• cümə, 26 Aprel, 06:35
  • Baku Bakı 12°C

“Borçalı” Cəmiyyəti ilə “Qeyrət” Xalq Hərəkatı səylərini birləşdirir

05.02.15 08:39 1623
“Borçalı” Cəmiyyəti ilə “Qeyrət”  Xalq Hərəkatı səylərini birləşdirir
“Borçalı” İctimai Cəmiyyətinin ofisində Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərovun qəbulu keçirilib. Cəmiyyətin sədri Zəlimxan Məmmədli qonağı salamlayaraq, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Ə.Əskərov da görüş iştirakçılarını “Qeyrət” Xalq Hərakatının fəaliyyəti, Gürcüstanda yaranmış ictimai-siyasi vəziyyət, soydaşlarımızın problemləri haqqında ətraflı məlumat verib. O, son zamanlar Gürcüstan siyasi hakimiyyətinin Z.Məmmədli və Salman Murğuzova qarşı aqressiv münasibətinə və hər iki şəxsin öz ata yurdlarına girişinə yasaq qoyulması probleminə də toxunub: “Biz heç zaman “Borçalı” Cəmiyyətinin əleyhinə olmadıq, onun fəaliyyətini hər zaman təqdir etdik. Əlaqələrimiz bəzi obyektiv və subyektiv mülahizələr ucbatından yetərincə qurula bilmədi. Hesab edirəm ki, baş verənlər bizi birliyə səsləyir. Bu gün əsassız olaraq Zəlimxan Məmmədlini və Salman bəyi ata yurdlarına buraxmayan Gürcüstan siyasi hakimiyyəti sabah başqaları üçün də bu destruktiv xətti davam etdirə bilər. Zəlimxan Məmmədlinin “günahı” odur ki, hər bir Borçalı evində, hər bir Borçalı insanının qəlbində Elat tonqalı qaladı. Onun Gürcüstana buraxılmamasının əsas səbəbi budur. Gürcüstanın bəzi dairələri soydaşlarımızın toplumsallığına, onların icma olaraq ictimai-siyasi həyatda üstün mövqe tutmalarına qısqanclıqla yanaşırlar. Biz Gürcüstanı bu hadisəyə və yanaşmaya görə qınayırıq. Azərbaycan tərəfi öz vətəndaşının hüquqlarının təmini üçün daha cəsarətli olmalıdır. Gürcüstanın bu qərarı bölgədə barış və sülh üçün çox təhlükəlidir. Biz bunu durdurmalı, bu ədalətsiz qərarın ləğv edilməsini təmin etməliyik. Bəyan edirəm ki, Gürcüstanın bu aqressiv münasibəti yalnız bu iki nəfərə aid deyil. Bu hərəkət bütün borçalılara qarşı yönəlmiş destruktiv mövqedir. Biz hər zaman Zəlimxan Məmmədlinin, “Borçalı” Cəmiyyətinin yanında olacağıq. Mən həm də eloğlularımızın mütləq əksəriyyətinin mövqeyini ifadə edirəm. Bu prosesdə sona qədər sizinlə varıq və bizə güvənə bilərsiniz”.
Gürcüstanın ədəbi ictimaiyyətində kifayət qədər tanınan Mirzə Maşov görüşdən məmnun olduğunu bildirməklə, “Borçalı” Cəmiyyətinin doğru xəttinə dəstək ifadə edib.
Şair-publisist, tərcüməçi Qiya Paçxataşvili isə bu görüşdən məmnun olduğunu bildirməklə yanaşı, iki təşkilat arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmasını təklif edib.
Şair Mədət Coşqun iki təşkilatın fəaliyyətini birləşdirməsini nəzərdə tutaraq, bu gün tarix yazıldığını, Borçalının iki böyük oğlunun əl-ələ verdiyini, bir olmağı, diri olmağı bəyan etdiklərini diqqətə çatdırıb.
Tədbirdə Firudin İsmayılov, Səadət Buta, Qiymət Məhərrəmli, Əhməd Məmmədli, Hüseyn Yadigarov, Salman Murğuzov və başqaları da çıxış edərək, bu görüşdən məmnun olduqlarını vurğulayıblar.
Sonda Z.Məmmədli toplantıya yekun vuraraq, bu günü tarixi gün kimi qələmə verib. Deyib ki, hər iki təşkilat rəhbəri elin, millətin birlik və bərabərliyi üçün üzərlərinə düşənləri etməyə məhkumdurlar: “Bu tədbir vasitəsi ilə üzümü Gürcüstan tərəfə tutaraq bəyan edirəm ki, bizi inzibati qaydada ölkənizə, yurdumuza buraxmaya bilərsiniz, amma yolumuzu kəsə bilməzsiniz”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər