• şənbə, 20 Aprel, 20:05
  • Baku Bakı 24°C

Borxesdən xeyir-dua almadan yazmıram

08.04.19 14:00 1471
Borxesdən xeyir-dua almadan yazmıram
Müsahibimiz gənc yazar Rəvan Caviddir.
– Salam, Rəvan. Necəsən?
– Salam. Yaxşı olasan…
– Nə oxuyursan?
– Bu yaxınlarda Conatan Safran Foer adlı amerikan nasir kəşf eləmişəm. Gənc olmasına baxmayaraq, kifayət qədər tanınmış müəllifdir. "Hər şey aydınlandı” romanını oxudum. Müəllifin dili və üslubu çox xoşuma gəldi. Kalvinosayağı dili, borxesvari keçidləri və özünəməxsus təhkiyəsi var. Təəssüflə qeyd etməliyəm ki, roman bir yerdə məni yordu. Sonradan bunun səbəbini özüm üçün aydınlaşdırdım. Oxuyurdum və hiss edirdim ki, müəlliflə aramda qəribə – intellektual bir yadlıq var... Elə buna görə, Foerdən müvəqqəti uzaqlaşdım və Sandersin hekayələrinə keçid elədim. "10 Dekabr” adlı kitabı bizim dilə təzəcə tərcümə olunub. Hekayələrdən və bir povestdən ibarətdir. Sanderslə ilk tanışlığım keçən il – "Linkoln Bardoda” romanı ilə baş tutmuşdu. Dünya ədəbiyyatı üçün yeni romandı, yeni eksperimentdir. Hiss olunur ki, hekayələri o romanın kölgəsində qalıb. Hazırda isə Edqar Keretin "Korbinin sevgilisi” hekayələr kitabını oxuyuram. Əsl mən istəyən müəllifdir.
– Üç müəllifin adını çəkdin; Foer, Sanders və Keret. Bu müəlliflərə yeni bir estetikanın davamı kimi baxmaq olar. Foer ironik-illektualizmin, xüsusən, dilin elastiki tərəflərinin, Sanders eksperimental forma yeniliklərinin – hətta buna görə "Buker” də alır, – Keret isə Kierkeqardan bu günəcən qopub gələn absurdizmin, qara yumorun, adi həyat hadisələrindən doğan qatı dramatizmin nasiridir. Hər üç müəllif özlərindən əvvəlki estetika ilə müəyyən mənadan fərqlilik təşkil edir. Səncə, bu müəlliflərin aktual olmağına səbəb çağdaş insanın, dünyanın yeniliyə can atmaq ehtirası ola bilərmi?
– Hər üç müəllif hadisələrə ironik yanaşır. Bu müəlliflər tarixlə oynayır, onu şübhə altına alır. Burda bir məsələ var. Tutaq ki, Sandersdə bu hadisə məqsədli şəkildə baş verir. Hətta buna görə, ona Mark Tvenin davamçısı deyirlər. Mənə elə gəlir ki, necə ki, biz indi oturmuşuq, o da oturur rahat masasında və düşünür ki, Linkolna göndərmə edim, tarixə çimdik atım, ironik yanaşım. Keretdə isə bu, yazı prosesində spontan alınır. Kereti düşündürən məsələlər var; yəhudilər, onun problemləri, kapitalist sistemdən doğan absurd həyat hekayələri, uşaqlar, müharibələr və s. Keretin ironiyası ağrıya qarşı reaksiya göstərən immunitetdir. Bu hadisələr Keretə mənəvi olaraq çox pis təsir edir. Onun ironiyasının arxasında gizlənən ağrını hiss edirəm. O, özü üçün bir ümid uydurur və ona can atır. Hətta, məncə, ona görə Keret yazı masasında çox səbirsizdir ki, ağrının, acının ortasında dayanmaq istəmir. Hekayələri buna görə qısadır. Bununla sənətin birinci məsələsini öz içində həll edir; sənət insanı xilas eləmək üçündür. O ki qaldı bu müəlliflərin aktuallığının "niyəsinə”… Çağdaş dünyanın insanı qısa, lakonik və eyni zamanda da pozitiv, düşündürən yumoru sevir. Tarix onun üçün bir o qədər önəmli deyil, ona lazım olan, tarixin və həqiqətin mahiyyətidir. Hər üç müəllif bu mahiyyəti oxucuya çatdıra bilir.
