• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

“Bizim tanıdığımız Elmira...” - Fotolar

13.02.19 13:52 792
“Bizim tanıdığımız Elmira...” - Fotolar
Masallı şəhər Heydər Əliyev Mərkəzində Elmira Axundovanın "Bizim tanıdığımız Elmira...” və "Həmkarlarımla üz-üzə” kitablarının oxucularla ictimai müzakirəsi və elmi-praktiki konfrans keçirilib. Təqdimatda iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, qonaqlar kitablar haqqında ürək sözlərini söyləyiblər.

Əvvəlcə tədbir iştirakçıları Milli Məclisin deputatı, " Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, görkəmli publisist, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın əmək və fəaliyyətinə həsr olunmuş Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Elsevər və Cəmaləddin Əliyevlərin hazırladıqları videoçarxa baxıblar. Videoçarx bu dəyərli şəxsin siyasi fəaliyyətinə, Milli Məclisin deputatı kimi xidmətlərinə, jurnalist, yazıçı, ictimai xadim kimi apardığı işə həsr olunub.

Konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını və qonaqları salamlayaraq deyib: "Yazıçılıq sənəti çox çətin sahədir. Dünyada çox gözəl əsərlər yaranmışdır. Elmira Axundovanın uzun illər yazıb ərsəyə gətirdiyi və ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən "Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli əsəri də bu səpkidəndir. Qeyd etmək istərdim ki, Elmira Axundova bu tarixi romanı yazmaqdan ötrü çoxlu tanınmış insanlarla görüşmüş, müxtəlif şəhərlərdə olmuş, insanları tapmış, onlarla ünsiyyətdə olmuş və çətinlikləri dəf etməklə belə böyük bir əsər ərsəyə gətirmişdir. Bu silsilə kitablar əsrlər boyu yaşayacaqdır. İnanıram ki, "Bizim tanıdığımız Elmira...” və "Həmkarlarımla üz-üzə” kitabları da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq".

Əsər barədə fikirlərini bildirən Prezident təqaüdçüsü Şirvan Əbilov müəllifi təbrik edib, ona uğurlar arzulayıb: "Elmira xanım qələmi ilə sənətini ucaldan insandır. Onun haqqında danışanda, ilk ağlıma gələn, yaddaşıma yazılan məqam, bu dəyərli azərbaycanlı qadınının sədaqəti, jurnalist kimi inanılmaz cəsarəti, öz işinə sevgi və hörmətlə yanaşmasıdır. Sənət o zaman ucalır ki, sənətkar onu gördüyü işlərlə ucaldır, ona rəğbət və hörmət qazandırır.

Neçə illərdir bu dəyərli qələm sahibini tanıyıram. Hələ 1990-cı illərdə, çoxunun öz mövqeyini ortaya qoymağa cəsarət etmədiyi bir zamanda, bu cəsur xanım ulu öndər Heydər Əliyev barədə obyektiv mövqe ortaya qoydu.

Bu yaxınlarda nəşr olunan hər iki kitabda Elmira xanımın istedadlı qələmi ilə yanaşı, həm də keçmişə sayğısı, verdiyi dəyər ön plana çıxır. "Bizim tanıdığımız Elmira...” adlanan birinci kitabda yaradıcı jurnalistin haqqında ölkənin ictimai xadimləri, elm adamlarının qələmə aldıqları səmimi sətirlər, əslində, E.Axundovanın yaradıcı fəaliyyətinə olan ictimai baxışdır. Təmənnasız və obyektiv baxış!”

Kitablar barədə kinodramaturq, Əməkdar İncəsənət Xadimi, "Şöhrət" ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Natiq Rəsulzadə , həftəlik "Yeni həyat" qəzetinin baş ədəbi işçisi Akif Ağayev , rus dili müəllimi Səkinə Əsədova ürək sözlərini deyiblər.

"Bizim tanıdığımız Elmira...” kitabında son 15 ildə mətbuatda Elmira Axundova haqqında maraqlı və əhəmiyyətli materiallar , yaradıcılığına həsr edilmiş rəylər, resenziyalar, məqalə və esselər cəmlənib. Görkəmli yazarlarımız, şairlərimiz Anar, V . Səmədoğlu , Z.Yaqub, F.Qoca , Ç . Abdullayev , xalq rəssamı Tahir Salahov, yazıçı, kinodramaturq Natiq Rəsulzadə, akademik İ . Həbibbəyli, professor Eldar İsmayılov, əməkdar jurnalist Elmira Əliyeva, tanınmış jurnalist Qalina Mikeladze, dünya karifeyi Oljas Süleymanov, Rusiyada siyasi bioqrafiya janrının ustadı, məşhur rus tarixçisi Roy Medvedevin, eləcə də ictimai-siyasi xadimlərin, həmkarların, millət vəkillərinin onun haqqında, əsərləri barədə yüksək, dəyərli fikirləri, məqalələri oxucunu bu kitabı oxumağa sövq edir.

"Həmkarlarımla üz-üzə” kitabını oxuduqca Elmira xanımın ayrı-ayrı mətbu dərgilərində verdiyi müsahibələrdə zəngin həyatının rəngarəng səhifələri vərəqlənir. Bir-birindən fərqli müsahibələrdə eyni bir hadisənin ayrı-ayrı epizodlarının mükəmməl bədii tərənnümü oxucunu yormur. Kitablardakı məqalə və oçerklər, analitik yazılar, xoş ifadəli kiçik qeydlər və təbriklər E.Axundovanın istedadlı və əməksevər, risk etməyi bacaran bir mübariz yazar, ictimai-siyasi xadim olmasını bir daha oxucunun yadına salır...

"Bizim tanıdığımız Elmira...” və "Həmkarlarımla üz-üzə” kitablarının müəllifi Elmira Axundova kitabın yaranması və ərsəyə gəlməsi barədə geniş söhbət açaraq təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və ziyalılara öz minnətdarlığını bildirib. Müəllif çıxışının sonunda qeyd edib: "Mən ömrümün qalan hissəsində də Heydər Əliyev obrazını yaratmağa çalışacağam...”

Tədbirin sonunda görüş iştirakçılarına kitablar hədiyyə olunub.
Əlihüseyn Şükürov,
Masallıda çıxan "Yeni həyat” qəzetinin baş redaktoru

banner

Oxşar Xəbərlər