Bölgə-bölgə gəzən seriallar
Son zamanlar serial və kino aləmində yeniliklərin baş verməsi
sevindirici məqamdır. Bizi sevindirən ikinci bir məsələ odur ki, serialların
əksəriyyəti Azərbaycanın səfalı bölgələrində çəkilir. Həmin seriallarda rayonlarımızn
gözəlliyi nümayiş etdirilməklə yanaşı, bölgələrdə yaşayan, uzun müddət teatr səhnələrində çalışmalarına
baxmayaraq, simaları hələ də tanınmayan aktyorlar da rol alırlar. Maraqlısı da
orasındadır ki, həmin serialar böyük reytinq toplayır.
Biz də bölgələrimizdə serial çəkən rejissor və aktyorlarla söhbət etdik.
Onlardan bölgələrdə çəkilən serialların gətirdiyi üstünlüklər və yaratdığı
problemlər barədə soruşduq.
"Darvazanın bir tərəfini
günəş vururdu, digər tərəfi isə qar idi”
"Xəzər” telekanalında yayımlanan "Xalxın evi” serialı başladığı
gündən bəri böyük reytinq toplayıb. Xızıda çəkilən serialın baş rejissoru Ramin
Hacıyev bizimlə söhbətində bildirdi ki, tamaşaçılara gülüş dolu dəqiqələr bəxş
etməklə bərabər, eyni zamanda Xızının səfalı təbiətini də nümayiş etdirirlər:
"Artıq iki ildir ki, çəkilişlərimizi Xızıda aparırıq. Burada çəkiliş aparmaq
bizim üçün olduqca rahatdır. Ona görə ki, kameranı həyətdə quraşdıranda təbiət
qoynunda haranı çəkirsən çək, insanın gözünə ancaq gözəllik görünür. Düzdür,
Azərbaycanın bütün bölgələri gözəldir, səfalıdır. Amma biz Xızını şəhərə yaxın
olduğu üçün seçdik. Demirəm ki, çətinliklərimiz olmur. Əlbəttə, komandanı
toplamaq, hər dəfə avadanlıqları özümüzlə bərabər Xızıya gətirmək bir az
çətindir. Ancaq bizə Xızıda çəkmək xoşdur. Davamlı olaraq burada qalmırıq. Bu
ideya mənim idi. Çoxdandır ki, bölgələrimizin birində serial çəkmək istəyirdim.
"Xəzər” telekanalına gələndə ilk fikrim o oldu ki, serialı bölgələrimizin
birində çəkək. Mənim bu istəyim özünü doğrultdu. Belə ki, "Xalxın evi” serialı
tamaşaçıların sevgisini qazandı və yaxşı reytinq gətirdi”. Serialın layihə
rəhbəri olan rejissor bildirdi ki, əsas məqsəd Xızının füsunkar təbiətini
nümayiş etdirmək və komediyanı tək paytaxtda axtarmamaq idi: "Xızının dağları,
təbiəti bizim seriala xüsusi gözəllik verir. Biz serialda özümüzdən bir kənd
adı icad etmişik. Hadisələrin baş verdiyi kəndin adına şərti olaraq
"Aşağıgüdazlı” kəndi deyirik. Məqsəd odur ki, hansısa kəndin adını çəkib, kimsə
incik salmayaq. Ola bilər ki, tamaşaçılar tərəfindən başqa cür qarşılansın. Mən
əvvəl istəyirdim ki, çəkilişləri Göygöldə, Lənkəranda edək. Amma paytaxta yaxın
olduğu üçün serialı Xızıda çəkməyə qərar verdik. Xızı camaatı bizə çox köməklik
edir. Onlar çəkiliş prosesini maraqla qarşılayırlar. Bu özü də bizə pozitiv
əhval-ruhiyyə verir”. Rejissor çəkiliş proseslərində yaranan maraqlı
hadisələrdən də danışdı: "Bizdə bir aydan bir çəkilişlər getdiyi üçün filmin
sonunda ağacın altında yatırlar. Serialın o hissəsini oktyabrın əvvəli,
davamını isə noyabrın sonunda çəkməli olduq. Serilada qəhrəmanlar yaşıl ağacın
altında yatırlar. Səhər gözlərini açıb oyananda ağacda bir yarpaq yox idi.
Lələşin traktorla gəlib darvazanı açdığı səhnə var. Həmin kadrda darvazadan içəri giriş səhnəsini
saxladıq ki, bir aydan sonra gəlib çəkərik. Bir aydan sonra qayıdanda gördük ki, Lələşin darvazadan içəri daxil
olacağı hissə tamamilə qarla örtülüb. Dizə qədər dar var idi. Darvazanın bir
tərəfini günəş vururdu, digər tərəfi isə qar idi”.
"Təbiətdə çəkilən seriallar
tamaşaçıların marağına səbəb olur”
Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru, əməkdar artist
Niftulla Əskərov deyir ki, bölgələrdə çəkilən seriallar həm bölgə
aktyorlarının, həm də həmin regionun tanıdılması baxımından təqdirəlayiq hal
kimi qiymətləndirilməlidir. "Ümumiyyətlə regionda çəkilən bütün seriallar dadlı
və ləzzətli olur. Tamaşaçı bu serialları Bakıda otaqlarda, ofislərdə çəkilmiş
seriallardan daha yaxşı, səmimi və həyatın içindən götürülmüş kimi qəbul edir.
Tamaşaçı evdən çıxmaq, təbiəti görmək istəyir. İzləyicilərimiz bölgələrimizdə
çəkilən seriallarda yaşıllıqları, təbiəti görür və bundan böyük zövq alır. Biz
də onlara məhz bunu göstərməyə çalışırıq. Təbiətdə çəkilən seriallar tamaşaçıların
marağına səbəb olur”. Aktyor bildirdi ki, rejissorların bölgələrdə serial
çəkilişlərini dəstəkləyir: "Rejissorların serialları məhz səfalı bölgələrdə
çəkmək istəklərini dəstəkləyirəm. Aktyorlar xalqın içində olmalıdır. Çünki
onların içində kiçik bir rola çəkilərkən, verdikləri reaksiyanı görürük.
Hazırda çəkildiyim serialda da bizi kənardan insanlar izləyir və onların
reaksiyaları adamda xoş təsir bağışlayır. Həmin səhnələri ekrandan görərkən, tamaşaçılar
böyük həzz alırlar. Artıq tamaşaçı Bakının dar küçələrini, ofislərini görmək
istəmir. Bu, onlar üçün maraqlı deyil. Tamaşaçı həyatı, təbiəti görmək istəyir.
Peşəkar aktyor üçün zamanın və məkanın fərqi yoxdur. Peşəkar üçün bu, elə də
böyük əhəmiyyət kəsb etmir. Əsl peşəkar həbsxanada, dörd divar arasında da
keyfiyyətli iş ərsəyə gətirir. Biz izləyicilərimizin zövqünü oxşamalıyıq.
Tamaşaçılar serialda rol aldığımız səhnələri izləyir və hətta sual verirlər ki,
doğurdan o dağların başı qardır? Bəzən zəng edib təşəkkür edirlər ki, bizim
uşaqlıda gəzdiyimiz o küçəni göstərirdiniz”. Niftulla Əskərov onu da əlavə etdi
ki, bölgələrdə serialların çəkilməsi, eyni zamanda bölgə aktyorlarının
tanınmasında böyük rol oynayır: "Lənkəran Teatrında istedadlı aktyorlar çoxdur.
Tamaşaçılar onları niyə tanımasınlar? Tamaşaçını yormaq olmaz. Tamaşaçı yeni
bir obraz, sima, aktyor görmək istəyir. Bölgələrimizin hamısında istedadlı
aktyorlarımız çoxdur. Bu seriallar həmin aktyorların da tanınmasında böyük rol
oynayır. Hamıya bir gözlə baxmaq lazımdır. Rejissorlar artıq bu xətlə getmək
istəyirlər”.
"Lənkəran-Bakı yolunda
qalmışdım”
Bir neçə il öncə ATV telekanalında nümayişinə başlanılan "Günəşim ol”
serialı da Lənkəranda çəkilirdi.
Serialda tanınmış aktyorlarla bərabər, Lənkəran Teatrının aktyorları da rol
almışdı. Baş qəhrəman Günel Məmmədovabizimlə söhbətində serialların regionlarda çəkilməsini yaxşı hal kimi
qiymətləndirdi: "Əslində çox sevindirici haldır ki, seriallarımız nəinki
paytaxtda, hətta bölgələrdə də çəkilir. Onu da qeyd etmək istədim ki, ilk
olaraq bölgədə serial çəkmək fikrini "Oskar” şirkəti reallaşdırdı. Bildiyiniz
kimi, hətta bölgələrdə də fəaliyyət göstərən aktyorlar bu layihədə rol aldılar.
Bunun özü də təqdirəlayiq haldır. Bizim həqiqətən də çox istedadlı
aktyorlarımız var. Bu tip layihələr onların bölgələrdən kənarda da tanınmasına
şərait yaradır. Amma bu, heç də asan deyildi. Mən şəxsən öz adıma deyə bilərəm
ki, çətin bir layihə idi. Çünki mən serial, filmlərlə yanaşı, teatr
aktrisasıyam. Teatrdakı məşqlərə görə, dem ək olar ki, Lənkəran-Bakı yolunda qalmışdım.
Vaxtımın çoxu yollarda keçirdi. Elə olurdu ki, axşam tamaşasını oynayıb
çıxandan sonra səhər Lənkərana qayıdırdım. Növbəti axşam isə yenidən Bakıda
olmalı idim. Amma çətinliklərə baxmayaraq, o günlər yaddaşıma çox xoş
xatirələrlə həkk olundu. Əgər belə bir təklif yenə olarsa,, məmnuniyyətlə qəbul
edərəm”.
Xəyalə Rəis