AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

Cəmiyyət
10 İyul 2020, 15:53 315
Sərt karantin rejimin tətbiq edilməsi çərçivəsində metronun fəaliyyətinin dayandırılması ilə avtobuslara olan tələbat artıb.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə bu da təbiidir, çünki metrodan əlavə fəaliyyətdə olan tək ictimai nəqliyyat növü avtobuslardır: "Bunu nəzərə alaraq müntəzəm xətlərlə yanaşı sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün 7 ekspres marşrut xəttlərin fəaliyyəti bərpa edilib. Bununla yanaşı sərnişin tələbatını qarşılamaq üçün avtobusların sayı da artırılıb. Əgər iyulun 3-dək gündəlik xəttə 153 marşrut xətti üzrə 1650 avtobus çıxırdısa hazırda ümumilikdə xəttə 1850-dən artıq avtobus çıxır. Hər gün səhər və axşam zərurət olan istiqamətlərdə eskpres xətlərə əlavə avtobuslar cəlb edilir. Hər gün ekspres xətlər üzrə 70-dən artıq avtobus ehtiyyat olaraq cəlb edilir. Bir avtobusun bir xətdən digərinə keçməsi əslində çox çətin bir prosesdir. Ən əsası sürücüyə marşrut xətti təlimatlandırılmalıdır. Lakin indiki halda belə bir zaman baxımından rahatlığımız yoxdur. Hər şey çevik olmalıdır. Həmçinin təhlükəsiz formada icra olunmalıdır. Bu gün aprel-may aylarına da nəzər yetirsəniz sərnişindaşımalarında hər hansı bir ciddi qəza halı qeydə alınmayıb. Həyata keçirilən əksepidemik tədbirlər sayəsində bu gün ictimai nəqliyyatın işinin təşkilində zəhməti keçənlər arasında ciddi yoluxma halı yoxdur. Bütün bunlar düzgün idarə etmənin düzgün yanaşmanın nəticəsidir. Bəli bu gün səhər və axşam saatlarında sərnişin artımı müşahidə olunur. Gündəlik qeydə alınan rəqəmlər də hər ötən gün sərnişin səfər sayının orta hesabla 5-6% artıdığını göstərir".

Mais Ağayev bildirib ki, bu gün həm ekspres, həm müntəzəm xəttlər üzrə qeydə alınan sərnişin səfər sayı 940 mindən artıqdır: "Qeyd etdiyim kimi bu rəqəm hər ötən gün də artır. Metronun fəaliyyət göstərdiyi müddətdə yəni iyul ayının 3-dək avtobuslarla gündəlik sərnişin səfər sayı isə 824 mindən artıq olub. Həmçinin, ekspres xətlər üzrə avtobusların iş qrafiki də məhz sərnişin tələbatının qarşılanması məqsədi ilə dəyişdirildi. Yeni qrafikə əsasən ekspres xətlər üzrə avtobuslar 06:30-21:00 rejimində çalışır. Yəni ümumilikdə gündəlik xəttə çıxan avtobus sayı, avtobusların iş qrafiki, intervalının tənzimlənməsi baxımından bütün zəruri addımlar atılır. Bu gün sıxlığın olmaması üçün sərnişinlərimiz tərəfindən də müəyyən addımlar atılmalıdır. İlk olaraq dayanacaqlarda sosial məsafə gözlənilməlidir. Avtobusda sıxlıq varsa növbəti avtobusu gözləmək lazımdır".