Biznes qurmağa 30 manatla başlayan iş adamı - Biznes
İxtisası
turizmlə bağlı olsa da, planları tamam başqa istiqamətdə olur. Lakin zamanla
işlər elə cərəyan edir ki, turizm sahəsinə gəlir. Bir müddət çalışdıqdan sonra
isə bu sahədə öz işini qurur. Haqqında söhbət açdığımız şəxs Fariz Hacıyev,
qurduğu şirkət isə "Fan turizm” MMC-dir. Hələ ki yalnız daxili turizm sahəsində
fəaliyyət göstərən şirkətin rəhbəri gələcəklə bağlı planların böyük olduğunu
deyir.
- Necə oldu
ki, öz işinizi qurmaq qərarına gəldiniz?
- Ali təhsilim
turizmlə - diyarşünaslıq, muzeyşünaslıq və tarixi abidələrin qorunması ilə
bağlı idi. Lakin tələbəlik vaxtı turizmə meyllənmək fikrim yox idi, dövlət
qulluğuna daha çox marağım vardı. Ali təhsilimi bitirəndən sonra hərbi xidmətə getdim,
qayıdandan sonra dövlət qulluğuna hazırlaşana qədər müvəqqəti olaraq başqa bir
sahədə çalışmaq istədim. Tələbəlikdən öncə restoranda çalışmışdım deyə, o işdən
xəbərim vardı. Ona görə fikirləşdim ki, imtahana hazırlaşa-hazırlaşa bir az
restoran işi işə məşğul olum. Şirkətlərdən birinin tabeçiliyində olan
restoranda administrator kimi fəaliyyətə başladım. Sonra dövlət qulluğuna
imtahan verdim. Birinci mərhələni uğurla keçsəm də, ikincidən kəsildim. Ona görə,
qurduğum planlar təxirə düşdü. Muzey Mərkəzində işə başladım. Orada işləyən
vaxt məndə turizmə maraq yarandı. Sonra əsgər yoldaşım mənə bələdçi işi
olduğunu, özümü orada sınamağı təklif etdi. Mənlik olmadığını desəm də, sonra fikrimi
dəyişdim, işə başladım. Amma yenə də tərəddüddə idim. Bir müddətdən sonra
insanlarla işləməyə alışdım. O işin sayəsində bir az açılışdım. Bir ilə yaxın
bu cür işləyəndən sonra daxili turizmlə bağlı iş qura biləcəyimi fikirləşdim.
Ötən il mayın 9-u dostları yığıb belə bir iş görmək istədiyimi dedim.
Dostlarımın birinin ixtisası turizmlə bağlı idi, o birilərinki yox. Onlar dedilər
ki, alınmaz. Dedim ki, siz yanımda olun, mən bu işi quracağam. Həmin gün artıq
işi qurmaq qərarı verdik.
- İşi qurmağa əsasən nədən başladınız? İlk olaraq
hansı işləri gördünüz?
- İlk
olaraq məktəblərə getdik, turlar təşkil etdiyimizi bildirdik, sosial şəbəkə səhifələri
yaratdıq. Sonra zənglər gəldi, müəyyən maraq olduğunu hiss etdikcə, daha da həvəsləndik.
Beləliklə, ilk turumuzu 15 mayda reallaşdırdıq. Məktəbli turu təşkil etdik.
Dostlarımı da özümlə aparmışdım, onlar mənim bu işi bacardığımı əyani olaraq
gördülər. Həmin turdan sonra sırf daxili turizm üzrə iş görməyə başladıq.
- İşi qurmaq
üçün nə qədər maliyyəyə ehtiyac oldu?
- İşə başlayanda cibimdə 30 manat pul vardı.
- Həmin pulu
işi qurmağa xərclədiniz?
-
Firmanın loqosunu muzeydəki iş yoldaşım pulsuz hazırladı. Ona sadəcə, qonaqlıq
verdim. 30 manatla posterlər hazırlayıb yaydıq. Həm də qeyd edim ki, əvvəllər
turizm firması açmaq üçün 5000 manat rüsum ödəmək lazım idi. Ölkə rəhbərliyinin
21 dekabr 2015-ci il tarixli qərarı ilə bu rüsum ləğv edildi. Rüsumun olmaması
bizim yolumuzu açdı və o xərcə də ehtiyac qalmadı.
- Öz işini quran gənclərlə söhbət edərkən, çox
zaman dostlarının köməyini vurğulayırlar. Yeni iş quran zaman dostlarınızın köməyi
nə kimi oldu?
-
Dostların ən böyük köməyi inamdır. Dostun inamı insanı işi görməyə daha da gücləndirir.
Maddi cəhətdən onsuz da əvvəldən kömək istəməmişdim. 30 manat kifayət edirdi.
Hazırda firmanın direktoru mən olsam da, yaxın dostumla birlikdə çalışırıq,
firmada ortaq pay sahibidir. Ümumilikdə isə 7 nəfər komanda şəklində işləyirik.
Onlardan üçü – Bəşir, Rauf, Nicat yaxın dostlarımdı. Bu, mənim üçün çox
rahatdır. Çünki ortada həm güvən var, həm də işin keyfiyyəti.
- İşə başlayanda çox adamda həvəs olur, lakin böyük
bir qisimdə əvvəlki enerji tez ölür. Tempi qorumaq üçün nə edirsiniz?
-
Turların maksimum dərəcədə yaxşı alınması üçün əlimizdən gələni edirik. Lakin hər
tur istədiyimiz kimi alınmaya bilər, bəzən elə turist olur ki, nə etsən də,
qane olmur. Bəzən bezdiyim vaxtlar da olur. Həmin məqamlarda turdan qayıdanda
"bezmişəm”, "qurtardım” desəm də, evə gedib dincələndən sonra deyirəm ki, dayanmaq
nədir, davam etmək lazımdır. Holdinq səviyyəsinə gələnə kimi bu işdən əl çəkməyəcəyik.
- Tur təşkil edərkən, həm də bir növ turistlərin
nazını çəkirsiniz. Turistlərin kaprizlərinə dözmək çətindir?
-
Turistləri razı salmaq elə də asan deyil. Hələ əksər hissəsi xanımlardırsa... Bəylər
elə də kaprizli olmurlar, amma xanımlara hər şeyi bəyəndirmək olmur. Bəzən
olmayan bir şeyi də tələb edirlər.
- Bütün şəhərdəki
mağazaları gəzib, "normal heç nə yoxdur” deyən xanımların kaprizləri təbii ki
çox olmalıdır...
- Bizim
müştəri bazamızın 90 faizini xanımlar təşkil edir. Biz əminik ki, hansısa oğlan
tur üçün zəng edibsə, reklamı o özü görməyib, hansısa xanım deyib. Çünki kişilər
gəzməyə getmək üçün tura ehtiyac olmadığını, "özümüz yığışıb gedərik” deyirlər.
Amma bu, çox zaman söz kimi ortalığa atılır və davamı gətirilmir. Xanımlar dəqiqliyi
sevdikləri üçün tur bileti alırlar.
- Bəs zamanla
gəlirləriniz necə dəyişir?
- İşə
başladığımız gündən indiyə qədər əsas hədəfimiz müştərilərin inamını qazanmaq
olub. Son zamanlar bəzi firmaların daxili turlarda insanları aldatması məqamı
çox olub. Belə bir bazarda irəli getmək, normal şirkət qurmaq üçün müştərilərin
inamını qazanmaq çox vacibdir. Sonra artıq pul qazanmaq haqda düşünmək olar.
- Fırıldaqçılarla yanaşı, bazarda güclü şirkətlər də
var. Onlarla rəqabətə davam gətirmək üçün nələr edirsiniz?
- Nəqliyyat
sisteminin yaxşı olmasını hər zaman diqqətdə saxlayırıq. Eyni zamanda, tur
zamanı qiymətə restoranda səhər yeməyi də daxil olur. Bir çox turlar daha çox
pul qazanmaq üçün səhər yeməyini ucuz restoranlara salırlar. Biz ən keyfiyyətli
səhər yeməyi verilən yerlərə gedirik. Bizim üçün əsas olan işin keyfiyyətidir.
- Maddi gəlir
olmasa, biznes necə davam edə bilər?
- Gəlirimiz
də olur. Amma elə tur var ki, nəinki gəlir olur, hətta ziyana da işləmişik. Gəlir
olmamağı o demək deyil ki, müştəri narazı getməlidir.
- Bütün
rayonlarımıza tur təşkil edirsiniz?
- Bəli.
Amma yayda ən çox Quba, Qax, İlisu, Şəki, Qəbələ istiqamətində olur.
- Aran
rayonlarına necə?
- Aran
rayonlarına turistlər getməkdə maraqlı olmurlar. Aran bölgələrinə ancaq maraqlı
festival, tədbir olanda gedirik. Məsələn, keçən il Sabirabadda qarpız festivalı
olmuşdu, ora tur təşkil etmişdik.
- Bəs şirkət olaraq özünüz maraqlı bir festival təşkil
edib, insanları cəlb etmək haqda fikirləşmirsiniz?
- Məsələn,
İtaliyada pomidor festivalı keçirilir. Bir meydanda təşkil edilir, insanlar
bir-birlərinə pomidor atırlar. Mən Zirədə belə bir festival keçirmək haqda
fikirləşirdim, ətrafdakılarla məsləhətləşdim. Dedilər pomidoru israf etmək
olmaz, bizim ölkəyə uyğun deyil. Sonra o festival gözümdən düşdü. Yay vaxtı
dondurma festivalı etmək olar. Amma harada edəcəyimi bilmirəm. Zirədə pomidor
festivalı hələ də ağlımdadır.
- Səfərlərdə
başınıza gələn maraqlı hadisələr olurmu?
- Bir dəfə
avqust ayında Qəbələyə 2 günlük turumuz vardı. Həftələrdir Qəbələyə yağış
yağmadığını öyrəndik, özüm də neçə vaxtdır ora tur təşkil etmirdim. Avqustun
sonu getdik. Gəzib, axşam gecələyəcəyimiz istirahət mərkəzinə qayıtdıq. Şam yeməyindən
sonra turistlər "mafiya” oyunu oynamaq istədi, "bisetka”nın altına yığışdıq. Təzə
başlamışdıq ki, leysan başladı. Yağış o qədər güclü idi ki, turistlər heç kotteclərinə
gedə bilmirdilər. Otel müdirinə zəng vurdum, hamını bir-bir maşınlarla kotteclərə
apardılar. Turistlərin yerləşməsinə özümüz də nəzarət edirdik. Möhkəm də
islanmışdıq. Ərazidə işıqlar da söndü, hər yer qaranlıq, otelin ərazisində də
heç kim qalmayıb. Sürücü birtəhər gedib otağı tapdı. Hamı yerləşdirilmişdi,
ikimiz qalmışdıq. Tərslikdən telefonumun enerjisi də bitmişdi deyə, yola işıq
salıb otağımızı tapa bilmirdik. Birtəhər bilmədiyimiz bir istiqamətə qaçdıq. Təxminən
bir metr dərinliyi olan palçığa düşdük. Palçıqdan deyinə-deyinə çıxıb güclə
otağımızı tapdıq. Fotoqrafla mən su içində idik, titrəyirdik. Təzəcə yerimizə
girib bürünmüşdük qapı döyüldü. İstirahət mərkəzinin əməkdaşı dedi ki, güclü
qasırğa başlayıb, bir kottecin üstünə ağac düşüb, digərlərinə də düşə bilər, təcili
bütün qonaqları evakuasiya etmək lazımdır. Dedi hamını yığaq avtobusa, qasırğa
kəsəndən sonra qayıdarıq. Fənərlərlə işıq salıb kotteclərə getdik. İlk getdiyim
kottecdə bir kişi qalırdı. Mənə dedi ki, bunun ayrı ləzzəti var, ölüm də olsa
çıxan deyiləm, yatıram, qismət olsa, sabah səhər yeməyində görüşərik. Digərləri
isə avtobusa yığışdı. Beləcə, çox gərgin
anlar yaşadıq. Yaxşı ki, hər şey xəsarətsiz yekunlaşdı.
Aygün Asimqızı