Biznesə başlamaq üçün bacarıq, yoxsa pul daha önəmlidir? - Polemika
Texnika və texnologiyanın inkişaf etdiyi hazırki
dövrdə biznes işləri özünün təkmilləşmə dövrünü yaşayır. Xüsusilə də, gənc
dövlət olmasına baxmayaraq, Azərbaycanda biznes sahəsində uğurlu addımlar atılır.
Təbii ki, bu, sevindirici haldır. Amma nəzərdə saxlamaq lazımdır ki, biznesdə
eyni yerdə dayanıb addımlamaq olmaz, başlanılan işi daha da böyütmək, irəliyə
aparmaq lazımdır. Bunun üçün də daim öyrənmək, axtarışda olmaq və özündən əvvəl
bu işlə məşğul olanların işini tədqiq və təhlil etmək vacibdir.
Biznes elə bir sahədir ki, bu işə başladıqdan sonra
onu davam etdirmək üçün dövrün tələb və təklifini bilməlisən. Bu səbəbdən də
cəmiyyətdə baş verən hadisələri yaxından izləyib, analiz etmək gərəkdir. Çünki
daim yenilənən dünyada biznes aləmi də dövrün tələblərinə uyğunlaşmalıdır. Amma
dəyişməyən bir şey var – biznesə necə başlamalı? Çünki əsas olan risk edib
başlamaqdır. Lakin ideyası olsa da, ilk addımı atmaq üçün çəkinənlər də var.
Çünki biznes cəhdləri uğursuzluqla nəticələnənlər az deyil. Buna görə bir qisim
insanlar biznesə başlamaq üçün pulun, digər hissə isə bacarığın olmasını vacib
hesab edir. Bəs gənclərimiz bu haqda nə düşünür? Biznesə başlamaq üçün bacarıq,
yoxsa pul daha önəmlidir?
"Bu inkişafın
başlıca səbəbi bacarıq oldu”
Şəfəq
Mürsəlli - Layihə meneceri
Şəfəq Mürsəlli deyir ki, biznesə başlamaq üçün ən vacib amil
bacarıqdır. Bunsuz olmaz: "Hazırda öz işimi qurmağa hazırlaşıram. İşimin indiki
mərhələsi məni artıq bu işləri böyütməyə
vadar edir. Bu inkişafın başlıca səbəbi isə bacarıq oldu. Əvvəllər ətrafımda
olan bəzi insanlar məni də bu düşüncəyə inandırmağa çalışırdılar ki, maddi güc
olmadan heç bir addım atmaq mümkün deyil. Amma bunu bacaran biri kimi deyə
bilərəm ki, bacarıq, potensial və cəsarət olan yerdə maddi durum elə də böyük
rol oynamır. Bacarıq isə hər kəsdə ola bilər, sadəcə onu kəşf etmək üçün istək,
inam olmalıdır. Bir də hərəkətə keçmək lazımdır,
çünki bir şeyi etmədikcə, onu bacarıb-bacarmayacağımızı bilməyəcəyik”.
Biznesə "bura Azərbaycandır, burda pul olmadan biznes qurmaq
çətindir” kimi yanaşanlar da var. Lakin Şəfəq xanım düşünür ki, əgər bir insan
biznesyönümlü təfəkkürə malik deyilsə, əlində milyonları da olsa, əvvəl-axır işini
batıracaq. Bunun günahı isə qətiyyən Azərbaycan deyil: "Ümumiyyətlə, vətən
deyilən bir anlam bu mövzuda mənfi faktor olmamalıdır, problem cəmiyyətdə və
onun düşüncəsindədir. Hər kəs rahat iş istəyir. Heç bir əziyyət çəkmədən pul
qazanmaq, biznes qurmaq istəyirlər. Bəziləri düşünürlər ki, başqa ölkəyə
getsələr, ölkə onlara rahatlıq, sərvət bəxş edəcək. Kənardan belə görünə bilər,
amma heç də elə deyil. Bu gün Azərbaycanda öz gücü ilə iş quran, iş görən bir
neçə gənci misal göstərə bilərəm. Həqiqətən bir iş görmək istəyən insanlar üçün
yetərincə şərait var. Asandırmı? Təbii ki, yox, asan heç nə yoxdur. Onsuz da
həqiqi bizneslə məşğul olanlar çətini gözə alıb başlayan insanlardır”.
"Pul
olmadan işi necə qura bilərik?”
