• cümə axşamı, 28 mart, 19:40
  • Baku Bakı 13°C

BMT-nin Qarabağla bağlı qətnamələri icra olunmalıdır

23.07.20 17:05 981
BMT-nin Qarabağla bağlı qətnamələri icra olunmalıdır
Ekspertlərin fikrincə, Təhlükəsizlik Şurasının üzvləri münaqişənin alovlanmasını istəmirlərsə, qətnamələrin yerinə yetirilməsi üçün əllərindən gələni etməlidirlər

Tovuz hadisələrindən sonra Azərbaycan Qarabağ danışıqlarının əvvəlki formatda davam etdirilməsinin mümkün olmayacağı barədə bəyanatla çıxış edib. Artıq ölkəmizin beynəlxalq təşkilatlardan da müəyyən dəstək alması müşahidə edilir.
BMT Baş katibi Antonio Quterreşlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı danışıqların mövzusu da mövcud status-kvonun uzun müddət davam etməsinin mümkünsüzlüyü ilə bağlı olub. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı qətnamələri var. BMT Baş katibinin bu mövqeyi rəhbəri olduğu təşkilatın qəbul etdiyi qətnamələrin icrasını tələb etməsi anlamına gəlir.
BMT Baş katibinin bu açıqlaması qətnamələrin icrası ilə bağlı prosesə hansısa təkan vermiş olacaqmı?
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib ki, Ermənistanın Tovuz rayonu istiqamətində son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək cəhdləri beynəlxalq səviyyədə pislənib, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar məsələyə çevik reaksiya verərək, Ermənistanın təcavüzkar əməllərinin regionda sülhə və təhlükəsizliyə ciddi maneə olduğunu bəyan ediblər: "Həmçinin beynəlxalq təşkilatlar tərəfindən dünya ictimaiyyətinin COVID-19-la mübarizə apardığı bir zamanda Ermənistanın öz işğalçılıq siyasəti ilə sülh üçün beynəlxalq çağırışlara məhəl qoymadığına da konkret münasibət bildirilib. Bütün bunlar dünya birliyi tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi və müasir dünyanın sülhsevər Azərbaycanın yanında olduğunun əyani təzahürüdür. Lakin bununla belə, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasında zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyini vurğulayır. BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir neçə günə yerinə yetirir. Azərbaycana gəldikdə isə, qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalmaqda davam edir. Buna görə də əsas məsuliyyət dünyada sülhün və təhlükəsizliyin yeganə təminatçısı olan BMT Təhlükəsizlik Şurasının üzərinə düşür.
Dövlətimizin başçısı BMT-nin Baş katibi ilə telefon danışığında münaqişənin həlli ilə bağlı danışıqların davam etdirilməsi fikrinə münasibət bildirərək, Azərbaycanın həmişə konstruktiv mövqedə olduğunu, lakin Ermənistan baş nazirinin "Dağlıq Qarabağ Ermənistandır” bəyanatının və digər tərəfdən "Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsinin danışıqlar prosesini ciddi şəkildə təhlükə altına saldığını xatırladıb”.
M.Əfəndiyev qeyd edib ki, Ermənistanın bu vaxta qədər münaqişənin ədalətli həlli istiqamətində qəbul olunan qərar və qətnamələri icra etməməsi və buna görə cəzalandırılmaması BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların məsələyə yanaşmasında ikili standartların olmasına dəlalət edir: "Bu yanaşma qəbuledilməzdir. Münaqişənin fundamental həllini tələb edən əsas şərtlərdən biri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə son qoyulmasıdır. Təcavüz aktına son qoymaqla yanaşı, BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinin yerinə yetirilməsi təmin olunmalıdır. Hesab edirəm ki, BMT-də ən mühüm islahatlardan biri – Təhlükəsizik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Bu baxımdan Azərbaycanın münaqişənin həlli istiqamətində ədalətli mövqeyini təmin etmək üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tam və qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin məlum dörd qətnaməsinin icrası ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən BMT-nin Baş katibinə müraciət ünvanlanması zəruridir”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, BMT-nin Baş katibinin Prezident İlham Əliyevə telefonla zəng etməsi önəmli bir amildir və bunu müsbət qarşılamaq lazımdır: "Bu zəng həm də Azərbaycanın dövlət başçısının BMT rəhbərinə müəyyən fikirlərini çatdırmasına şərait yaratdı. Prezident İlham Əliyev qeyd edib ki, Tovuz istiqamətində baş verən toqquşmalar məhz Ermənistanın təxribatının nəticəsidir. Bu təxribatlar tək iyul ayında baş vermir və uzun illərdir ki, Ermənistanın bu təxribatları davam edir. Dövlət başçısı bununla bağlı konkret faktlar, misallar gətirib. Digər tərəfdən Ermənistan Azərbaycan torpaqlarını işğal edib və uzun illərdir ki, azad etmək istəmir. Prezident İlham Əliyev BMT baş katibinin diqqətinə onu da çatdırıb ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilsəydi, Ermənistan öz yerini bilərdi. Amma təəssüflər olsun ki, qəbul edilən qətnamələrin icra mexanizmi və buna görə də indiyədək torpaqlarımız işğal altındadır”.
Politoloqun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra dəfələrlə deyib ki, danışıqlarda Dağlıq Qarabağdakı separatçılar da iştirak etməlidir: "Əlbəttə ki, bu, cəfəngiyatdır və biz heç vaxt separatçılarla danışıqlar aparmayacağıq. Çünki Azərbaycan belə bir öhdəlik götürməyib və orada "Dağlıq Qarabağ xalqı” yoxdur, sadəcə olaraq iki icma var, azərbaycanlılar və ermənilər.
Digər tərəfdən, həm Prezident İlham Əliyev, həm də BMT Baş katibi Antonio Quterreş xüsusilə vurğuladılar ki, status-kvo dəyişilməlidir və bu, uzun illər ərzində davam etməməlidir. Məhz status-kvonun dəyişilməməsi belə qanlı toqquşmalara gətirib çıxarır. Bax budur, Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində qan tökülməsinin əsas səbəbi. Dövlət başçısı bu reallıqları yenidən BMT Baş katibinə xatırladaraq çatdırdı”.
F.Sadıxov BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrası məsələsinə toxunaraq vurğuladı ki, bu qətnamələri aparıcı dövlətlər qəbul edir: "Təhlükəsizlik Şurasının 5 daimi üzvünün üçü ATƏT-in Minsk qrupunun həmsədrləridir. Amma onlar sadəcə olaraq passivlik nümayiş etdirirlər, Ermənistanın başını sığallayırlar. Ermənistanı işğalçı kimi qəbul etmirlər və bundan irəli gələrək təzyiq göstərmirlər. Təəssüflər olsun ki, bizi bərabərləşdirirlər. Yenə də bizi masa arxasında əyləşdirmək istəyirlər. Bu da dözülməz bir haldır və ona görə də qətnamələr yerinə yetirilmir. Amma bu qətnamələr qəbul edilibsə, yerinə yetirilməlidir. Sadəcə olaraq dövlətlər başa düşməlidir ki, əgər Cənubi Qafqazda münaqişələrin alovlanmasını istəmirlərsə, qətnamələrin yerinə yetirilməsi üçün əllərindən gələni etməlidirlər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər