BMT-də 68-ci sessiya başlayır

BMT-də 68-ci sessiya başlayır

Təfsilat
16 Sentyabr 2013, 08:58 864
APA-nın xəbərinə görə, sessiya çərçivəsində ənənəvi ümumi müzakirələr sentyabrın 24-də başlayacaq və oktyabrın 1-nə qədər davam edəcək. Həmin günlərdə Baş Assambleyada 89 dövlət başçısının çıxışı nəzərdə tutulub. 42 ölkənin nümayəndə heyəti hökumət başçısı səviyyəsində, 61 ölkə isə xarici işlər naziri səviyyəsində təmsil olunacaq. BMT-nin Baş Assambleyanın və İqtisadi-Sosial Şuranın işləri üzrə şöbəsinin direktoru İon Botnaru bütün 193 üzv ölkənin çıxış üçün yazıldığını açıqlayıb. O bildirib ki, əsas müzakirə mövzuları 2015-ci ildən sonra inkişaf məsələləri və Suriyadakı vəziyyət olacaq.

Sessiyaya Antiqua-Barbudadan olan Con U. Eş sədrlik edəcək. O, iyunun 14-də 68-ci sessiya üçün sədr seçilib.

Sentyabrın 24-də ümumi debatlarla paralel dayanıqlı inkişaf üzrə yüksək səviyyəli görüş, ayın 25-də isə Minilliyin İnkişaf Məqsədləri çərçivəsindəki nailiyyətlərin icmalına həsr olunan tədbir keçiriləcək. Sentyabrın 26-da Baş Assambleyanın nüvə tərksilahı mövzusuna həsr olunmuş toplantısı planlaşdırılıb. 3-4 oktyabrda isə beynəlxalq miqrasiya məsələsi üzrə dialoq olacaq.