BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb

BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb

Təfsilat
18 Sentyabr 2019, 13:00 82
BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə vurğulanır: "Bu gün dünya yeni təhlükə - bizim təhlükəsizliyimizi, həyatda qalmaq üçün mənbələrimizi təhdid edən iqlim böhranı ilə qarşı-qarşıyadır. Məhz buna görə Beynəlxalq Sülh Günü bu il həmin mövzuya həsr olunub. Məhz bu səbəbdən mən iqlim dəyişməsi ilə mübarizə üzrə Sammit çağırmışam”.
BMT Baş Assambleyasının qərarı ilə hər il sentyabrın 21-də dünya ictimaiyyəti sülh ideyalarını təbliğ etmək məqsədilə Beynəlxalq Sülh Gününü qeyd edir. 2015-ci ildə təşkilata üzv olan 193 ölkənin yekdilliklə qəbul etdiyi 2030-cu ilədək dövrdə dayanıqlı inkişaf hədəflərinin, o cümlədən yoxsulluğun ləğvi, planetin qorunması və ümumi rifahın təmin edilməsinin vacib şərti planetimizdə sülhün və sabitliyin olmasıdır. Son illər qlobal istiləşmə və onun fəsadları isə lokal münaqişələrə və onların regional toqquşmalara çevrilməsinə səbəb olur. Mayda Yeni Zelandiyada gənclərin qarşısında çıxış edən BMT-nin Baş katibi vurğulayıb ki, "təbiətlə danışıqlar mümkün deyil” və hökumətlər planetin gələcəyi naminə qeyd-şərtsiz dörd əsas tədbiri – çirklənmə mənbələrinə əlavə vergi tətbiqini, qazıntı növlü yanacağa subsidiyalar ayrılmasını, yeni daş-kömür elektrik stansiyalarının tikintisini və "boz” iqtisadiyyatdan "yaşıl”a keçidi həyata keçirməlidirlər.
Sentyabrın 23-də keçiriləcək iqlim Sammiti ərəfəsində Beynəlxalq Sülh Günü münasibətilə BMT-nin mərkəzi strukturlarında sentyabrın 20-də tələbələrin toplantısı keçiriləcək. Gənclər dünyada sülhə veriləcək töhfə və iqlim dəyişmələrinə qarşı mübarizə ilə əlaqədar layihələrini təqdim edəcəklər.
Tələbə Sülh Günü "Sülh zənginin” çalınması və BMT-nin Baş katibi Antonio Quterreşin çıxışı ilə başlayacaq.