BMT Baş Assambleyasının 68-ci sessiyası başladı

BMT Baş Assambleyasının 68-ci sessiyası başladı

Təfsilat
18 Sentyabr 2013, 08:39 1076
APA-nın xəbərinə görə, sessiyaya sədrlik edən Con U. Eş keçirdiyi brifinqdə 68-ci sessiyanın prioritetlərindən danışıb. O bildirib ki, BMT yaxın onilliklərdə bəşəriyyətin yeni inkişaf kursunun işlənib hazırlanmasına başlayır. Söhbət 2015-ci ildən sonra dünya inkişaf parametrlərinin müəyyənləşdirilməsindən gedir. Bu məqsədlə təşkilat üç yüksək səviyyəli tədbir və üç tematik diskussiya təşkil etmək niyyətindədir.

Con U. Eş bildirib ki, planlaşdırılan tədbir və toplantılar qadın və gənclərin hüquqları, vətəndaş cəmiyyətinin rolu, insan hüquqları və qanunçuluq, Cənub ölkələrinin əməkdaşlığı və informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsindəki vəzifələrə həsr olunacaq.

Baş Assambleya sədri Təhlükəsizlik Şurasında islahat aparılmasının vacibliyini də vurğulayaraq bu məsələnin artıq 20 ildir bir sədrdən digər sədrə ötürüldüyünü söyləyib.

Baş katib Pan Gi Mun isə jurnalistlərə sessiyanın gündəliyi haqda məlumat verərkən qeyd edib ki, əsas prioritetlər sülhməramlılıq, dəyişikliklər yaşayan ölkələrə dəstək və Əfqanıstan, Misir, Mali kimi ölkələrdə yaranmış vəziyyət olacaq.