Biznes mühitinin inkişafına təkan verən güzəştlər
Bu
günlərdə vergilər naziri Mikayıl Cabbarov jurnalistlərə deyib ki, Vergi
Məcəlləsi və bir sıra digər qanunvericilik aktlarında təkmilləşdirmənin həyata
keçirilməsi istiqamətində işlər aparılıb. Nazirin sözlərinə görə, kiçik və orta
sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli
dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə
dəstək verilməsi Prezidentin qurum qarşısında qoyduğu əsas tapşırıqlardandır:"Orta
və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin
müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq
səviyyəsinin artırılması və ölkənin vergi qanunvericiliyinin tələblərinə
uyğunlaşdırılmasından ibarətdir. Son nəticədə həmin müəssisələrin rəqabət
qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi
hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində
dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə
yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək, vicdanlı vergi ödəyicisi
ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm
də inzibatçılıqda fərq getdikcə artacaq", - deyə nazir əlavə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü, millət vəkili Tahir Mirkişilideyir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı dövlət başçısının
tapşırığı ilə müxtəlif proqramlar həyata keçirilir: "Bunlara misal olaraq maliyyə
əlçatanlığının təmin edilməsi, birbaşa dövlət dəstəyi kimi nümunələri göstərmək
olar. Kiçik və orta sahibkarlığın
inkişafı üçün vergi yükü və vergi inzibatçılığı da mühüm rol oynayır. Dövlət
başçısının tapşırığı əsasında bu istiqamətdə də dəstək mexanizmlərinin
hazırlanması və yeni fiskal siyasət kiçik və orta sahibkarlığın inkişafına
xidmət edəcəkdir”.
İqtisadçı millət vəkili Azər Badamov deyir ki, vergi yükünün azaldılması vergidən yayınma hallarının
qarşısını alacaq: "Bu gün ölkədə sahibkarlığın inkişafı və biznes mühitinin
yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər görülür. Vergi güzəştləri
sahibkarların öz üzərilərinə düşən vergini tam şəkildə ödəməsinə şərait yaradacaq.
Yəni, vergidən yayınma halları bütövlükdə aradan qaldırılacaq. Belə bir
addımın atılması sahibkarların gəlirlərinin artması ilə nəticələnə bilər. Vəsait
artımı isə sahibkarlara yeni sahələrə yönəlməyə şərait yaradacaq. Bu həm də
yeni iş yerlərinin, yeni istehsal sahələrinin açılması deməkdir. Bütün bunlar
son nəticədə ölkə iqtisadiyyatının yaxşılaşmasına şərait yaradır. Qeyd etdiyim
kimi, vergi dərəcələrinin yüksək olması müəyyən yayınma hallarına şərait
yaradır. Vergi dərəcələrinin aşağı salınması kiçik sahibkarların dövlətin
müəyyən etdiyi vergi məbləğini ödəmək qabiliyyətini artırır. Bu zaman heç bir
yayınma hallarına ehtiyac qalmır. Beləliklə, bütün sahibkarlar göstərdikləri
xidmətin vergisini dövlətə ödəyəcəklər”.
İqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, bu addım çoxdan
atılmalı idi: "Vergi yükünün azaldılması çox mühüm məsələdir. Beləliklə, hər ay
dövlətə müəyyən edilən məbləği ödəyəcəklər. Belə bir dəyişiklik həm də vergi
məmurlarının özbaşınalığını aradan qaldırmış olacaq. Bu baxımdan, mən belə bir
addımın atılmasını çox müsbət hal kimi qiymətləndirirəm. Çünki vergi güzəştləri
biznes mühitinin formalaşması və inkişafında əhəmiyyətli rol oynayır.
Hal-hazırda bu sahədə müxtəlif problemlər var. Sahibkarlar tez-tez vergi
yoxlamalarına məruz qalırlar. Vergi orqanları da onlara müxtəlif təzyiqlər
edir. Bu isə sahibkarların fəaliyyətinə mane olur. Düşünürəm ki, atılan addım
tez bir zamanda öz müsbət təsirini göstərəcək”.
İqtisadçı Rəşad Həsənov da hesab edir ki, vergi güzəştlərinin edilməsi vacibdir: "Əslində bu
bir qədər gecikmiş addımdır. Vergi güzəştləri neftin qiymətinin düşməsinin
iqtisadiyyata təsirindən dərhal sonra edilməli idi. Məhz o dövrdə vergi
siyasəti bir qədər yumşaldılmalı idi. Bu, iqtisadiyyatın sürətli şaxələnməsinə
və inkişafına təsir edən mühüm amillərdəndir. Hazırda kiçik və orta
sahibkarlığın ən böyük maneələrindən biri vergi yükünün yüksək olmasıdır. Bu
amil həm də özlüyündə illeqal biznesə və vergi yayınmalarına gətirib çıxarır.
Amma bütün hallarda bu addımın atılması yüksək qiymətləndirilməlidir. Düşünürəm
ki, güzəştlərin edilməsi öz pozitiv nəticələrini tez bir zamanda göstərəcək.
Növbəti dövrlərdə iqtisadi subyektlərin vergi yükünün azaldılması istiqamətində
qərarlar qəbul edilərsə, iqtisadi inkişaf tempi daha da arta bilər. Bu baxımdan
əsas məsələlərdən biri sadələşdirilmiş vergi ilə bağlı dəyişikliyin edilməsi
məsələsidir ki, indiki dövrdə buna çox ehtiyac var. Həmçinin Azərbaycan üçün
prioritet məsələlərdən biri də nağdsız dövriyyənin həyata keçirilməsidir. Bu baxımdan
hesab edirəm ki, ikili bəyannaməyə keçid daha sərfəli olar. Nağdsız dövriyyədə
vergi yükü iki dəfə azaldılmalı, yaxud tamamilə vergidən azad olunmalıdır ki,
ölkədə belə bir ənənə formalaşsın. Bu cür güzəştlərin edilməsi fonunda orta
müddətli dövr ərzində vergi bazasının genişlənməsinə nail olmaq olar. Bu gün
vergiyə cəlb olunmayan bir baza var. İqtisadi subyektlərin vergi bazasına cəlb
edilməsi və miqyasın genişləndirilməsi yolu ilə gəlirlərin artırılmasına nail
olmaq olar. Həmçinin vergiyə cəlb etmənin sadə mexanizm əsasında qurulması
müsbət məqamlara yol aça bilər. Yeni fəaliyyətə başlayan kiçik və orta
sahibkarlıq subyektləri bir müddət vergidən azad edilməlidir. İlkin mərhələdə
yeni biznes quran sahibkarlar daha çox vəsait ödəməklə yanaşı, həm də vergi
yükünün altında əzilirlər. Bu baxımdan güzəştlər həm də sahibkarın yığımlarını
artıra bilər. Çünki sahibkarların ən böyük problemlərindən biri də investisiya
yatırımlarının aşağı olmasıdır. Əvvəllər kiçik və orta sahibkarların maliyyəyə
çıxış imkanları banklar hesabına idi. Amma bu gün banklar kredit verməni
dayandırıblar. Belə bir şəraitdə vergi güzəştinin olması sahibkar üçün daha çox
vəsait toplamağa şərait yaradır. Bu vəsaitləri sahibkar öz biznesinə yenidən
yönəltməklə, müasir texnologiya və innovasiyanı cəlb edə bilər. Bu addımlar isə
son nəticədə ixrac potensialının artmasına, iqtisadiyyatın şaxələnməsinə və
əhalinin gəlirlərinə müsbət təsir göstərər”.
Şəbnəm Mehdizadə