• çərşənbə, 17 Aprel, 00:12
  • Baku Bakı 14°C

BMT ekspertlərindən Azərbaycana dəstək

18.06.15 19:43 1456
BMT ekspertlərindən Azərbaycana dəstək
BMT İnsan Hüquqları Şurasının müstəqil ekspertləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərinin işğal edildiyi faktını qeyd edib və BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrini yerinə yetirməyə çağırıblar.
Bu barədə APA-ya Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi Nümayəndəliyindən bildirilib.
Məlumata görə, Cenevrə şəhərində, müvafiq olaraq, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyani Azərbaycan Respublikasına etdikləri səfərlərin yekunlarına dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim ediblər.
İşçi Qrupunun hesabatının təqdimatı zamanı Qrupun sədri və məruzəçisi Michael K.Addo səfər dəvətinə və səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü ifadə edib. İşçi Qrupu öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlər əldə edildiyini vurğulayıb. Bununla yanaşı, İşçi Qrupu, Azərbaycanda biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib.
Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.
BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Ç.Bəyani hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, xüsusilə onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini xüsusilə qeyd edib və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.
Xüsusi Məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişənin tezliklə həll edilməli olduğunu qeyd edib və bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb.
Xatırladaq ki, BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Ç.Bəyani 18-24 may 2014, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu isə 18-27 avqust 2014-cü il tarixlərində Azərbaycana səfər ediblər.
banner

Oxşar Xəbərlər