• cümə, 29 Mart, 16:52
  • Baku Bakı 14°C

BMT miqrant uşaqlarının təhsili ilə bağlı Qətərə müraciət edib

25.01.20 19:24 1169
BMT miqrant uşaqlarının təhsili ilə bağlı Qətərə müraciət edib
BMT miqrant uşaqlarının təhsili ilə bağlı Qətərə müraciət edib. Bildirilib ki, bu ölkənin 2,75 milyon nəfərlik əhalisinin 88 faizini təşkil edən və əksəriyyəti 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq işləri üçün yoxsul ölkələrdən gəlmiş əcnəbi işçilərin övladları yüksək təhsil haqqı ucbatından təhsildən məhrum olublar. Belə ki, miqrantların 200 dollar məbləğində olan cüzi maaşı Qətərin yüksək təhsil haqqı tələb edən orta və ali məktəblərində təhsil almağa imkan vermir.
AZƏRTACAl Arabia telekanalına istinadla xəbər verir ki, bu fikirləri Dohada keçirdiyi mətbuat konfransında BMT-nin uşaqların təhsil hüququ üzrə xüsusi məruzəçisi Boli Barri söyləyib. Onun sözlərinə görə, 4 mindən artıq gənc təhsil haqqını ödəyə bilmədiyi üçün universitetə gedə bilmir. Burkina-Fasonun sabiq Təhsil naziri olan xüsusi məruzəçi əlavə edib ki, Qətər hökuməti bu gənclərin təhsil hüququnu bərpa etməlidir. "İnsanlar pulsuz, inklüziv və keyfiyyətli təhsil hüququna malik olmalıdır. Qətər vətəndaşı olmayanların bu hüquqdan məhrum olması bizi çox narahat edir”, -deyə BMT-nin xüsusi məruzəçisi əlavə edib.
Başqa Körfəz ölkələri kimi, Qətər də əhalisinin 12 faizini təşkil edən vətəndaşlarının pulsuz təhsil almalarını təmin edib. Eyni zamanda, futbol üzrə dünya çempionatına hazırlıq prosesində böyük obyektlər inşa edən bu ölkədə miqrant uşaqlarının təhsili üçün yüksək ödəniş tələb edilir. BMT-nin ekspertləri bu məsələ ilə bağlı hesabatı təşkilatın İnsan Hüquqları Şurasına təqdim edəcəklər.

banner

Oxşar Xəbərlər