AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bizim sənətin bəhrəsi tamaşaçı alqışıdır  - sorğu

Bizim sənətin bəhrəsi tamaşaçı alqışıdır - sorğu

Mədəniyyət
07 Mart 2013, 11:10 1634
Məlum olduğu kimi, martın 1-də Prezident İlham Əliyevin Azərbaycan teatrının yaranmasının 140 illik yubileyi və 10 martın Milli Teatr günü kimi qeyd olunması ilə bağlı sərəncamlar imzalayıb. Bu sərəncamlarla əlaqədar olaraq bəzi teatrların direktorları Prezidentə məktub yazaraq təşəkkürlərini bildiriblər. Qeyd edək ki, 10 mart həm də teatr işçilərinin peşə bayramı kimi də qeyd olunacaq. Paytaxtda və regionlarımızda fəaliyyət göstərən bəzi teatrlarla əlaqə saxlayıb onların fikirlərini öyrəndik.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov
Prezidentin sərəncamı ilə Azərbaycanın yaradıcı ziyalılarının möhtəşəm bir hadisənin şahidi olduqlarını qeyd etdi: “Bu il Azərbaycan teatrının 140 yaşı tamam olur. Bu illər ərzində Azərbaycan teatrı enişli-yoxuşlu yollardan keçərək bu günümüzə qədər gəlib. Bu gün Azərbaycan teatrı inkişafa doğru gedir və müstəqillik dövrünün gözəl günlərini yaşayır. Milli teatrımız özünün nailiyyətlərini təbii olaraq öz demokratik yaradıcılıq kontekstinə uyğun tərzdə dünyaya bəyan edir. Azərbaycan teatrı həmişə cəmiyyətin fəal cinahlarından olub. Bu sərəncamlar digər incəsənət sahələri ilə yanaşı, teatr sənətinə də verilən çox böyük dəyərin ifadəsi kimi Azərbaycan teatr sənətində çalışan neçə-neçə nəsillərin iftixar etdiyi bir hadisə olacaq”.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Yadigar Muradov öncə yubiley münasibətilə bütün teatr işçilərini təbrik etdi və Şuşadakı teatr bayramını xatırlatdı: “Azərbaycanın bütün teatrlarına uğurlar arzulayıram. Gələn il biz də Şuşa Teatrının 140 yaşını qeyd edəcəyik. Vətənindən ayrı düşmüş bir teatrın rəhbəri kimi ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması və gələn il bu bayramı Şuşada qeyd etməyimizdir. 1991-ci ildə martın 7-dən 10-na kimi Şuşada Teatr bayramı qeyd olunmuşdu. O gün mənim heç zaman yaddaşımdan silinmir. Azərbaycanda fəaliyyət göstərən bütün teatrlar, Teatr Xadimləri İttifaqı, incəsənətin ən çox sevilən, tanınan aktyor və aktrisaları həmin teatr bayramında iştirak edirdi. Çox istəyirəm ki, elə bayramın birini gələn il Şuşa Teatrında qeyd edək. Düşünürəm ki, qaçqın teatrının bundan başqa heç bir arzusu ola bilməz”.

Azərbaycan Dövlət Pantomim Teatrının direktoru, Elman Rəfiyev
teatrlarımızın bugünkü fəaliyyətindən danışdı: “Prezidentimizin imzaladığı yeni sərəncam bizi çox fərəhləndirdi. Sevindirici haldır ki, dövlətimiz mədəniyyətə, teatra qayğı göstərir. 140 yaşı olan Azərbaycan teatrı bu gün öz inkişaf dövrünü yaşayır. 90-cı illərdə Azərbaycan teatrının fəaliyyəti zəifləməyə doğru gedirdi. İndi isə bütün teatr kollektivlərində, hazırlanan tamaşalarda, aktyor tərbiyəsində, aktyorların dünyagörüşündə bir sıra dəyişikliklər özünü büruzə verir. Bütün bu proseslərdə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi mədəniyyət konfranslarının da rolu böyükdür. Son zamanlar keçirilən beynəlxalq konfranslar teatr məktəbinin inkişafı üçün zəmin yaratdı. Bu gün Azərbaycan teatrı sürətlə, inamla, iri addımlarla irəliyə doğru gedir. Bütün həmkarlarıma yaradıcılıqlarında uğurlar arzulayıram. Bizim sənətimizin bəhrəsi tamaşaçı alqışıdır. Bu tamaşaçı alqışı hər zaman bizim teatrlarımızdan əksik olmasın”.

Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev Azərbaycan teatrlarının Avropa mədəniyyətinə inteqrasiya olunması, ölkədəki əksər teatr binalarının dünya standartlarına uyğun təmiri və günün tələblərinə cavab verən repertuarın formalaşması məqsədlərinə xidmət etdiyini bildirdi: “Bu gün ölkəmizdə öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident təqaüdləri və Prezident mükafatları verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına - ordenlərə layiq görülür. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən səhnə sənətimizin zəngin bədii irsinin qorunması, genişmiqyaslı qastrol səfərləri bu gün teatrlarımızın əsas fəaliyyət dairəsinə daxildir. Bu istiqamətdə son illərin uğurları göz qabağındadır. İndi ölkə teatrlarının sorağı dünyanın ən müxtəlif meridianlarından gəlir. Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Türkiyədə, Rusiyada, Belarusda, Gürcüstanda, Fransada, Mərakeşdə, Finlandiyada, İranda, Misirdə, Hollandiyada, Estoniyada, Bolqarıstanda, Ukraynada, Türkmənistanda, Tacikistanda, İsveçrədə, Moldovada, Serbiyada, Fuceyrada keçirilən beynəlxalq tədbirlərdə teatrlarımız Azərbaycanı ləyaqətlə təmsil edib. Eyni zamanda, vaxtaşırı olaraq xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunurlar. Dövlət vəsaiti hesabına teatrlarımızda xarici ölkələrin tanınmış sənətkarları ustad dərsləri keçir, səhnələrimizi bəzəyən bir neçə tamaşa beynəlxalq layihədə öz həllini tapıb”.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov
Prezidentin indiyə qədər bütün teatr işçilərinin arzuladığı bir sərəncam imzaladığını və bu sərəncamın teatrlarımıza yeni bir təkan olacağını vurğuladı: “Azərbaycan teatr sənətində fəaliyyət göstərən korifeylərin hər biri bu gün müsbət dəyərləndirməlidir. Bu sahədə fəaliyyət göstərən sənətkarların hər biri fədai olub. Həmin nəslin nümayəndələri bu gün də fəaliyyət göstərməkdə davam edir. 10 martın Milli Teatr günü kimi elan olunması teatr üçün böyük hadisədir. Bu həm mədəniyyət tariximiz, həm də teatr tarixi üçün ciddi bir hadisədir. Bu münasibətlə bütün teatr işçilərini təbrik edirəm”.

Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürov da teatr bayramı günü münasibəti ilə bütün teatr işçilərini təbrik etdi: “Prezidentimizin 1 mart tarixində imzaladığı sərəncam bütün teatr işçilərinin ürəyincə oldu. Artıq rəsmi olaraq 10 mart bütün teatr ictimaiyyətinin, teatrı sevən insanların bayramı hesab olunur. Bu bizi çox sevindirir. Sərəncamdan sonra Sumqayıt teatrı daha da aktiv şəkildə fəaliyyət göstərəcək. Biz də öz növbəmizdə bir-birindən gözəl tamaşalar hazırlamağa çalışırıq. Sumqayıt Teatrı beynəlxalq teatr festivallarında iştirak edir. Yanvarda Azərbaycandan ilk dəfə olaraq Sumqayıt Teatrı Hindistanda səfərdə oldu. Bunun özü də bir nailiyyətdir. Son illər teatrımıza xarici rejissorlar, rəssamlar dəvət edirik ki, tamaşalarımız fərqli üslubda hazırlansın. Artıq teatrlarımızın fəaliyyətində inkişaf özünü göstərməkdədir. Repertuarımıza nəzərə saldıqda görəcəksiniz ki, Bəhram Osmanov, İradə Gözəlova, Vasif Əsədov Bakıdan dəvət olunub. Baş rejissorumuz Bakıda tamaşalar hazırlayır. Ukraynadan rejissor dəvət etmişik. Mübadilə yolu ilə maraqlı tamaşalar hazırlamağa çalışırıq. Bu da teatra yeni nəfəs gətirir”.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev
140 illik yubiley münasibəti ilə bütün teatr kollektivlərini təbrik etdi: “Bu günlərdə Prezidentimizin 10 mart tarixinin peşə bayramı kimi qeyd edilməsi ilə bağlı sərəncamı bizi çox sevindirdi. Bu, dövlətin teatr xadimlərinə olan qayğısının təzahürüdür. Biz bu dəyərin layiqli nümayəndələri kimi teatr sənətinə xidmət göstəririk. Azərbaycan teatr sənəti keşməkeşli bir sənət yolu ilə bu günlərə gəlib. Çox böyük uğurlara imza atıb, inkişaf yolu keçib. Dövlətin də sərəncamla yubileyə diqqət yetirməsi sənət adamlarının ikiqat sevinci oldu. Bu, bizim sənətimizə, peşəkar teatrımıza verilən bir dəyərdir. Sevinirik ki, 140 illik tarixə malik bir teatrın daşıcılarıyıq”.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan Azərbaycan teatrının dünya səviyyəsinə çıxmağa gücünün olduğu, amma kadrlarına münasibətdə bir az fərqlilik olduğunu qeyd etdi: “Teatr ənənələrimiz, milli teatr məktəbimiz var. Yaxın gələcəkdə teatrlarımızın daha sürətli inkişaf edəcəyi gözlənilir. Dünya teatrları ilə müqayisədə Azərbaycan teatrı yalnız maliyyə baxımından geri qalır. Reallıq odur ki, teatra tamaşaçının az gəlməyində dövlətin heç bir günahı yoxdur. Tamaşaları satmaq üçün bazarımız çox balacadır. Məsələn, Türkiyədə 70 milyonluq bir bazar var, amma Azərbaycanda əhalinin 3-4 milyonunu tamaşaçı adlandırmaq olar. Bu da mədəniyyət bazarı üçün çox az göstəricidir. Buna baxmayaraq, ərbaycan tatrı dünya teatrlarının inkişaf səviyyəsindən geri qalmamalıdır. Dünyanın hər yerində teatrlarında olmuşam. Hesab edirəm ki, müəllif teatrlarına meydan verilməlidir, bunun üçün teatrlarda özəl sektorlara şərait yaradılmalıdır. Əcnəbi ölkələrdə özəl teatrlara dövlət qayğısı var. Dünyanın bir çox yerlərində aktyorlar studiyalardan çıxıblar. Yaxın gələcəkdə bütün dünya tamaşaçıları bu istiqamətin daha da genişləndiyini müşahidə edəcək. Bizim də maraqlı layihələrimiz var. Bunlar teatrın inkişafı üçün hazırlanır”.

Xəyalə Rəis