• cümə axşamı, 25 aprel, 11:53
  • Baku Bakı 14°C

Boks yığmamız Avropa Oyunlarına hazırlığa başladı

15.04.15 09:16 1399
Boks yığmamız Avropa Oyunlarına hazırlığa başladı
"Bu il yarışda iştirak edəcək boksçularımız kifayət qədər təcrübəli və tanınmış idmançılardır. Dünya çempionları Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidov, Avropa çempionları Salman Əlizadə və Elvin İsayev, Avropa mükafatçısı Teymur Məmmədov və digər idmançılarımız dünyada və Avropada kifayət qədər tanınan idmançılardır".
Bunu boks üzrə Azərbaycan millisinin məşqçisi Nəriman Abdullayev deyir. Bu siyahını bir qədər də biz artıraq: Elvin Məmişzadə, Məsud Yusifzadə, Tayfur Əliyev, Tamerlan Abdullayev, Xaybulla Musalov, Kamran Şahsuvarlı, Rauf Rəhimov.
Adları sadalanan bu idmançılar Bakı 2015 Birinci Avropa Oyunlarında Boks üzrə Azərbaycan yığma komandasında ölkəmizi təmsil edəcək idmançılardır. Artıq yarışlarda iştirak edəcək komandalarımız və idmançılarımız son hazırlıqlarını görür.
İki aydan sonra Bakıda keçiriləcək I Avropa Oyunlarında boks üzrə Azərbaycan yığma komandası 10 idmançı ilə təmsil olunacaq. 49 kq-dan başlayaraq 91 kq-a kimi olan çəkidə yarışacaq boksçularımız artıq ciddi məşqlərə başlayıb.
Boks idman növü hələ beş min il bundan əvvəl Misir və Babilistanda mövcud olan yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri Qədim Yunanıstanda da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boks Antik Olimpiya Oyunlarının proqramına daxil edilmişdi.
Azərbaycan Boks Federasiyası isə 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib.
1999-cu ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında Avropa çempionatı baş tutdu. Həmin yarışda boksçularımız qitənin əksər güclü komandalarını qabaqlayaraq, Rusiyadan sonra 2-ci yeri tutdular.
Olimpiya oyunlarında isə boksçularımızın ilk uğuru 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasına təsadüf edir. Planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində mübarizə aparmış Vüqar Ələkbərov bürünc medala layiq görüldü.
Boks üzrə yığma komandamızı hazırda 4 məşqçi çalışdırır ki, onlardan da ikisi Kubadan gələn əcnəbi məşqçilərdir. Boksçularımızı yarışa hazırlayan digər iki məşqçi isə yerli məşqçilərdir. İdmançılarımızla hər gün yorulmadan məşqlər keçən məşqçi Nəriman Abdullayev deyir ki, hazırda idmançılarımız təlim-məşq toplantısındadır və federasiya da Avropa Oyunlarına ciddi hazırlaşır: "Bu il ilk dəfə keçiriləcək Avropa Oyunları ölkəmizdə olduğundan, bizim üzərimizə beşqat artıq məsuliyyət düşür. İdmançılarımız bu yarışa əvvəlki yarışlardan da ciddi yanaşır. İnşallah, bizim bu yarışda medallarımız olacaq. Biz İtaliyada təlim-məşq toplantısı keçirdik. Orada məşqlər gərgin keçdi və bu məşqlərin idmançılarımıza psixoloji baxımdan böyük köməyi oldu. Hətta bura gələn komandalardan tanınmış boksçular bizim idmançılarla görüşdü. Qeyd edim ki, bütün bu məşqlərin keçirilməsi idmançılarımızın Avropa Oyunlarına hazırlığına müsbət təsir göstərir".
Nəriman Abdullayev deyir ki, Bakı 2015 Birinci Avropa Oyunlarına hazırlıq mərhələsinin bir hissəsi olan Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri 15-19 aprel tarixlərində paytaxtda keçiriləcək. Turnirdə qadın və kişilər arasında yarışlarda 14 komandadan 90 boksçunun iştirakı gözlənilir.
Boks üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov hesab edir ki, boks idmanın ən çətin növüdür və bu yarışda uğur qazanmaq üçün çox çalışmaq lazımdır: "Kubadan olan yeni məşqçimiz bizə fərqli bir proyektlə məşqlər keçir. İnanırıq ki, bizim medallarımız olacaq və bayrağımız yüksəklərə qalxacaq".
Boks üzrə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov da İlk Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını deyir: "Nəzərə alsaq ki, bu yarışlara ev sahibliyi edirik, bunun məsuliyyəti beşqat artıqdır. Düşünürəm ki, Bakıda keçiriləcək I Avropa Oyunları Dünya və Avropa çempionatları qədər ciddi yarışdır. Mən Bakı 2015-i indidən dünyanın ən böyük idman tədbirlərindən biri kimi dəyərləndirirəm".
Göründüyü kimi, dəri əlcək ustalarımız İlk Avropa Oyunlarında birincilik uğrunda mübarizəyə ciddi hazırlaşırlar. Onların yalnız bir məqsədi var: I Avropa Oyunlarında üçrəngli bayrağımızı qaldırmaq və himnimizi səsləndirib tarixə adlarını yazmaq.
Boksçu Teymur Məmmədovun iki arzusu var: "Birinci Avropa Oyunlarında qalib olmaq və 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında bayrağımızı qaldırmaq".
Boksçu Salman Əlizadə isə yalnız qızıl medal uğrunda mübarizə aparacaqlarını vurğulayır.
Qeyd edək ki, boks yarışları 296 atletin mübarizəsi şəraitində 12 gün ərzində davam edəcək. Yekunda 15 dəst medal öz sahibini tapacaq. Yarışlar 3400 nəfərlik tutumu olan Bakı Kristal Zalında keçiriləcək.
banner

Oxşar Xəbərlər