• cümə, 19 Aprel, 04:35
  • Baku Bakı 18°C

Bonuslar plastik kartlardan istifadəni genişləndirəcəkmi?

06.09.13 13:05 1523
Bonuslar plastik kartlardan istifadəni genişləndirəcəkmi?
“Kartla nağdsız ödənişə üstünlük verməliyik” fikirləri bizdə çoxdan səslənsə də, nağdsız hesablaşmalar, plastik kartlardan istifadənin genişlənməsi günün tələbi olsa da, bir çox vətəndaşlar plastik kartlarla alış-veriş etmək istəyərkən müəyyən problemlərlə üzləşməkdə davam edirlər. Paytaxtın özündə belə, heç də bütün satış və xidmət məntəqələrində nağdsız hesablaşmalardan, plastik kartlardan istifadə etmək həmişə mümkün deyil.
Məsələn, Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Çinarə” marketdə satıcının əlinin altında POS-terminal gözə dəysə də, demək olar ki, ilin 9 ayı ərzində işləmir. Əgər alıcının pul kisəsində nağd pulu yoxdursa, demək, həmin mağazada aldığı ərzaqları geri qaytarmaq məcburiyyətində qalacaq. “POS terminal var, amma sistem işləmir”- deməklə satıcı müştəridən yalnız nağd pul tələb edir.
Elə həmin metrostansiyanın digər istiqamətində yerləşən “Green market”də də vəziyyət oxşardır. Fərq təkcə ondadır ki, bu marketdə heç olmasa, müştəridən nağdsız ödənişi qəbul edən bircə nəfər tapılır. Kartın hansı banka aid olduğunu öyrənən alıcı əməliyyatı yerinə yetirmək üçün vəzifəli işçilərdən birini səsləyir və onun gəldiyi vaxta qədər digər müştərilər tələssələr belə, gözləməyə məcburdurlar. Ta o vaxta qədər ki, POS-terminala cavabdeh işçi təşrif buyurub əməliyyatı həyata keçirəcək. Satıcı qız isə yubanmanın səbəbini “əməliyyatı həyata keçirməyə bizə icazə vermirlər” deyə izah edir. İstehlakçı POS-terminal tələb etməli olduğu təqdirdə, onun bu hüququnun təmin edilməməsi və ya ona işləməyən POS-terminalın təqdim olunması birbaşa istehlakçının hüququnu pozsa da, bunu fərqinə alan tapılmır. Qanunvericilikdə alış-veriş mərkəzlərində POS-terminallar olmadıqda cərimələrin tətbiqi və yaxud hər hansı cəza tədbirinin görülməsinin qeyd olunmaması da bu cür hadisələrin təkrar-təkrar baş verməsinə yol açır.
Heç şübhəsiz, bu cür vəziyyətlə qarşılaşanda “alıcılar plastik kartla ödəniş etmək istəmirlər” fikrinin populyarlığı ilə yanaşı, ticarət müəssisələrində POS-terminallar və digər lazımi avadanlıqlarla davranmağın hələ təkmilləşməməsi ilə bağlı nüanslar da ortaya çıxır. İqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, əhalinin kütləvi surətdə “plastik”dən istifadəsi üçün maariflənməyə ehtiyac var. Belə ki, POS-terminallardan istifadə üçün təlimlər keçirilməlidir: “Bəzi marketlər var ki avadanlıqlar var, amma onlardan istifadə etməyi bacaran işçilər azdır. Birmənalı şəkildə, obyektlərin işçilərinə həmin təlimlərin keçirilməsi lazımdır. İşçilərin biliyi az olduğu üçün bəzən plastik kartdan çox və ya iki dəfə pul çıxarırlar. Bu sahədə təlimlərin keçirilməsi vacibdir”.
Qeyd edək ki, ümumilikdə Vergilər Nazirliyinin (VN) həyata keçirdiyi tədbirlər nəticəsində ölkə üzrə hazırda aktiv vəziyyətdə olan 32 minə yaxın POS-terminal quraşdırılıb ki, bunun 27 faizindən çoxu paytaxt Bakının payına düşür. Ticarət obyektləri üzrə quraşdırılan terminalların sayı dəqiq məlum olmasa da, alıcıların narazılıqları bu rəqəmin kifayət etmədiyi anlamına gəlir. Üstəlik, bu avadanlıqların xeyli hissəsinin fəaliyyəti demək olar ki, yarıtmaz vəziyyətdədir. Düzdür, VN tərəfindən nağdsız ödənişlərin kütləvi hal alması üçün daim kompleks tədbirlər həyata keçirilir. Hətta ötən ilin yanvar ayından etibarən nazirliyin nəzdində “POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi”nə nəzarətlə bağlı xüsusi Qərargah fəaliyyət göstərir. Amma bütün nağdsız ödəniş aparatlarının işlək vəziyyətdə olması və onlardan praktiki olaraq istifadə edilməsi məsələsində nöqsanlar qalmaqdadır.
Bonuslar?

