• cümə axşamı, 25 aprel, 14:59
  • Baku Bakı 23°C

Boşananda yada düşən nikah müqaviləsi

10.07.15 12:21 3600
Boşananda yada düşən nikah müqaviləsi
Mütəxəssislər bildirir ki, cəmiyyətdə nikah müqaviləsinə normal münasibət olmadığı üçün evlənənlər bunu tələb etmirlər
Evlilikdən öncə yada düşülməli olan məqamlara nədənsə vaxtında önəm verilmir. “Biz boşanmaq üçün evlənmirik” prinsipi ilə cütlüklər toydan öncə nikah müqaviləsinə əhəmiyyət vermirlər. Əgər tərəflərdən hansısa nikah müqaviləsi bağlamağı təklif olaraq irəli sürsə, qarşı tərəf “Sən mənimlə boşanmaq üçün evlənirsən?” kimi suallar verir. Bu kimi problemlərdən dolayı da nikah müqaviləsini tələb etmək istəyənlər qarşı tərəfin reaksiyasından çəkindikləri üçün bununla bağlı heç bir tələb irəli sürmürlər.
Evlilikdən öncə ancaq xoşbəxtlik haqda fikirləşən cütlüklərin düşüncələri heç də həmişə real olmur. Çünki boşanmaların statistikası hər il acınacaqlı faktlar ortaya qoyur. Nikah müqaviləsi isə boşanma vaxtı yada düşür. Çünki hər şey qanun səviyyəsində olanda tərəflər bir-biri qarşısındakı öhdəlikləri ilə bağlı süründürməçiliklə üzləşmirlər. Azərbaycanda nikah müqavilələri ilə bağlı statistik rəqəmlər heç bir halda qaneedici hesab oluna bilməz. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da mətbuata açıqlamasında nikah müqavilələrinin sayındakı artımın böyük olmadığını bildirib. O deyib ki, 2014-cü ildə Azərbaycanda 83 nikah müqaviləsi bağlanıb. 2015-ci ilin birinci rübündə isə 23 fakt var. Əvvəlki illərdə isə bu rəqəm 20, 43, 50 fakt təşkil edib.
Vətəndaşlar bu müqaviləyə maraq göstərmirlər
2014-cü ildə Azərbaycanda 84,9 min nəfərin nikah bağladığını və 12,1 min nəfərin boşandığını nəzərə alsaq, 83 nikah müqaviləsi çox azdır. Bu isə nikah müqavilələrinə cəmiyyətdə normal münasibətin formalaşmaması ilə bağlıdır. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə qəzetimizə açıqlamasında nikahdan öncə tibbi müayinə kimi bu müqavilələrin də məcburi olmasının tərəfdarıdır: “Hamı “Biz boşanmaq üçün evlənmirik” deyir. Amma heç kim də boşanmaqdan sığortalanmayıb. Bəzi evliliklərdə boşanma qaçılmaz olur. Boşanma zamanı isə bu cür müqavilələr proseslərin daha asan həll edilməsinə yardımçı olur. Müqavilələrin olmamasından daha çox qadınlar əziyyət çəkirlər. Çünki müqavilə olmadığı təqdirdə, qadın qarşı tərəfdən bəzən hüquqlarını tələb edə bilmir. Müqavilə olduqda isə konkret bildirilir ki, boşanma olduğu zaman qadına nələr veriləcək. Əgər bu məsələlər qanun çərçivəsində olsa, seçim məsuliyyəti vətəndaşların üzərində olmayacaq. Yəni kiminsə bu müqaviləni tələb etməsinə ehtiyac qalmır. Çünki artıq məcburidir və hər kəs bunu etməlidir. Əvvəl kimsə evlənmədən öncə tibbi müayinə tələb etsəydi, qarşı tərəfin valideynləri deyirdilər ki, “Mənim uşağım xəstədir ki, sən bunu tələb edirsən?” Amma indi qanunun tələb etdiyini deyirlər. Müqavilə ilə qanuniləşdikdə heç kim bir-birinə deməyəcək ki, sən məndən bunu niyə tələb edirsən?”
A.Ağazadənin sözlərinə görə, vətəndaşlar özləri bu müqavilələrin bağlanmasına maraq göstərmirlər: “Nikah qeydiyyat şöbələrində müqavilə blankları var. Evlənmək üçün müraciət edənlərdən kimlər istəsə, həmin blankı doldurub müqavilə bağlayırlar. İstəmədikləri halda isə, onları məcbur etmək olmaz”.
Nikah müqavilələrinə ehtiyac günü-gündən artır
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, cəmiyyətdə gedən proseslər nikah müqavilələrinə ehtiyacı günü-gündən artırır: “Əvvəllər adət-ənənə elə şəkildə qurulmuşdu ki, insanların bir-birinə bu məsələlərdə etibarı böyük idi. Ona görə ailələrin dağılması statistikası da aşağı idi. İndi həm insanların bir-birinə etibarı azalıb, həm də bəzən ailələr müəyyən qarşılıqlı hörmət, sevgi əsasında deyil, sosial, maddi faktorlar üzərində qurulur. Statistikaya baxdıqda da ailələrin tez-tez dağıldığını görürük. Ona görə də müqavilələrə ehtiyac çoxalır”.
Sosioloq bildirdi ki, nikah müqaviləsi ilə evlənən şəxslər öz üzərlərinə müəyyən öhdəlik götürmüş olurlar. Hər iki tərəfin müəyyən qədər məsuliyyət götürməsi məsələsi ailə qurmağa daha ciddi yanaşmaya təsir edəcək: “Çünki insanlar arasındakı münasibətlərdə maddiyat güclü olduğu üçün bu müqavilələrin özü də bu istiqamətdə insanlara təsir edir. İnsanlar ailə quranda eyni zamanda başa düşürlər ki, onlardan mənəvi amillərlə bərabər, maddi tələb də var. Ailə qurmağa qərar verəndə daha dərindən düşünməli olurlar. O biri tərəfdən, ailə dağılanda da əmlak problemlərinin həlli istiqamətində bu müqavilə həlledici rola malikdir”.
Ə.Qəşəmoğlu da nikah müqavilələrini rəsmiləşdirməyin və məcburi etməyin tərəfdarıdır. O deyir ki, maarifləndirmə aparmaqla müqavilələrə marağı artırmaq çətin məsələdir: “Maarifləndirmə məsələləri bəzən cəmiyyətdə ikinci dərəcəli olur. Çünki cəmiyyətdə prosesləri idarə edən iki əsas münasibət var: maddiyat və mənəviyyat. Mənəvi dəyərlər yüksəkdə olduğu zaman öz-özünə tənzimlənmə gedir. Maddiyat öndədirsə, cəmiyyətdə problemlər getdikcə daha çox olur. Mənəvi amillər öndə olan cəmiyyətdə maarifləndirmə yaxşı effekt verir. Maddiyata üstünlük verilən cəmiyyətdə isə maarifləndirmə ilə nəticə əldə etmək olmur. Yəni bütün cəmiyyətlərdə maarifləndirmə eyni rolu oynamır. Təəssüf ki, indiki vaxtda bizim cəmiyyətdə maddiyyat öndə olduğu üçün maariflənmənin hər hansı rol oynayacağını gözləmək düzgün deyil”.
Nikah müqaviləsi nədir?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, nikah müqaviləsinə normal yanaşmaq lazımdır. Amma Azərbaycanda bu müqavilədən demək olar ki, nikah münasibətinə girən insanlar çox az hallarda istifadə edirlər: “Bu isə gələcəkdə çox ciddi problemlər yarada bilir. Boşanmada əmlak bölgüsü zamanı problemlər ortaya çıxır. Müqavilənin bağlanması boşanan şəxslərin vəziyyətinin müqavilənin şərtlərinə uyğun həllinə böyük köməkliklər edə bilər. Amma Azərbaycan mentalitetində bu, qəbul edilmədiyinə görə insanlar bir qayda olaraq müqavilə bağlamağa meyil göstərmirlər”.
M.Baxışov deyir ki, nikah müqaviləsi evlənən şəxslər arasında bağlanan, nikah dövründə və ya boşandıqda ər-arvadın əmlak hüquqları və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimini dəyişdirərək müqavilə rejimini müəyyənləşdirir: “Ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Nikah müqaviləsində müxtəlif məsələlər müəyyənləşdirilə bilər: tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, tərəflərin hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nikahın pozulması halında tərəflərin hər birinə düşəcək əmlak, eləcə də ər-arvadın əmlak münasibətlərinə dair hər hansı digər məsələlər”.
Bunlar nikah müqaviləsinə daxil edilə bilməz
Hüquqşünas deyir ki, müqavilədə nəzərdə tutulmuş müəyyən hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər. Eyni zamanda, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
M.Baxışov bildirdi ki, nikah müqaviləsi evlənməmişdən öncə də bağlana bilər, evliliyin istənilən dönəmində də: “Nikahın dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikah qeydiyyata alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması, etibarsız hesab edilməsi halları da ortaya çıxa bilər. O da Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilir. Belə bir müqavilənin bağlanması gələcəkdə yaranacaq mübahisələrin qanuni yolla və daha asan həllinə yardımçı olur. Amma təəssüflər olsun ki, Azərbaycanda bu müqavilənin tətbiqi təcrübəsində problemlər mövcuddur”.
Hüquqşünas sonda onu da bildirdi ki, nikah müqaviləsinin məcburi edilməsi qanuna ziddir: “Mülki Məcəllədə müqavilələr azadlığı prinsipi var. Nikah müqavilələrinin məcburi olması həmin prinsiplə ziddiyyət təşkil edir. Ona görə də burada maarifləndirmə ilə əhalini cəlb etmək daha yaxşıdır, nəinki məcbur etmək”.
Kişilər müqavilə tələb edən xanımla münasibəti kəsə bilirlər

Psixoloq Vəfa Rəşidova isə bu müqavilələrin bağlanmamasında xanımların payının böyük olduğunu deyir. O qeyd edir ki, bu müqavilənin olmamasından daha çox əziyyət çəkən xanımlar olsa da, evlilikdən öncə onlar bu müqaviləni tələb etməyə utanırlar: “Buna adi bir sənəd kimi yanaşsalar, çəkinmədən müqavilə bağlamaq istəklərini də qarşı tərəfə deyə bilərlər. İslam dinində mehriyyə deyilən bir şey var. Nikahdan öncə xanıma nə veriləcəyi ilə bağlı bir kağızdır. Bizdə xanımlar müqavilə ilə nəsə tələb etməyi özlərinə ayıb hesab edirlər. Bunu həm islamın, həm də dövlətin bir qanunu hesab etmək lazımdır. Problem budur ki, maariflənmə yoxdur. Maariflənmə olsa, insanlar buna normal yanaşsa, müqavilələrin bağlanması da adiləşər”.
Psixoloq deyir ki, nikah müqaviləsinin bağlanması çox vaxt kişilərə sərf edir: “Qadınlar isə düşünürlər ki, belə bir müqavilə tələb etsələr, qarşı tərəflə münasibətləri pozula bilər. Amma qadın öz hüquqlarını bilməlidir. Buna ayıb yox, qanun kimi yanaşmaq lazımdır. Bəzən kişilər bu məsələlərə görə qadınlarla münasibətləri poza bilirlər. Nikah müqaviləsində də qarşı tərəfin maddi durumuna fikir vermək lazımdır. Bir-birindən real olmayan nələrisə müqavilə ilə tələb etdikdə bu, münasibətləri korlaya bilər. Qanunları bilən, dindən məlumatı olan, müəyyən kitablar oxuyan hər bir şəxs bu müqaviləni normal da qəbul edəcək”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər