• cümə, 29 Mart, 19:32
  • Baku Bakı 14°C

Biznes mühitində imkanları genişləndirəcək sərəncam

20.09.18 19:57 707
Biznes mühitində imkanları genişləndirəcək sərəncam
Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına, qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb.
Qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə, daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də strateji məqsədlər olaraq müəyyən edilib.
Ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması üçün Nazirlər Kabinetinə bir sıra təklifləri və normativ hüquqi aktları hazırlamaq tapşırılıb.
İqtisadçı Rəşad Həsənov deyir ki, sərəncamda qeyd olunan bəzi məsələlər həqiqətən də Azərbaycan iqtisadiyyatında müşahidə olunan real problemlərdir: "Ölkədə qeyri-neft iqtisadiyyatının ciddi dəstəyə ehtiyacı var. Mövcud situasiyanı nəzərə alsaq, deyə bilərik ki, hökumətin üzərinə daha çox öhdəliklər düşür. Göründüyü kimi, sərəncam konkret olaraq məhz bu istiqamətdə öhdəliklər müəyyənləşdirir. Əslində, öhdəliklər daha çox Azərbaycana xarici investisiyanın cəlb edilməsi ilə bağlıdır. Bu günə kimi istehsal mühitinin inkişaf etdirilməsi, ixracın subsidiyalaşdırılması və s. məsələlərlə bağlı hüquqi sferada müəyyən addımlar atılıb. Amma bu məsələnin həllinə gəlincə, yəni təcrübədə müəyyən çətinliklər müşahidə olunur. Ölkəyə investisiya cəlb etməkdə müəyyən çətinliklər var idi ki, bu fakt öz növbəsində xarici investisiyaya olan tələbatı daha da artır. Biz iqtisadi potensialımızın istismar imkanlarını daha da genişləndirə bilərik. Bu gün ölkəyə xarici investisiyanın cəlb edilməsi ilə bağlı belə bir proqramın qəbul edilməsi təqdirəlayiq haldır. Çünki bu istiqamətdə təbliğat, təşviqat işlərinin həyata keçirilməsi, vəzifələrin müəyyənləşdirilməsi, investisiya potensialı üstün olan sahələrin araşdırılıb üzə çıxarılması və təşviq olunması əhəmiyyətli məsələlərdir. Sərəncam bu istiqamətlərdə öhdəliklər müəyyənləşdirir. Digər bir məsələ, Azərbaycanda olmayan sahələrə fokuslanmaq məsələsidir. Azərbaycan iqtisadiyyatındakı problemlərdən biri də idxaldan asılılıq məsələsidir. Hazırda qeyri-neft ixracımız qaneedici səviyyədə deyil. Ölkə ixracının təqribən 7-8 faizini qeyri-neft məhsulları təşkil edir. Azərbaycanda rəqabətli biznes və istehsal mühiti formalaşdırılmalıdır. Yerli istehsalın formalaşdırılmasında müəyyən əngəllər var idi. Ölkə iqtisadiyyatının dayanıqlılığını artırmağın yollarından biri də ixracı şaxələndirməklə yanaşı, ölkədən çıxan valyutanın da qarşısının alınmasıdır. Burada əsas məsələ idxalın həcminin azaldılmasıdır. Azərbaycanda olmayan sahələr üzrə iqtisadi fəaliyyətlərin təşviq olunması, investisiya mühitinin liberallaşdırılması tədbirləri öz növbəsində, iqtisadiyyatın müqavimət gücünü artıracaq. Bütövlükdə götürəndə, sərəncam orta və uzunmüddətli dövr ərzində nəzərdə tutulan yol xəritəsidir. Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi, iqtisadiyyatın müxtəlif sektorlarında görülən işlərdə şəffaflıq böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, sərəncam biznes mühitində imkanlarının genişlənməsində böyük rol oynayacaq”.

İqtisadçı millət vəkili Azər Badamov bildirdi ki, sərəncamla ölkə iqtisadiyyatında yeni mərhələ start götürür: "İnvestisiya təşviqi ilə bağlı imzalanan bu sərəncam Azərbaycana investisiyaların gəlişini daha da artıracaq. Ölkənin 11 aparıcı sektoru üzrə yol xəritəsi icra olunmaqdadır. Bu yol xəritələri birbaşa olaraq qeyri-neft sektorunun inkişafına hədəflənib. Son illər ərzində Azərbaycana qoyulan investisiya, iqtisadiyyatın qeyri-neft sektoru üzrə əldə olunan uğurlar bunu deməyə imkan verir. İnvestisiyaların cəlb edilməsi yeni müəssisələrin və istehsal sahələrinin açılması deməkdir. Bu isə yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Ümumilikdə götürdükdə, deyə bilərəm ki, bu sərəncam Azərbaycanda ölkə iqtisadiyyatının ümumi inkişafına təkan verəcək. Hesab edirəm ki, sərəncam qısa müddət ərzində öz müsbət təsirini göstərəcək. İqtisadiyyatın ayrı-ayrı sahələrinə yeni sərmayələrin cəlb olunmasında yeni mərhələ açılır”.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər