• çərşənbə axşamı, 19 mart, 12:39
  • Baku Bakı 8°C

Biznes mühitinin inkişafına təkan verən güzəştlər

19.04.18 09:30 1197
Biznes mühitinin inkişafına təkan verən güzəştlər
Bu günlərdə vergilər naziri Mikayıl Cabbarov jurnalistlərə deyib ki, Vergi Məcəlləsi və bir sıra digər qanunvericilik aktlarında təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb. Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi Prezidentin qurum qarşısında qoyduğu əsas tapşırıqlardandır:"Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılması və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq", - deyə nazir əlavə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişilideyir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı dövlət başçısının tapşırığı ilə müxtəlif proqramlar həyata keçirilir: "Bunlara misal olaraq maliyyə əlçatanlığının təmin edilməsi, birbaşa dövlət dəstəyi kimi nümunələri göstərmək olar. Kiçik və orta sahibkarlığın inkişafı üçün vergi yükü və vergi inzibatçılığı da mühüm rol oynayır. Dövlət başçısının tapşırığı əsasında bu istiqamətdə də dəstək mexanizmlərinin hazırlanması və yeni fiskal siyasət kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcəkdir”.
İqtisadçı millət vəkili Azər Badamov deyir ki, vergi yükünün azaldılması vergidən yayınma hallarının qarşısını alacaq: "Bu gün ölkədə sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər görülür. Vergi güzəştləri sahibkarların öz üzərilərinə düşən vergini tam şəkildə ödəməsinə şərait yaradacaq. Yəni, vergidən yayınma halları bütövlükdə aradan qaldırılacaq. Belə bir addımın atılması sahibkarların gəlirlərinin artması ilə nəticələnə bilər. Vəsait artımı isə sahibkarlara yeni sahələrə yönəlməyə şərait yaradacaq. Bu həm də yeni iş yerlərinin, yeni istehsal sahələrinin açılması deməkdir. Bütün bunlar son nəticədə ölkə iqtisadiyyatının yaxşılaşmasına şərait yaradır. Qeyd etdiyim kimi, vergi dərəcələrinin yüksək olması müəyyən yayınma hallarına şərait yaradır. Vergi dərəcələrinin aşağı salınması kiçik sahibkarların dövlətin müəyyən etdiyi vergi məbləğini ödəmək qabiliyyətini artırır. Bu zaman heç bir yayınma hallarına ehtiyac qalmır. Beləliklə, bütün sahibkarlar göstərdikləri xidmətin vergisini dövlətə ödəyəcəklər”.
İqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, bu addım çoxdan atılmalı idi: "Vergi yükünün azaldılması çox mühüm məsələdir. Beləliklə, hər ay dövlətə müəyyən edilən məbləği ödəyəcəklər. Belə bir dəyişiklik həm də vergi məmurlarının özbaşınalığını aradan qaldırmış olacaq. Bu baxımdan, mən belə bir addımın atılmasını çox müsbət hal kimi qiymətləndirirəm. Çünki vergi güzəştləri biznes mühitinin formalaşması və inkişafında əhəmiyyətli rol oynayır. Hal-hazırda bu sahədə müxtəlif problemlər var. Sahibkarlar tez-tez vergi yoxlamalarına məruz qalırlar. Vergi orqanları da onlara müxtəlif təzyiqlər edir. Bu isə sahibkarların fəaliyyətinə mane olur. Düşünürəm ki, atılan addım tez bir zamanda öz müsbət təsirini göstərəcək”.
İqtisadçı Rəşad Həsənov da hesab edir ki, vergi güzəştlərinin edilməsi vacibdir: "Əslində bu bir qədər gecikmiş addımdır. Vergi güzəştləri neftin qiymətinin düşməsinin iqtisadiyyata təsirindən dərhal sonra edilməli idi. Məhz o dövrdə vergi siyasəti bir qədər yumşaldılmalı idi. Bu, iqtisadiyyatın sürətli şaxələnməsinə və inkişafına təsir edən mühüm amillərdəndir. Hazırda kiçik və orta sahibkarlığın ən böyük maneələrindən biri vergi yükünün yüksək olmasıdır. Bu amil həm də özlüyündə illeqal biznesə və vergi yayınmalarına gətirib çıxarır. Amma bütün hallarda bu addımın atılması yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, güzəştlərin edilməsi öz pozitiv nəticələrini tez bir zamanda göstərəcək. Növbəti dövrlərdə iqtisadi subyektlərin vergi yükünün azaldılması istiqamətində qərarlar qəbul edilərsə, iqtisadi inkişaf tempi daha da arta bilər. Bu baxımdan əsas məsələlərdən biri sadələşdirilmiş vergi ilə bağlı dəyişikliyin edilməsi məsələsidir ki, indiki dövrdə buna çox ehtiyac var. Həmçinin Azərbaycan üçün prioritet məsələlərdən biri də nağdsız dövriyyənin həyata keçirilməsidir. Bu baxımdan hesab edirəm ki, ikili bəyannaməyə keçid daha sərfəli olar. Nağdsız dövriyyədə vergi yükü iki dəfə azaldılmalı, yaxud tamamilə vergidən azad olunmalıdır ki, ölkədə belə bir ənənə formalaşsın. Bu cür güzəştlərin edilməsi fonunda orta müddətli dövr ərzində vergi bazasının genişlənməsinə nail olmaq olar. Bu gün vergiyə cəlb olunmayan bir baza var. İqtisadi subyektlərin vergi bazasına cəlb edilməsi və miqyasın genişləndirilməsi yolu ilə gəlirlərin artırılmasına nail olmaq olar. Həmçinin vergiyə cəlb etmənin sadə mexanizm əsasında qurulması müsbət məqamlara yol aça bilər. Yeni fəaliyyətə başlayan kiçik və orta sahibkarlıq subyektləri bir müddət vergidən azad edilməlidir. İlkin mərhələdə yeni biznes quran sahibkarlar daha çox vəsait ödəməklə yanaşı, həm də vergi yükünün altında əzilirlər. Bu baxımdan güzəştlər həm də sahibkarın yığımlarını artıra bilər. Çünki sahibkarların ən böyük problemlərindən biri də investisiya yatırımlarının aşağı olmasıdır. Əvvəllər kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanları banklar hesabına idi. Amma bu gün banklar kredit verməni dayandırıblar. Belə bir şəraitdə vergi güzəştinin olması sahibkar üçün daha çox vəsait toplamağa şərait yaradır. Bu vəsaitləri sahibkar öz biznesinə yenidən yönəltməklə, müasir texnologiya və innovasiyanı cəlb edə bilər. Bu addımlar isə son nəticədə ixrac potensialının artmasına, iqtisadiyyatın şaxələnməsinə və əhalinin gəlirlərinə müsbət təsir göstərər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər