• cümə, 29 Mart, 11:00
  • Baku Bakı 5°C

Bizim “Robin Qud” - Portret

09.12.14 10:52 3071
Bizim “Robin Qud” - Portret
Orta əsrlər Britaniyasında Robin Qud adlı bir xalq qəhrəmanı vardı. Öz dəstəsiylə meşədə yaşamış, hücumlar edib varlılardan aldıqlarını kasıblara paylamış, bununla da böyük hörmət qazanmışdı. Ancaq onu məşhur edən tərəflərindən başqa biri də vardı. Robin çox gözəl ox atdığına görə də ad-san sahibi olmuşdu. Hətta o qədər sərrast idi ki, bir hədəfə sancdığı oxun özünə növbəti atışla daha bir oxunu sanca, ardıcıl iki-üç dəfə belə edə bilərdi. İstedadı ilə aləmə səs salan Qudu tarix məhz bu dəqiqliyi ilə yazıb.
İndi dövr dəyişib. Yüzillər öncəki kimi kamanda oxatma silahlı hücum vasitəsi yox, bir idman növüdür. Hər il planetin müxtəlif nöqtələrindən bu idmanı seçənlər Avropa və dünya çempionatları, Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda iştirak üçün bir yerə toplaşır, kimin daha sərrast olduğuna aydınlıq gətirməyə çalışırlar. Bu “Robin Qud namizədləri” arasında azərbaycanlı bir gənc də var. Qısa müddətdə İslam Oyunlarının gümüş mükafatçısı səviyyəsinə qədər qalxaraq gücünü sübut edə bilib. Maraqlıdır ki, gələcəyin Robin Qudu olmaq üçün soyadı da uyğun gəlir. Beləliklə, tanış olun: Zaur Qəhrəmanov.
Atıcı ailəsi
7 may 1994-cü ildə Bakıda anadan olan Zaur cəmi bir il sonra ailəsiylə birgə Rusiyaya köçür. On yaşına qədər şimal qonşumuzun “qonağı” olandan sonra vətənə qayıdan Qəhrəmanov, ən kiçik yaşlarından idmanameylli olub. Ancaq oxatmaya yox. Bunun özü də maraqlıdır. Çünki onun anası Zemfira Qəhrəmanova bu idman növü üzrə SSRİ idman ustası olub (bacısı da atıcılıq növündə Azərbaycan çempionatlarının mükafatçısıdır). Anasının israrına baxmayaraq müxtəlif vaxtlarda karate, taekvondo, yüngül atletika və bir neçə digər növlərdə gücünü sınayan Qəhrəmanov kiçik uğurlar qazanıb. Ancaq tale sonda oxatmanı ona həyat yolu kimi seçdirib. Cəmi beş il əvvəl kamanı əlinə alan Zaur, qısa müddətdə karyera pillələrini sürətlə arxada qoyub.
Gənc çempion
2009-cu ildən ölkə daxilində yarışlara qatılmağa başlayan Zaur, ilk cəhddən Azərbaycan çempionatının bürünc medalına sahib çıxır. Anası ilə birlikdə turnirlərdə iştirak etməsi Qəhrəmanova həm mənəvi dəstək olub, həm də məsuliyyətini artırıb. Son beş ildə bir neçə dəfə ölkə çempionu və kubokunun sahibi, müxtəlif xatirə turnirlərinin, paytaxt səviyyəsində turnirlərinin qalibi adını qazanması milli komanda məşqçilərinin də diqqətini cəlb etməsinə gətirib çıxarıb. Birdən-birə kamandan oxatma növünə girərək liderlər sırasına qoşulan bu gəncin perspektivi aşkar idi. Ona inanmaq, etimad göstərmək, mümkün olduğu qədər şans vermək lazım idi. Belə də oldu. Kamandan Oxatmaq Federasiyası onu yavaş-yavaş beynəlxalq yarışlara göndərdi, təcrübə toplamaq imkanı yaratdı. Zaur Avropa və dünyanın bir sıra ölkələrində həm gənclər, həm də böyüklərlə birlikdə mübarizə apararaq istedadlı biri olduğunu nümayiş etdirə bildi. Məhz bu səbəbdən də onun 2013-cü il İslam Oyunlarına yollanan heyətdə yer alması heç kimi təəccübləndirmədi. 19 yaşı olsa da, bacarığı və çalışqanlığı hər şeyi üstələyirdi. Məşqçilər seçimlərində yanılmadılar. Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanovdan ibarət yığmamız milli komandaların yarışında gümüş medala sahib çıxdılar. Güclü İran kollektivini arxada qoyan oxatanlarımız, yalnız Misirdən geri qaldılar. Azərbaycanın oxatma idmanının təxminən yarım əsrlik keçmişi olsa da, nə fərdi, nə də komanda yarışlarında gözəçapran uğur qazanmamışıq. Ona görə də, bu nəticəni yüksək qiymətləndirmək olar. Hətta bunu tarixi uğur kimi də qələmə vermək olar.
Qələbə peşəkarlıqla gəlir
Kamandan oxatma idman növü olaraq çox çətin növdür. Bəli, yeganə məqsəd hədəfi dəqiq nişan almaqdır. Ancaq bu elə də asan məsələ deyil. Yaxşı nişan alma bacarığına malik olub yarışa psixoloji hazır olmasan, uduzacaqsan. Yaxşı nişan alıb, psixoloji hazır olsan, ancaq fiziki hazırlığın qaydasında olmasa, yenə də uduzacaqsan. Nişan alma, psixologiya, fiziki hazırlığın qaydasında olsa, peşəkar olmasan, bir daha uduzacaqsan. Yəni qələbə bir yox, bir neçə amilin toplamı ilə qazanılır. Bu da idmançıdan böyük zəhmət və məsuliyyət tələb edir. Bu növdə idmançıların xüsusi bir tərzi olmur. Onlar peşəkarlıqları hesabına qalib gəlirlər. Zaur Qəhrəmanov da bunu bilir: “Kamandan ox atarkən hədəflə bütünləşmək vacibdir. Hər şeyi bir kənara atmalı, beynindəki bütün fikirləri silməli, yalnız həmin nöqtəni düşünməlisən. Saniyənin yüzdəbiri qədər büdrəmə sənin yenilginə səbəb ola bilər. Kamanlar çox müasirləşib, atmaq çox rahatdır, qələbəyə daha da yaxın olursan. Ancaq sən hazır olmasan, o da sənə heç bir kömək etməyəcək. Mən günün azı 4 saatını elə oxatmaya sərf edirəm. Sonra isə fiziki hazırlığıma vaxt ayırıram. Bəli, çətindir, məşqlər yorucu olur. Amma bu, işin xeyrinədir. Biz vətənimiz, bayrağımız üçün mübarizə aparırıq. Onun adına layiq çıxış etmək üçün çox çalışmaq lazımdır”.
Öncə Vətən!
Robin Qud bir yana qalsın. Azərbaycan igidlər diyarıdır. Tariximiz öz səhifələrində Beyrək, Cavanşir, Babək, Koroğlu kimi böyük döyüşçülərin şücaətlərini bizim üçün bugünlərə qədər gətirib çıxarıb. Onların hər biri qılınc, sapandla yanaşı, kamanla da yaxşı rəftar etməyi bacarmış, böyük qələbələr qazana bilmişdilər. Hətta ən son silahların istifadə edildiyi dövrümüzdə belə adi döyüş alətləri də aktuallağını itirmirlər. Kamandan oxatma idmanı azərbaycanlı gəncləri vətənpərvər ruhda yetişdirmək, onlara istənilən an torpaqlarımızın müdafiəsi üçün ən kiçik imkandan belə yararlanmağı öyrətmək üçün çox gözəl vasitədir. Bu günün gənc nişançıları sabahın döyüşçüləridirlər. Yazımızın qəhrəmanı Zaurun Azərbaycan sevgisi aşkardır. Həyatının yarısını Rusiyada yaşasa da, oranı özünə yad hesab edir, hər imkanda müsahibələrində ölkəmizin üçrəngli bayrağının qalxmasını fəxrlə qeyd edir. Hətta İslam Oyunlarında ikinci olduğuna görə himnimizin səslənməməsinə heyfsilənir: “Bayrağımızın dalğalanmasına çox sevindim. Bu qüruru yaşadığıma görə fəxr etdim. Ancaq qızıl medalçı olmadığıma görə himnimiz səslənmədi. Eybi yox, əminəm, bu da olacaq. Bunun üçün nə lazımdırsa, edəcəyəm. Daha çox çalışıb uğur qazanacağam”.
Təhsil də vacibdir!
İdmançı olmaq günün böyük hissəsinə buna həsr etmək deməkdir. Bu halda təhsil almaq, yaxşı oxumaq, elmi dərəcə qazanmaq daha da çətinləşir. Çünki eyni zamanda hər ikisini etmək böyük təşəbbüs tələb edir. Zaur Qəhrəmanov orta məktəbi də yaxşı qiymətlərlə bitirib, indi də Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında atıcılıq ixtisası üzrə təhsilini davam etdirir. O, bakalavr dərəcəsiylə kifayətlənməyib magistraturanı da oxumaq, həm yaxşı idmançı, həm də ölkəsinə layiqli vətəndaş olmaq üçün çalışır.
Portret
Hələ təzə başlayıb. Qarşıda onu Avropa Oyunları, Olimpiadalarda, dünya çempionatlarında çıxışlar gözləyir. Cəmi 5 ildə İslan Oyunlarında qazanılan gümüş medal, daha beş ildən sonra daha böyük uğura gətirib çıxara bilər. Ən azından buna inanmaq lazımdır. Kamanı və oxu ilə bütünləşmiş gəncin portretində bu inamı sezmək çətin deyil. Rahatdır, özünə əmindir. Həyatdan nə istədiyini, buna necə nail olmağın yolunu bilir. Qarşısına qoyduğu hədəf məlumdur. O hədəflə bütünləşib, fikirlərini ona kökləyib. Qalır, barmağını yaydan götürüb oxu buraxmaq.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər