• şənbə, 20 Aprel, 17:01
  • Baku Bakı 23°C

BMT-də “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib

21.10.14 21:20 1418
BMT-də “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov BMT Baş Məclisində “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.
APA-nın məlumatına görə, çıxışında “Bakı-2015” ilk Avropa Oyunları barədə danışan A.Rəhimov deyib ki, 17 gün ərzində davam edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaq. Avropa Oyunlarına hazırlaşmaq üçün iki ildən bir az çox vaxtın qalmasına baxmayaraq, Azərbaycan bu ilk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir.
Nazir “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib. A.Rəhimov deyib: “Orta yaşı 30,1 olan ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40 faizi 24 yaşın altındadır. Biz xalqımızı gözəl idman infrastrukturu ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Təkcə son 10 il ərzində ölkə ərazisində dünya standartlarına cavab verən 50-dən çox idman obyekti inşa etmişik. Vətəndaşlarımız üçün tamamilə ödənişsiz olan bu infrastruktur əhalimizin idman obyektlərindən daha geniş istifadəsini təmin edir".
Sonra Baş Məclisin qərargahında “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azad Rəhimovun BMT-nin 69-cu Baş Məclisinin prezidenti Sam Kutesa ilə görüşündə oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyəti müzakirə olunub.
“Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
banner

Oxşar Xəbərlər