Plastik kartların geniş tətbiqindəki problemlər vətəndaşların ondan istifadə həvəsini də azaldır. Hətta bəzi bankların iri supermarketlərdə nağdsız ödənişlər edən öz müştəriləri üçün müxtəlif bonuslar təqdim etməsinə baxmayaraq, problem həllini tapmayıb.
Vergilər Nazirliyi isə nağdsız ödənişləri daha da aktuallaşdırmaq üçün həyata keçirdiyi tədbirlərin istiqamətlərini genişləndirməkdə davam edir. Belə ki, ölkə başçısının fərmanı ilə VN-ə ölkə iqtisadiyyatında şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketinin hazırlanması ilə bağlı tapşırıq verilib. Tapşırığın icrası məqsədilə nazirlik tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla və ölkədəki iqtisadi vəziyyət nəzərə alınmaqla geniş təkliflər paketi hazırlanıb və baxılması üçün hökumətə təqdim edilib.
Təkliflər paketində sahibkarlıq subyektləri və vətəndaşlar üçün müəyyən güzəştlər də yer alıb. Vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun açıqlamasına görə, buraya bonuslarla yanaşı, digər stimullaşdırıcı təkliflər də daxildir: “Nağdsız həyata keçirilən əməliyyatların bir qisminin vergilərdən azad olunması, nağdsız əməliyyat aparan vergi ödəyicilərinə əlavə bonusların verilməsi, hətta vətəndaşlara əlavə bonusların hesablanması və verilməsi kimi əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulur”. Təkliflər paketində stimullaşdırıcı tədbirlərlə yanaşı, məhdudlaşdırıcı addımlar da qeyd olunub. Belə ki, bir sıra hallarda ödənişin yalnız nağdsız formada aparılması məcburi ola bilər: “Daşınmaz əmlakın, bir sıra bahalı əşyaların, avtomobillərin və digər bu qisim malların nağdsız alqı-satqısı sənəddə yer alıb”. Qeyd edək ki, təkliflər paketinə hökumət ilin sonuna qədər baxacaq, daha sonra ölkə rəhbəri münasibət bildirəcək və sonda Milli Məclis öz qərarını verəcək.
Ümid...

Vergilər Nazirliyinin Baş hüquq idarəsinin rəis müavini Zeynalabdin Məmmədzadənin sözlərinə görə, hazırlanmış təkliflər paketində ölkə iqtisadiyyatında şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədini daşıyan bir çox müddəalar nəzərdə tutulur. Belə ki, bunlar təkcə nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı deyil, həmçinin nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı olan təkliflərdir: “Stimullaşdırma vergi ödəyicilərinə münasibətdə müəyyən vergi güzəştləri və azadolmaların tətbiq edilməsi, vətəndaşlara, yəni istehlakçılara bonusların verilməsini də nəzərdə tutur”.
VN rəsmiləri hesab edirlər ki, təkliflər hökumət və Milli Məclis tərəfindən qəbul olunarsa, bu, nağdsız ödənişlərin genişləndirilməsi sahəsində böyük bir addım olacaq. Ən əsası, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflərdə alış-veriş mərkəzlərində POS-terminalların olmamasına görə cərimələrin tətbiqi nəzərdə tutulur. Yəni sənədin qəbulundan sonra ümid etmək olar ki, istehlakçılar daha kassaların qarşısında “bizdə sistem işləmir” və ya “əməliyyat üçün bizə icazə verilmir” sözlərini eşitməyəcəklər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər