• cümə axşamı, 28 mart, 22:36
  • Baku Bakı 13°C

Bizim teatrda hətta yaşlılar da gəncdir - Şou-biznes

10.02.15 07:44 4441
Bizim teatrda hətta yaşlılar da gəncdir - Şou-biznes
Fevralın 2-də - Gənclər Günündə müxtəlif sahələrdə il ərzində fəaliyyətlərinə görə fərqlənən gənclər mükafatlandırıldılar. Belə ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən mərasimdə ötən ildə memarlıq, teatr, təhsil, kinematoqrafiya, ədəbiyyat, təsviri sənət sahələrində uğur qazanmış gənclər əldə etdikləri nailiyyətlərə görə mükafata layiq görüldülər. Teatr cameəsində isə bu şans Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Səbinə Məmmədovanın üzünə güldü. O, “2014-cü ildə uğurlu fəaliyyətinə görə” nominasiyası üzrə “Gənclər mükafatı”na layiq görüldü.
“Gənclik qəzeti”-nə təəssüratlarını bölüşən Səbinə sözügedən mükafata teatr və kino sənəti sahəsində əldə etdiyi uğurlara görə layiq görüldüyünü bildirdi. Gənc aktrisa hər zaman valideynlərinin dəstəyinə ehtiyac duyduğunu qeyd etdi.
- Belə bir mükafata layiq görüləcəyini gözləyirdinmi?
- Düzünü desəm, gözləmirdim. Bu mükafat mənim üçün də böyük bir sürpriz oldu. Eşidəndə ki, məni bu mükafata layiq görüblər, çox sevindim. Rəhbərliyimiz Mübariz Həmidova, eyni zamanda Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Əslində bu mükafat məndə ruh yüksəkliyi yaratdı. Üzərimə böyük bir məsuliyyət qoyuldu. Mənə göstərilən etimadı doğrultmaq üçün öz üzərimdə daha ciddi şəkildə çalışacam.
- “Gənclər mükafatı”nı sənə hansı nailiyyətlərinə görə verdilər?

- İki ildir ki, teatrda çalışıram. Teatrda işlədiyim bu müddət ərzində A.Şaiqin “Tıq-tıq xanım”-ında Kəpənək, H.Cavidin “Şeyx Sənan”-ında Piyaləçi qız, S.S.Axundovun “Qaraca qız” əsərində Qaraca qız, A.Tolstoyun “Buratinonun macəraları”-nda Qaraçı, A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”-unda Betti, Əli Əmirlinin “Hasarın o üzü”-ndə Çiçək, Y.Şvartsın “Qırmızı papağın nağılı”-nda Qırmızı papaq, V.Siqarevin “Ağ ölüm”-ündə Nərgiz, U.Şekspirin “III Riçard”-ında Ledi Şour kimi obrazlar canlandırmışam. Məni həm də çəkildiyim serial və filmlərdə oynadığım rollara görə bu mükafata layiq gördülər. Ancaq hesab edirəm ki, bütün bunların başında “Hasarın o üzü” tamaşasındakı Çiçək obrazım durur.
- Hazırda teatrda hansı tamaşalar üzərində məşq edirsən?
- Hazırda teatrda sərasər olaraq yeni tamaşalar üzərində məşqlər gedir. Bu mövsüm tamaşaçılar məni daha çox uşaq tamaşalarında görəcəklər. Belə ki, teatrın repertuarında yer alacaq olan uşaq tamaşamız “Dəcəl keçi”-də keçi obrazını canlandıracam. Bu, dublyorsuz roldur. Nicat Kazımovun quruluşunda ikinci uşaq tamaşası olan “Çirkin ördək balası”-nda cücələrdən birinin obrazını yaradacam. N.Kazımovun quruluşunda növbəti uşaq tamaşası olan “Cənnətin üç alması”-nda oynayacağam. Bundan əlavə, mart ayından yeni filmin çəkilişləri başlayacaq. Mən də orada əsas obrazlardan birini - Fatma obrazını canlandıracam. Film Çingiz Abdullayevin “Xeyir və Şərin rəqsi” əsəri əsasında lentə alınıb ki, onun rejissorluğu da Yavər Rzayevə məxsusdur. Fatma yəhudilərin içərisinə düşən tipik Azərbaycan qızıdır. Yəqin ki, bu obrazın öhdəsindən də gələrəm.
- Teatrda səhnəyə çıxanda həyəcan hissi keçirirsənmi?
- Gənc Tamaşaçılar Teatrının ən azyaşlı və gənc aktrisasıyam. 6 yaşından xoreoqrafiya məktəbində oxumuşam. Xalq rəqsləri şöbəsini keçəndə artıq müxtəlif səhnələrdə çıxış edirdim. Yəni səhnəyə az yaşlarımdan çıxsam da, hər dəfə həyəcanlanıram. Tamaşanın rəqsdən fərqi odur ki, burada hərəkətlə bərabər danışıq da rol oynayır. Əlbəttə ki, mən səhnəyə çıxanda həyəcanlanıram. Bunun üçün də səhnəyə çıxacağım gün tamaşanın başlamasına 3 saat qalmış teatra gəlirəm. Otaqda məşq edirəm. Peşəkar aktyorlarla bir səhnəni paylaşdıqda, onların improvizələri, özgüvənlikləri məni çox rahatlaşdırır. Artıq 2-ci ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışıram. Gənc həmkarlarım da bəlkə bilmədən səhnədə bacarıqları ilə mənə dəstək olurlar.
- Gənc Tamaşaçılar Teatrında gənclərə münasibət necədir?
- Teatrımızda çalışan insanların hamısı gəncdir. Adımızla yaradıcı heyətin daxili aləmi eynilik təşkil edir. Teatrımızdan sanki gənclik qoxusu gəlir. Rəhbərimiz Mübariz Həmidov da daim gənclərə dəstək olur. Yeni qurulan tamaşalarda gənclər ön plana çəkilir. Bizim teatrda hamı gəncdir, hətta yaşlı aktyorlarımız belə. Teatrımızın əksər tamaşalarında baş rolları gənclər oynayır. Bu da bizə ruh yüksəkliyi gətirir.
- 2 ildir ki, teatrda çalışırsan. Bu iki ildə nələrə nail olmusan?

- Özümü xoşbəxt hiss edirəm ki, yaradıcılığımı bu teatrdan başladım. Burada böyük bir kollektiv var. Nə yaxşı ki, mən bura gəldim və onları tanıdım, onlarla bir səhnəni bölüşdüm. Teatr kollektiv bir sənətdir. Belə bir kollektivlə çiyin-çiyinə çalışmaq böyük şərəfdir. Həm də teatrda özümün aktrisalıq bacarığıma bir daha əmin oldum. Azərbaycanın dahi sənətkarları ilə bir səhnədə oynamışam. Bu mənim üçün çox sevindirici haldır.
- Peşəkar aktyorlarla bir səhnədə rol alanda nə hisslər keçirirsən?

- Peşəkarlıq hissi (gülür). Onlarla bir səhnəni bölüşməkdən gözəl heç nə yoxdur.
- Gələcəkdə özünü necə görürsən?
- Mən daima öz üzərimdə işləyir və özümü müsbət mənada doğrultmağa çalışıram. Sabahın nələr gətirəcəyini bilmirəm. İnsan zamanla nə qədər dost olsa, bir o qədər onun xeyrinə olar. Dost olmasan, zamanı yatmaqla, qeybətlə, mənasız işlərlə keçirsən, onda zaman insanın əleyhinə işləyəcək. Əgər insan bir neçə santimetr artmaq istəyirsə, mütləq turnikdən sallanmalıdır. Oturub zamanın ona uğur gətirəcəyini gözləməməlidir. Mənə güc verən doğmalarımın dəstəyidir. Əgər ailəmin dəstəyi, sevgisi və eləcə də teatrımızın rəhbərliyinin dəstəyi olmasa, mən uğur qazana bilmərəm. Mənim üçün hətta teatrın qapısından girəndə qapının önündə dayanan nəzarətçilərin gülərüzlə qarşılaması böyük stimuldur. Əgər onlar məndən sevgilərini əsirgəməsələr, inanıram ki, gələcəkdə daha böyük uğurlara nail olaram. Mənim yalnız bir devizim var: “Hər hey yaxşı olacaq”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər