• cümə, 19 Aprel, 11:20
  • Baku Bakı 13°C

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ADU-da olub

17.05.17 17:32 981
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ADU-da olub
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) "Səfirdən gələcək səfirə” layihəsi çərçivəsində növbəti qonağı Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai olub.
Tədbirdən öncə qonaqla görüşən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova onu universitetdə görməkdən məmnunluğunu bildirib. O, universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışaraq burada müxtəlif dillərin tədris olunduğunu qeyd edib. Prorektor J.Qəribova ADU-nun dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini və universitetlərarası müəllim-tələbə mübadiləsinin aparıldığını vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Q.İsakzai ADU-da olmaqdan məmnun olduğunu deyib. O, tələbələrlə görüşərək diplomatik sahədə təcrübələrini onlarla bölüşəcəyini qeyd edib.
Daha sonra Q.İsakzainin tələbələrlə görüşü baş tutub. O, tələbələri salamlayaraq universitet rəhbərliyinə təşəkkür edib. "Çoxsahəli diplomatiyada BMT-nin töhfələri” mövzusunda mühazirə oxuyan Q.İsakzai öncə özü haqqında tələbələrə ətraflı məlumat verib. Təhsili, diplomatik fəaliyyəti haqqında danışan Q.İsakzai BMT-nin gördüyü işlər barəsində də danışıb. O, BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədi ilə yaradıldığını bildirib. BMT-nin dövlətlərarası təşkilat olduğunu deyən Q.İsakzai təşkilatın məqsədləri, prinsipləri haqqında da söz açıb.
Bundan başqa uğurlu diplomat olmağın yolları haqqında danışan Q.İsakzai münasibətlərin düzgün qurulmasının vacibliyini vurğulayıb.
Sonra çıxış edən dosent J.Qəribova qonağa dəvəti qəbul edib gəldiyi üçün universitet rəhbərliyi adından təşəkkür edib. O, bu görüşdən tələbələrin faydalı məlumatlar əldə etdiyinə əminliyini ifadə edib.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
banner

Oxşar Xəbərlər