• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

Biznes qurmaq üçün dövlət işindən çıxanda, hamı ona gülürmüş - Biznes

24.01.20 10:02 4965
Biznes qurmaq üçün dövlət işindən çıxanda, hamı ona gülürmüş - Biznes
Səidə Quluzadə: "Azərbaycanda atasız, yoldaşsız, qardaşsız, əmisiz, dayısız olan bir xanım uğur qazana bilər”

Uşaqlıqdan rəssamlığa marağı olub, ancaq bu gün biznes sferasındadır. Onlayn biznes, baxça, ketrinq və s. sahələrdə öz işini qurub, marketoloq kimi fəaliyyət göstərir. Bizneslə bağlı aktiv fəaliyyətdə olsa da, müəyyən yaşdan sonra özünü ancaq rəssam kimi görür. Müsahibimiz gənc xanım Səidə Quluzadədir.
- Uşaqlıqdan rəssamlıqla məşğul olubsunuz, bu gün isə biznes sferasındasınız. Bu keçid necə oldu?
- Rəssamlıqla 4 yaşımdan məşğulam. Daim ən ali xəyalım rəssamlıqla bağlı olsa da, bu sahə hazırda o qədər də gəlirli sektor deyil. Ancaq mən birbaşa rəssamlıqdan biznesə də keçid etməmişəm. Belə ki, ilk olaraq maliyyə üzrə oxudum. Sonra hüquqşünaslıqla bağlı bakalavr və magistr təhsili aldım. Bir müddət Vergilər Nazirliyində, notariusda işlədim. Ancaq bir gün qərar verdim ki, öz işimi qurmalıyam və bu məqsədlə də notariusdakı işimdən uzaqlaşdım. Biznes qurmaq üçün dövlət işindən çıxanda, hamı mənə gülürdü. Amma qərarımı vermişdim.

- Çox adam biznes qurmaq istəyir, amma qəti qərarı hər kəs verə bilmir.
- Mənim tərəddüd etmək kimi şansım olmadı. Pul lazım idi və onu qazanmaq üçün nə isə etməli idim.


- Amma incəsənətə meyilli adamlar biznes qurmağa çox da meyil etmirlər…
- İncəsənət çox qısqancdır. O, səni bütünlüklə ələ almaq istəyir. Amma biznes adamı bir dəqiqə də olsun telefonu söndürə bilmir. Rəssam isə bir gün telefonu söndürüb özünü rəsmə həsr edə bilər. Bir-biri ilə üst-üstə düşmür. Bu ikisini bir arada aparmaq çox çətindir. Hər gün səhər 5-də oyanmağımın səbəbi də budur.
- Hazırda bir neçə biznesiniz var. Bəs ilk addımı necə atdınız?
- İlk olaraq sosial şəbəkədə səhifə açıb onlayn bizneslə məşğul oldum. Kosmetika və parfümeriya satışı aparırdıq. Aparırdıq deyəndə ki, hər işi özüm görürdüm. Sonra işçilər cəlb etdik. Əvvəllər səhifənin adı başqa idi, sonradan "Neko” adlandırdıq. Neko yapon dilində pişik deməkdir.
-O dönəmi necə xatırlayırsınız?
- (Gülür) Bunu başıma gələn bir hadisə ilə ifadə etmək istərdim. Deməli, onlayn biznes işinə yeni başlamışdım. Təbii ki, hər işi özüm görürdüm. Bir oğlan zəng vurub bir neçə parfüm sifariş etdi. Çatdırılma günü görüş təyin etdiyimiz yeri tapa bilmirdim, o da tələsirdi və telefonda mənimlə hədsiz dərəcədə sərt danışırdı. Deyirdi ki, mən başa düşə bilmirəm ki, siz necə kuryersiniz, vaxtında niyə gətirib çatdırmırsınız və s. Dedi ki, mağazaya zəng vurub sizdən şikayət edəcəyəm, məhsulunuzu almayacağam. Dedim ki, çox xahiş edirəm, alın, yoxsa mənim maaşımdan kəsərlər və s. Nə isə, çox sağa-sola dönəndən sonra gedib tapdım. Həmin gün də ad günü var idi, bəzənib düzənib getmişdim ki, ordan da ad gününə gedəcəyəm. Oğlan məni görəndə donub qaldı ki, siz kuryersiniz? Dedim ki, hə. O insan yəqin ki, sonradan mənim müsahibələrimi gördü, bildi ki, mağazanın sahibi elə özüməm. Sonradan bizdən çox sifariş etdi. Kuryer kimi sifarişi yerinə yetirəndə hamı soruşurdu ki, həqiqətən siz kuryersiniz? O işi görmək mənim üçün heç də asan deyildi. Bəzən çatdırmalı olduğum bağlamalar çox ağır olurdu, nəqliyyat vasitələrində düşürüb qaldırmaq belə çətin olurdu. Bir müddətdən sonra kuryer xidməti ilə işləməyə başladıq. İndi artıq hər bir işi ayrıca bir şəxs görür.

- İlk biznesiniz uğurlu alındı? Bəs digər bizneslərə başlamağınız necə oldu?
- Onlayn biznesə başlayandan bir müddət sonra "Neko” adlı uşaq kursu da açdıq. Əlimdə müəyyən qədər gəlir olduqdan sonra isə "Nənəmin evi” adlı baxça yaratdıq. Onun adını ona görə elə qoydum ki, mənə görə uşaq 24 saat rahat şəkildə ancaq nənəsinin evində qala bilər (gülür). Çünki bizim baxça həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Bu, xüsusilə işgüzar xanımlar üçün sərfəlidir. Onlar rahatlıqla işlərini görürlər, onlayn şəkildə də uşaqlarının baxçada nə etdiyini izləyə bilirlər. Əslində, baxça işi bizdə nəsilbənəsil ötürülən işdir. Çünki nənəm, anam baxça müdiri olub. Daha sonra isə təkərlər üzərində bir mağaza yaratdıq. Onu da "Neko” adlandırdıq. Məsələn, bir xanım işdədir və gərgin bir rejimi var. Amma axşam hansısa tədbirdə, ad günündə və s. iştirak etməlidir. Onun evə gedib hazırlaşıb qayıtması uzun çəkir. Bizim təkərlər üzərində olan o mağazanı çağırır. Maşında gedəcəyi ünvana çatana qədər yolda hazırlaşır. Maşında fərqli geyimlər, ayaqqabılar, kosmetik məhsullar - xanım üçün lazım olacaq hər şey var. Üstəlik, hədiyyəni də maşından ala bilər. Bizim orda müxtəlif hədiyyə seçimlərimiz təqdim olunur. "Neko” adlı suşi çatdırma şirkətimiz var idi. Bu ildən rebrendinq edib onu ketrinq şirkəti etdik.

- Nənəniz və ananız baxça müdiri olublar. Baxça işinə başlayanda, onların sizə maddi dəstəyi oldumu?
- Yox, olmadı. Atasız ailədə böyümüşəm, məni anam tərbiyə edib. O ərəfədə ailə problemlərimiz var idi, ona görə, anam mənə maliyyə cəhətdən yardım edə bilmirdi. Onlayn biznesdən qazandığım pulları bu işə investisiya etdim. Baxça qurmaq çətin olmadı, çünki uşaqlıqdan bu işin içində idim, məlumatım var idi. Qida sektoru isə mənə yad idi. Ətrafımda bu sektorda çalışanlar olmayıb.

- İşləri qurarkən ətrafınızda sizə kömək edənlər olmadı?
- Adətən, yeni başladıqda ətrafındakı insanlar səndə perspektiv görmədikləri üçün görəcəyin işə dırnaqarası baxırlar. Sənin işin uğur qazananda yanında olmağa, səndən iş qurmaqla bağlı fikir almağa çalışırlar. Sənə kömək etməyən insanlar səndən fikir alırlar. Buna nail olmaq isə mənə görə, ən böyük qazancdır.

- Ətrafdakı insanların inanmamağı halları çox olur. Bəs siz biznesinizin uğurlu alınacağına əmin idiniz?
- Düzü, o haqda düşünmürdüm. Düzdür, marketoloqam, Azərbaycanda hazırda fəaliyyətdə olan bir çox bizneslərin planlarını yazmışam. Amma öz işimi quranda heç bir plan yazmadım. Hansısa işə başlamaqdan da qorxmurdum. Çünki onsuz da ətrafdakı insanlar mənə inanmırdılar. Biri var ki, insanlar sənə inansınlar və onların bu inamını itirməmək üçün "alınmasa, neyləyərəm” deyə düşünürsən. Amma mənə inanan yox idi (gülür).

- Niyə inanmırdılar sizə?
- Şıltaq və incəsənətə meyilli qız olmuşam. Yəqin fikirləşiblər ki, burda da şıltaqlıq göstərərəm, yarımçıq qoyaram və s. Ancaq söhbət işə gələndə, mən tamam başqa insan oluram. İş işdir, onu ən yaxşı formada etmək lazımdır.

Azərbaycanda atasız, yoldaşsız, qardaşsız, əmisiz, dayısız olan bir xanım uğur qazana bilər. Kimsə, kiməsə inanmaya bilər, amma bu, mümkündür. Sadəcə olaraq, kimin nə qədər yaxşı yaşamaq istəyinə bağlıdır. Hamı yaxşı yaşamaq istəyir, ancaq bu istək hər kəsdə fərqlidir. Elə adamlar var ki, bu istəklə yaşayırlar, elələri də var deyir ki, əlimdə olan bəsimdir.

- İstəyiniz bu işləri qurmaq idi?
- Əslində, mənim istədiyim rəssamlıqdır. İstəyim həmişə az olub. Müəyyən yaşdan sonra özümü gözəl mənzərəli evdə rəsm çəkən kimi görürəm. Ailəmlə, uşaqlarımla bir yerdə. Hələ ki ailəli deyiləm, amma belə bir şey təsəvvür edirəm. Bir də uşaqlara dərs keçmək mənə böyük zövq verir. Sadəcə olaraq, bu gün üçün bizneslərimlə məşğulam. Eyni zamanda marketoloq kimi fəaliyyət göstərirəm. Biznesmenlərə biznesin idarə olunması, marketinqlə bağlı məsləhətlər verirəm. Bir çox bizneslərin qurulmasında iştirak etmişəm və edirəm. Amma dediyim kimi, müəyyən yaşdan sonrakı hədəfim uşaqlıqdan marağım olan rəssamlıqdır.
Aygün Asimqızı




banner

Oxşar Xəbərlər