• cümə, 29 Mart, 19:53
  • Baku Bakı 14°C

Borcları çox, ödəmə qabiliyyəti aşağı olanlar

25.05.16 12:20 1370
Borcları çox, ödəmə qabiliyyəti aşağı olanlar
Hesablama Palatası tərəfindən aparılan təhlillərə əsasən, dövlət zəmanəti ilə verilmiş və Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşir. APA-nın məlumatına görə, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata dair rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu da son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir. Müəyyən olunub ki, bir sıra hallarda büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan hökumət zəmanətli kreditlər verilir ki, bunun da ödənişi daxili borc üzrə xidmət xərclərində nəzərdə tutulmadığından, hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu planlaşdırılarkən müvafiq vəsaitlərin həmin təşkilatların nizamnamə kapitalının və ya aktivlərinin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulur.
Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən Hesablama Palatası tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 mlrd. 769,78 mln. manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 mln. manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 mln. manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən "Azəraliminium” ASC üzrə (76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu), "Azərenerji” ASC üzrə (əsas borc üzrə 29,9 mln. manat), "Azərbaycan Hava Yolları” QSC (əsas borc üzrə 270,47 mln. manat əsas borc, faiz borcu üzrə 104,15 mln. manat) müşahidə olunub.
Adıçəkilən təşkilatların hesabat ilində vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir ki, bu da qeyd olunan təşkilatların dövlət zəmanətli kreditlər üzrə borcunun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə öz növbəsində dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini artırır.
Vaxtı keçmiş borclarla əlaqədar adları açıqlanan qurumlarla əlaqə saxlayıb məsələ ilə bağlı suallarımızı ünvanladıq. "Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirildi ki, faiz borcları ödənilib, qalan əsas borcdur. Qeyd olunan borcun ödənilməsi istiqamətində təcili tədbirlər görülür. Bu barədə aidiyyatı dövlət qurumlarına məlumat verilib.
"Azərbaycan Hava Yolları” QSC-yə ünvanladığımız suallara iş günü ərzində cavab ala bilmədik.
"Azəralüminium” ASC Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olduğu üçün komitənin mətbuat xidməti ilə əlaqə saxladıq. Bizimlə əlaqə saxlanılacağı bildirilsə də, iş gününün sonuna qədər etdiyimiz bütün zənglər cavabsız qaldı.
İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, borc alan dövlət qurumlarının dövlət zəmanəti ilə alınmış borclara münasibəti birmənalı deyil: "Dəfələrlə biz bu məsələni gündəmə gətirməyə çalışmışıq. Əksər hallarda monitorinqlər göstərirdi ki, dövlət qurumları həmin vəsaitlərin xərclənməsinə ciddi yanaşmırlar. Bəzi hallarda həmin vəsaitlərin təyinatından yayındırılması, xərclərin şişirdilməsi müşahidə olunurdu, alınan borclardan səmərəli istifadə edilməməsi halları var idi. Bunun da nəticəsində alınan borcu geri qaytara bilmirlər. Hətta bəzi hallarda borcu geri qaytara bilməyən bir sıra dövlət qurumlarının borca müraciət edib yenidən borclanması halları da var”.
İqtisadçı deyir ki, borcların qaytarılmamasının əsas səbəbi məhz həmin borcların bir sıra dövlət qurumlarında səmərəli istifadə edilməməsi ilə bağlı olsa da, manatın kursunun düşməsi də həmin borcların manat ifadəsində dəyərini artırıb: "Daxili borclanma ilə bağlı hər hansı problem yoxdur, çünki manatladır. Amma dövlət qurumlarının bir qismi xarici borc alırlar. Xarici valyuta ilə olan borcların manatla ifadədə həcmi artıb. Amma devalvasiyanın həmin borcların geri qaytarılmamasında əsas səbəb olduğunu düşünmürəm”.
V.Bayramovun sözlərinə görə, indiki məqamda sözügedən qurumların kifayət qədər böyük borcları var. İqtisadçı həmin qurumların sağlamlaşdırılması olmadan sözügedən borcların geri qaytarılmasının mümkün olmadığını deyir: "Borcları çox, ödəmə qabiliyyətləri aşağı düşdüyü üçün hətta dövlət zəmanətinə alınmış borcları belə qaytarmaqda çətinlik çəkirlər”.
İqtisadçı bildirdi ki, problemin həll edilməsi və gələcəkdə bu tipli halların yaşanmaması üçün həmin qurumların sağlamlaşdırılmasına ciddi ehtiyac var. Sağlamlaşdırma isə həmin qurumların idarəetməyə verilməsi, ya da özəlləşdirilməsi formasında olmalıdır: "Bütün hallarda həmin qurumlara xarici investisiya cəlb edilməsinə ehtiyac var. Xarici investisiyanın cəlb edilməsi isə mülkiyyət formasının dəyişməsi, idarəetməyə verməklə mümkün olacaq. AZAL-ın səhmlərinin hamısının dövlətə qalmasına ehtiyac yoxdur. AZAL-ın özəlləşdirilməsinə, səhmlərinin ən azı 49 faizinin satılmasına ehtiyac var. Kommunal xidmət göstərən, kifayət qədər borcu olan qurumların sağlamlaşdırılması, idarəetməyə verilməsi, bəzilərinin özəlləşdirilməsi olduqca vacibdir”.
V.Bayramov qeyd etdi ki, əslində bu cür məqamlarda qarşılıqlı borcların silinməsi təcrübəsi var. Amma dövlət tərəfindən borcların silinməsi həmin qurumlarda arxayınlıq yaradır: "Bu, alınan borcların istifadəsində səmərəliliyi azaldır. Qurumlar düşünəcəklər ki, borc yaransa belə, dövlət gələcəkdə onu bağışlayacaq. Ona görə bu qurumlar üçün borcların silinməsini arzuolunan variant hesab etmirəm. Borcun ödənilməsi üçün müəyyən müddət verilməsi mümkündür. Sağlamlaşdırılma aparılsın və sonra borcun geri qaytarılması təmin edilsin. Amma bütün hallarda dövlət çalışmalıdır ki, sözügedən borcların geri alınmasını təmin edə bilsin”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər