BMT baş katibi Cənubi Qafqaz səfərini təxirə salmasının səbəblərini açıqlayıb

BMT baş katibi Cənubi Qafqaz səfərini təxirə salmasının səbəblərini açıqlayıb

Siyasət
23 Aprel 2016, 16:02 1456
BMT baş katibi Pan Gi Mun Cənubi Qafqaz regionuna səfərini təxirə saldığı üçün üzrxahlıq edib.

APA-nın məlumatına görə, baş katib bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident, mən Sizə və Sizin simanızda Azərbaycan xalqına, Azərbaycan Respublikasına, eləcə də Gürcüstana və Ermənistan Respublikasına səfərimi təxirə saldığım üçün səmimi üzrxahlığımı çatdırmaq istəyirəm. Ötən on il ərzində Sivilizasiyalar Alyansı həm xalqlar arasında, həm onların daxilində qarşılıqlı hörmət və tolerantlığın təşviq etdirilməsində mühüm platformaya çevrilmişdir. Sizin şəxsi mövqeyiniz və liderliyiniz sayəsində Alyansın 7-ci Qlobal Forumu öz gələcək kursunu peşəkarlıqla müəyyən edəcəkdir. Mən Sizinlə birgə şəxsən Qlobal Forumda çıxış etməyimi çox səbirsizliklə gözləyirdim və ümid edirəm ki, Sizə videokonfrans vasitəsilə qoşula biləcəyəm.

Səfərim zamanı mən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Birləşmiş Millətlər Təşkilatının Sizə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupuna ən yaxşı dəstək verə biləcəyini Sizinlə və regiondakı digər tərəflərlə müzakirə etməyi planlaşdırırdım.

Ümidvaram ki, Siz indiki xüsusi dövrdə qlobal böhranlar səbəbindən mənim Nyu-Yorkda olmağıma anlaşma ilə yanaşacaqsınız. Əfsuslar olsun ki, bəzən baş verən fövqəladə hallar siyasi lider kimi ən böyük arzularımıza və əvvəlki öhdəliklərimizə müdaxilə edir.

Ümid edirəm ki, səlahiyyətlərim başa çatmazdan əvvəl Azərbaycan Respublikasına səfərimin reallaşması üçün qarşılıqlı surətdə digər münasib vaxtı müəyyən edəcəyik.

Zati-aliləri, mənim üzrxahlığımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".