Elgün
Abdullazadə - tələbə
Elgün hazırda tələbədir, amma gələcəkdə
bizneslə məşğul olmaq haqda da düşünür. Bu işdə isə ona lazım olan əsas
vasitənin pul olduğunu dilə gətirdi: "Məncə, biznesə balamaq üçün əsas və ən
önəmli şərtlərdən biri puldur. Pul olmadan işi necə qura bilərik? Əlbəttə,
bacarıq da olmalıdır. Amma maliyyə olmadan çətin ki, nə isə əldə edə bilək.
Düşünürəm ki, bu işdə pul bir az da motivatorluq rolunu oynayır. İşə başlamaq
üçün bəs motivasiya lazımdır, ya yox? Pul olanda insan daha həvəsli yanaşır,
irəli getməyə daha ümidli olur, hətta ağlına yeni ideyalar belə gəlir. Əgər
kommersiya yoxdursa, bir az çətin olur. O mənada ki maliyyə ilə həll olunası
məsələlər də qarşıya çıxır, pul olmayanda isə, bu, biznes üçün müəyyən maneələr
yaradır. Bu zaman da necə deyərlər, "adamın əli işdən soyuyur”, heç nə etmək
istəmir. İndi texnika, texnologiya dövrüdür. Hansısa bir işi görmək, onu ərsəyə
gətirmək üçün insan beynindən, bacarığından çox texnikadan istifadə edilir.
Həmin texnikanı da əldə etmək üçün əlində müəyyən qədər vəsait olmalıdır.
Biznes üçün bacarığın rol oynadığını inkar etmirəm. Müəyyən pulla qurulan
biznes işini də daimi və daha gəlirli etmək üçün təbii ki, bacarıq lazımdır.
Lakin ilkin başlanğıc üçün pul əsas şərtdir”.
Elgün deyir ki, yaş və məkan fərqi yoxdur, maliyyə
və həvəs olarsa, istənilən yerdə biznesə başlamaq olar: "Biznes planlaması
zamanı məkan amili o mənada nəzərə alınır ki, həmin yerdə o məhsul və ya
xidmətə tələbat olsun. Amma məkanın fərqi yoxdur, pulun varsa və həvəs göstərib
bacarığını ortaya qoya bilsən, dünyanın istənilən yerində öz biznesini qurub,
inkişaf etdirə bilərsən”.
"Biznesə
başlamaq üçün həm də istək olmalıdır”
Məltəm
Talıbzadə - jurnalist
Məltəm Talıbzadə düşünür ki, biznesə başlamaq
üçün öncə yaxşı ideyanız olmalıdır. Əgər ideya məhsulunuz yaxşı olarsa,
cibinizdən pul xərcləmədən də biznes qura bilərsiniz: "Biznesdə kommersiya
marağı mütləqdir, ona görə də ideyanı da bu yöndə formalaşdıranda, əlavə dəstək
alaraq biznesə başlamaq mümkündür. Bunun üçün bəzi xüsusiyyətlərə, bacarığa sahib
olmaq lazımdır. Bacarıq deyəndə, qeyri-adi bir özəllik nəzərdə tutulmur. Sadəcə
olaraq, nə istədiyini müəyyən etmək, düzgün strategiya ilə işə başlamaq ilkin
olaraq sizi irəliyə aparacaq. Məsələn, bazardakı boşluğu görüb, bu istiqamətdə
yeniliklə biznesə başlasanız və həqiqətən də keyfiyyətli olsanız, əminəm ki,
dəstək göstərənlər sıraya düzülər. Elə bacarıq deyəndə də bunu nəzərdə tuturam
ki, müşahidə, müqayisə, təhlil qabiliyyəti güclü olmalıdır. Bəzən gənclər
həvəslə bu işə başlayır, hətta əlavə maliyyə imkanları da tapırlar, amma bir
müddətdən sonra əllərindəki maliyyə bitəndə, biznes də dayanır. Bu da o
deməkdir ki, biznes sizin bacaracağınız bir sahə deyil”.
Məltəm xanım bildirdi ki, hər kəs bunu
etməlidir deyə bir şərt də yoxdur. İnsan özü nəyi bacardığını müəyyən edib o
istiqamətə yönəlməlidir. Çünki biznesə başlamaq üçün həm də həvəs olmalıdır:
"Çox kiçik büdcə ilə də biznesə başlamaq olar ki, bunu öz cibinizdən də qoya
bilərsiniz. Amma əsas olan o biznesin inkişafı, cəmiyyətdə həqiqətən də qəbul
olunması, istifadə edilməsidir. Bunun üçün də mütləq bacarıqlı və çox işləməyi
sevən olmaq lazımdır”.
Günel Azadə