Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibovun pilotu danışacaq

Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibovun pilotu danışacaq

Təfsilat
08 Aprel 2013, 12:03 1236
Keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin pilotu Leonid Markoviç Kravets xidməti dövrünün Dağlıq Qarabağ müharibəsi və Xocalı soyqırımı ərəfəsini əhatə edən 1989-93-cü illərlə bağlı “Dağlıq Qarabağ haqqında xatirələrim” adlı kitab nəşr etdirəcək.

APA-nın xəbərinə görə, kitab Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşəbbüsü ilə ərsəyə gəlir. Artıq kitabda toplanması nəzərdə tutulan xatirələrin qələmə alınmasına başlanıb.

UAK sədri Rövşən Tağıyev APA-ya məlumat verən bildirib ki, kitabda müəllif həmin dövrlərdə şahidi olduğu, indiyədək cəmiyyətə məlum olmayan, yaxud az bəlli olan hərbi və siyasi olaylara yer verəcək.

Ehtiyatda olan zabit, hazırda Ukraynanın tanınmış iş adamlarından olan L.Kravets 1991-ci ilin sonlarında münaqişə bölgəsinə Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti Ayaz Mütəllibovu aparan vertolyotun pilotu olub. Keçmiş pilot Azərbaycan və Ermənistanın o dövrkü siyasi rəhbərliyi ilə yaxın təmasda olub və bununla bağlı maraqlı xatirələri var. O, Xocalı soyqırımının ertəsi günü məlum kadrlarda meyitlərin yığılması zamanı yeganə vertolyotu idarə edərək, o dövrdə bütün siyasi-hərbi çəkişmələrin canlı şahidi olub. Xocalıdan savayı Dağlıq Qarabağ və ətraf rayonlarda müxtəlif aylarda müxtəlif bölgələrdən kütləvi şəkildə qırılmış azərbaycanlıların meyitlərinin daşınmasında iştirak edib.

L.Kravets Dağlıq Qarabağa 1989-cu ildə peşəkar pilot olduğu üçün SSRİ-nin Uzaq Şərq hərbi dairəsindən göndərilib.