– Ancaq başqa müəlliflərin yüzlərlə səhifədə həll etdiyi məsələni, Keret üç dörd abzasda həll edir. Yəni, Keret yazı masasında nə qədər səbirsiz olur olsun, hekayələrində heç bir artıqlıq və əskiklik hiss olunmur. Keretin səbirsizliyi mətnlərində artıq-əskiklik yaratmır. Tutaq ki, "Donuz pulqabı” hekayəsini oxuyursan və deyirsən ki, bu hekayə mütləq bu cür yazılmalıydı.
– Bu artıq Keretin orijinallığından doğan məsələdir. "Donuz pulqabı” və ya "Gonbul” hekayəsini mütləq Keret yaza bilərdi. Məsələn, eyni mövzular Sanderin yaradıcı mətbəxindən çıxsaydı, tamam başqa cür ifadə olunardı. Yəqin ki, sarkazma salardı. Hətta Sandersdə pamukvari bir uzatmaçılıq da var və onun məqsədi əvvəldən bəllidir. Təcrübəli oxucu özü də hiss edir ki, müəllif sonda xaçı vuracaq. Keret o hekayənin müəllifi olsaydı, xaçı əvvəldən vurmuş olardı. Bildin də hansı hekayəni deyirəm.
– Hə, "Xaçlar” – Sandersin ən uğurlu hekayəsi. Məncə də, Keret yumruqdursa, Sanders çırtmadır...
– Sanders gülləni gözə, yanağa, çənəyə vurur, yəni, onun atəşi səni öldürəcəkmi, bilmirsən. Keret isə düz gicgahdan nişan alır.
– Məlum məsələdir ki, Edqar Keretin bizimlə tarixi bir yaxınlığı var. Yəhudi xalqı öz tarixindən çox ağrılar keçirib. Hətta Keretin babası Auşsvitdə öldürülüb. Eynən bizdə də Qarabağ müharibəsi, Mart və Xocalı soyqırımı kimi yaxın tariximizdə baş verən hadisələr var. Yəhudi xalqının tarixi ağrıları bu gün onların həyatında, məişətində hələ də davam edir və Keret bu məsələlərə mövzu kimi müraciət edir. Keretin yəhudi soyqırımına münasibətinə yaxın münasibəti, milli müəlliflər Xocalıya və ya Mart soyqırımına göstərə, bu ladda mətnlər yazıla bilərmi?
– Ölkənin tarixini yaradıcı süzgəcdən keçirmək. Sənətlə tarix burada görüşür. Burda bir özünəməxsusluq var, çünki Qarabağ hadisələri bizə doğma olan mövzudur. Hadisəyə necə baxmaq, hansı kamera ilə görmək isə artıq yazıçının orijinallığından doğan məsələdir. Mən 98-ci ildə doğulmuşam. Yəni mən dünyaya gələndə Qarabağ hadisələri bitmişdi. Atəşkəs imzalanmışdı. Qarabağ münaqişəsini görməyən, amma bir tarix kimi gen yaddaşında daşıyan, televiziyadan, söhbətlərdən o illər haqqında məlumatı olan birisinin Qarabağ haqqında yazmağı olduqca maraqlı olardı. Bu, müəllifə geniş mövzu imkanları verə bilər. Hətta az tonda təhrif də qatsan, unikal mətndən danışmaq olar. Bəs kütlənin buna münasibəti necə olacaq? Bizim əcdadlarımız bu torpaqlarda yaşayıblar. Yəhudilərdə isə əksinə, o hadisələr baş verəndə hələ heç İsrail dövləti yox idi. Orda fərdin başına gəlib hadisələr, burda isə xalqın. Orda müxtəlif ölkələrdə yaşayan yəhudiləri öldürüblər, burda isə söhbət bir məkandan gedir və bu, daha ağrılıdır. Ona görə də, bu hadisə bir qədər ehtiyat tələb edir.
– Qarabağ müharibəsi mövzusunda Elçin Hüseynbəyli, Əjdər Ol, bizə yaxın estetikadan Şərif Ağayarın əsərləri var. Ancaq zaman bizə göstərdi ki, sən demə, bu əsərlər yalnız Azərbaycan oxucusu üçün maraqlıdır. Bu tematikada əsərlər dünya üçün maraqlı deyil. Niyə? Niyə hətta bizim üçün belə bu mövzu yaxın tarixdən bəhs etməyinə baxmayaraq, bir qədər köhnə görünür?
– Çünki, biz sənət yaratmaqdan daha çox konkret bir hadisəni qabartmağı düşünürük. Məqsəd birbaşa sənətlə əlaqəli olmalıdır. Müəllif öz şəxsi dərdini danışmamalıdır. Nəriman Əbdürrəhmanlı "Taclı” romanını yazıb o cür mövzunu yerə çırpdı. Ya da Elçin Hüseynbəylinin qarabağlı obrazları, məncə, bir qədər natamamdır. Başqa, tamam başqa mətn yazmaq lazımdı. Onu axtarıram…
– Hər şeyin mərkəzində insan və ya insan hissləridir. Bu mənada hətta müharibə mövzulu əsərdə belə, müharibə sadəcə fon olar bilər…
– Heminquey deyirdi ki, hisləri yazmayın, hisləri yaradın! Müharibədə baş verən hadisələri necə varsa köçürmək və ya müharibədən çıxmış bir insanın müharibə haqqında düşündüklərini yazması o demək deyil ki, bu unikal mətn yazmaqdır. Xeyr! Bu uzağı xatırlamaqdır. Sənət deyil. Bilirsən, əsərdə bircə dəfə də müharibə sözü işlətmədən, müharibədən danışmaq olar. Təəssüf ki, Qarabağ müharibəsi haqqında yazılan əsərlərin çoxu bu estetikadan uzaqdır və kənardan sanki ağlaşmanı xatırladır. Hekayəni xəbər bülleteni kimi yazırlar.
– Rəvan, Foerdən, Sandersən, Keretdən danışdıq. Bəs özün nə yazırsan? Oxucularımıza yazı mətbəxin haqqında danış...
– Hazırda obrazları Stalin, Mirzə Cəlil və İbrahim peyğəmbərin olduğu roman üzərində işləyirəm. İstəyirəm hissə-hissə çap olunsun, sonra kitab da etmək olar. Oxucu ilə bir yerdə yazaq. Hər gün səkkiz saat işləyirəm. Yazmaq istədiyim bir neçə böyük esselər var, onların da planını, karkasını qurmuşam, başlayacağam. Mütaliə isə mütləqdir mənim üçün. Stolüstü kitablarım var, yazmazdan öncə onları vərəqləyirəm. Borxesdən xeyir-dua almadan yazmıram! Ekoyla dalaşmasam, yazmaq əyləncəli olmayacaq.
– Oxuduğun əsərlər və ya həyat hadisələri sənə hansı janrın enerjisi olaraq qayıdır. Hekayə, esse və ya roman? Ümumiyyətlə, bu enerjini idarə eləmək mümkündürmü?
– Looo…Liii…Taaa… Bu enerjidən, bu səsdən, bu nəfəsdən sonra necə yazmayasan?! Təbii ki, yaşadığım hadisənin, oxuduğum kitabın enerjisinə, anlatdığı mövzuya baxır. Çox hallarda həmin hadisəni və ya kitabı danışmaq üçün öncə onu yazıram, yəqin buna esse deyəcəksən. Yazıram ki, danışa bilim. Sonra əgər danışıb qurtara bilmirəmsə, deməli, yazmalıyam. Qeyd dəftərim həmişə çantamdadır. Gün ərzində çox qeyd aparıram. Bu, təcrübəsizlikdi bir az da.
– Postmodern ədəbiyyat öz içində bir çox janrları daşıyır. Bunlardan biri də essedir. Bu yerdə qəfil Pol Osterin "Qaranlıqdakı adam” romanını xatırladım. Romanın bir yerdə müəllif obrazların dili ilə bir film haqqında esse formasında danışmağa başlayır.
– Və Borxesin "Ölümsüz” hekayəsi bir yerdən sonra ölüm haqqında esseyə çevrilir. Bu ondan irəli gəlir ki, absurd ədəbiyyatın yaranmağından sonra reallıq sənətkara kifayət etməməyə başladı. Və sən yeni bir cəmiyyət, yeni bir atmosfer yaratmaq istədin. Ancaq bu qəti romantika deyil. Romantik düşünən insan vəziyyəti yaxşılaşdırmağa çalışır, absurd düşünən insan isə bütün yolları pozur və başqa bir yol açır.
– "Napoleon müharibələri” Avropaya sənət müstəvisində necə təsir eləmişdisə, ikinci dünya müharibəsi də eynilə. Bu müharibə dünyada postmodern ədəbiyyatın, milli ədəbiyyatda isə altmışıncılar nəslinin yetişməyinə gətirib çıxardı. Bəs niyə Qarabağdan sonra eyni hadisə baş vermədi?
– Çünki, Qarabağ müharibəsindən sonra insanların qayğıları arasında kitab yox idi. İnsanlar müharibədən xilas olmağa çalışırdılar, bir tərəfdən qaçqın-köçkün problemi. Və digər şeylər ədəbiyyatı unutdurdu. Bir dəfə Saday Budaqlıya sual verdim ki, siz niyə tanınmadınız, o bu cavabı verdi: "Çünki, mənim yaradıcılığım Qarabağ müharibəsi dövrünə düşdü”.
– Ancaq Saday Budaqlının əsərləri bu gün bizə təsir edir…
– Əgər sənət reallığı simvollar şəklində gələcəyə ötürə bilirsə, bu, onsuz da nə zamansa kiməsə təsir edəcək.
– Sən Saday Budaqlının mətnlərindən dövrü bir hadisə kimi bəhs etdin. Məncə, alınan mətn istənilən zaman çərçivəsində uğurludur.
– Bəlkə, alınmayıb…
– Emin Sabitoğlu, Vaqif Mustafazadə və sair bəstəkarlar haqqında esselərin var. Musiqinin sənin yaradıcı mətbəxində yeri haradadır?
– Vaqif Mustafazadə haqqında düşünəndə azərbaycanlı olduğum üçün qürur duyuram. Onun ağır tonajlı musiqiləri, başını pianinonun dillərinə yaxınlaşdırıb qollarını "yarasa kimi” açmağı mənə yaradıcı ilham verir, yazmağa təşviq edir. Lirik musiqinin yeri mənim üçün xüsusisi olsa da, daha çox rok dinləyirəm. Rokdan izaholunmaz bir enerji alıram. Bəzən dinlədiyim musiqilər oxuduğum müəlliflərə görə dəyişir. Tutaq ki, Foer oxuyanda Eminemə qulaq asıram və əminəm ki, Foer də o mətnləri yazarkən Eminemi dinləyib. Ümumiyyətlə, Foyer ona görə yazıçıdır ki, Eminem reperdir. Bu mənada Borxesə qarşılıq Motsartdır. Borxesin yaratdığı naməlum dünyaya keçid eləmək üçün Motsartın bəstələri ən unikal yoldur.
– Snob Doqla "aran necədir”?
– Məncə, Eminem dinləyən adama bu sual verilməməlidir. Tupak xəttindən çox istedadlı reperlər çıxdı. Ümumiyyətlə, Tupakın taleyində ədəbiyyat küləyi hiss olunur. Bu gün o olmasa belə, hər il albomları çıxırdı. Ancaq istənilən halda Eminem mənim üçün daha öndədir və onun yanına heç bir reperi qoya bilmərəm. Hətta Tupakın özünü belə.
– Filmlərə keçid edək...
– Son bir ildir aktiv filmlərə baxıram. Kieslovski, Nuri Bilge Ceylan və Kristofer Nolanı çox sevirəm.
– "Memento”?
– Yox, "Qara Cəngavər”. Bu film həm komkis sahəsində, həm müasir fotoqrafiya, həm də xeyirlə şərin klassik mübarizəsi ilə daha maraqlıdır. Nolanın ən sevdiyim filmi isə "İnterseller”di.
– Adını çəkdiyin rejissorlar ədəbiyyatdan qidalanan rejissorlardır və elə buna görə özünə bu qədər yaxın hiss edirsən.
– Düzdür, Onur Ünlü şeirdən gəlir, Nuri Bilge Çexovun köynəyindən çıxıb, Nolan yəqin oxumur (gülür).

Söhbətləşdi: Orxan Həsəni


banner

Oxşar Xəbərlər