• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

“Bizim tarla”nın ərazisini gəzərkən... - Fotolar

21.09.18 12:49 640
“Bizim tarla”nın ərazisini gəzərkən... - Fotolar
Artıq 12 ildir ki, uğurla fəaliyyət göstərən "Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsi 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə, həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Bizim tarla” markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir. Kompleksdə həmçinin heyvandarlıq fermaları qurulub ki, burada iri və xırda buynuzlu heyvanlar yetişdirilir.
Müəssisəyə dəvət olunan media mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirilib. "Azərsun Holdinq” tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xətləri çəkilib və ən müasir aqrotexniki avadanlıqlardan Azərbaycanda ilk dəfə istifadə olunaraq, bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Jurnalistlərə bildirilib ki, "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri seçilməsinin bu sahəyə müsbət təsir edəcək. Şirkətin kənd təsərrüfatı sahəsindəki təcrübəsindən, innovativ idarəçilik üsulundan digər sahibkarlar və fermerlərin də yararlanaraq böyük uğurlar qazana biləcəyi qeyd olunub.
"Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərovjurnalistlərin suallarını cavablandırarkən müəssisənin fəaliyyəti nəticəsində mövsüm ərzində 2 mindən artıq insanın işlə təmin olunduğunu və yarandığı gündən ətraf ərazilərdə yaşayan insanların sosial-rifah halının yüksəlməsində müstəsna rol oynadığını bildirib. O, "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın kənd təsərrüfatı sahəsində bilik və təcrübəsinin bu uğurlu nəticələrin əldə olunmasında bilavasitə rol oynadığını qeyd etdi. Həmçinin şirkət rəhbərinin yerli kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi və müasir aqrotexniki vasitələrin istifadəsini düzgün koordinasiya etməsinin də, uğurlu nəticələrin əldə olunmasına mühüm töhfə verdiyi bildirildi.
Daha sonra jurnalistlərin suallarını cavablandıran bitkilərin qorunması üzrə mütəxəssis Nazifə Söyləməz kənd təsərrüfatı məhsullarına qulluğun, onların vaxtında zəruri dərmanlarla təmin edilməsinin vacibliyindən danışdı və bu işlərin xüsusi əhəmiyyətini qeyd etdi. Mütəxəssis bildirdi ki, bu məsələyə kənd təsərrüfatı ilə məşğul olan bütün fermerlər çox həssas yanaşmalıdırlar. Bəzən kiminsə bu işə məsuliyyətsiz yanaşması digər kənd təsərrüfatı komplekslərində yetişdirilən məhsullara zərər verə bilir. Nazifə Söyləməzin sözlərinə görə "Azərsun Holdinq” məhsulların sağlamlığının və təbiiliyinin qorunması üçün ən müasir üsullardan istifadə edir. Yetişdirilən məhsulların gübrə tələbatı da burada qurulmuş gübrə istehsalı müəssisəsi hesabına təmin olunur.
"Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın digər mütəxəssisi Bəxtiyar Səfərov isə müəssisənin "Global Gap” və dünyadakı digər böyük nüfuza malik sertifikatlara sahib olduğunu və hər il bu sertifikatların yenilənməsi istiqamətində zəruri addımların atıldığını bildirdi.
Müəssisəni ziyarət edən jurnalistlər əkin sahələrini gəzərək bütün proseslərlə əyani olaraq tanış oldular və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunduğuna şahidlik etdilər.
Gəzinti zamanı media mənsublarına kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən qoyunçuluq və maldarlıq fermaları da göstərildi və məlumat verildi. Burada bəslənən ətlik heyvanlara yüksək səviyyədə qulluq edildiyini bildirən mütəxəssis Elvin Sadıqlı, əldə olunan ət məhsullarının əsasən "Bazarstore” super marketlər şəbəkəsində satışa çıxarıldığını bildirdi.
Qeyd edək ki, keyfiyyətə nəzarətə və müştəri məmnuniyyətinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq” mütəmadi olaraq istehsal müəssisələrinə jurnalistlər üçün media turlar və istehlakçılar üçün "açıq qapı” günləri təşkil edir.
Günel

banner

Oxşar Xəbərlər