloji problemlər
müşahidə edilir. Digər tərəfdən, uşaq üçün ata modelinin mənfi yöndə dəyişməsi
onun insanlara qarşı güvənsiz və inamsız baxış tərzini formalaşdırır. Bu baxış
tərzi zamanla nifrətə çevrilir, onu ailədən, evdən uzaqlaşdırır. Onu qeyd edim
ki, zorakılığa məruz qalan qadının da psixoloji vəziyyəti övladlarına yetəri
qədər müsbət təsir etmir. Gərgin, aqressiv, özünü bədbəxt hiss edən qadının
övladına rahat şəkildə diqqət ayırması və sevgi verməsi heç də asan olmur”.
Uşaqlıqda alınan travmalar
Psixoloq qeyd edir ki,
hansısa uşağın belə ailədə böyüməsi yalnız onun və ailəsinin deyil, ümumilikdə
cəmiyyətin problemi olur: "Cəmiyyət bu cür məsələlərdə laqeyd qalmamalıdır.
Valideynlər arasında yaşanan gərginliklər uşaqların şüuraltına ciddi təsir
edir, travma alırlar. Uşaqlıqda alınan travmalar da gələcəkdə onların sosial,
psixoloji inkişaflarına, xüsusilə də ailə həyatlarına mənfi təsir edir. Bu işdə
müəllimlərin, məktəb psixoloqlarının rolu böyükdür. Onlar daim uşaqları
nəzarətdə saxlamalı, onların istər dərslərinə hazırlıqlarında, istər psixoloji
vəziyyətində dəyişiklik müşahidə edərlərsə, mütləq şəkildə müdaxilə
etməlidirlər. Uşaqda baş verən dəyişikliklə bağlı dərhal ailəyə xəbər verib,
onları mütəxəssisə yönləndirməlidirlər”.
Mütəxəssislərin
fikirlərindən aydın oldu ki, qadınların məişət zorakılığına məruz qalmalarına
baxmayaraq, boşanmama səbəbləri təhsilsiz və işsiz olmalarıdır. Təhsil insanın,
xüsusilə də qadının həyatında böyük rol oynayır. Təhsilli qadın təhsilli uşaq,
sağlam gələcək və cəmiyyət deməkdir. Ona görə də sağlam cəmiyyət və gələcək
naminə qadınların təhsil almasına xüsusi diqqət yetirilməlidir.
Günel Azadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu
ildönümü və Novruz bayramı münasibətilə elan etdiyi müsabiqəyə təqdim edilir