“Bizim gücümüz qarşısında məğlub olmağa məhkum idilər” - FOTOLAR

Qazi İlyas Dursunov: "Şəhid olmağı özümüzə şərəf
bilirdik”
Vətən Müharibəsində Silahlı Qüvvələrimizin şəxsi
heyəti Azərbaycan tarixinin şanlı səhifəsini yazdı. Cəmisi 44 gün ərzində
Ermənistan ordusu darmadağın edilərək işğal altında saxladıqları ərazilərdən
qovuldu. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, Hadrut qəsəbəsi, Şuşa
şəhəri döyüş yolu ilə düşməndən azad edildi. Ardınca Ermənistan təslim aktına
qol çəkməyə məcbur oldu ki, bununla da Ağdam, Kəlbəcər və Laçın bir güllə
atmadan boşaldıldı. 30 ildir həllini tapa bilməyən Dağlıq Qarabağ münaqişəsi
tarixə qovuşdu. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına Azərbaycanın
ərazi bütövlüyü təmin olundu, xalqımız qalibiyyət sevinci yaşadı.

Kəşfiyyatçı
və nişançı əsgər
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi altında, Silahlı Qüvvələrimizin şəxsi heyəti sıralarında bizə qələbə
sevincini yaşadan oğullardan biri də İlyas Niyaz oğlu Dursunovdur. O, 25 dekabr
1996-cı ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olub. 2004-2015-ci
illərdə Çaykənddəki Süleyman Əliyev adına tam orta məktəbdə təhsil alıb. 7 iyul
2015-ci ildə Vətən borcunu ödəmək üçün əsgərliyə yollanıb və Beyləqan
rayonundakı "N” saylı hərbi hissədə xidmət edib. İlyasın fiziki
göstəricilərini, nizam-intizamını, hərbiyə olan marağını nəzərə alan hərbi hissə
komandanlığı onu kəşfiyyat bölüyünə cəlb edib. Qısa zamanda etimadı doğruldan
İlyas kəşfiyyatçı kimi həm əsgər yoldaşlarının, həm də zabit heyətinin
hörmətini qazanıb. İlyas nişançı – snayper kimi də üzərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlib. Elə bu kimi xüsusiyyətlərinə görə hələ əsgərlik
müddətində bir sıra vacib döyüş tapşırıqlarının icrasına cəlb edilib. Verilən
əmrləri vaxtında və dəqiq yerinə yetirdiyinə görə dəfələrlə komandanlığın
təşəkkürünü qazanıb, mükafatlandırılıb.

Qanlı
döyüşlər, qəlpə yarası
İlyas Dursunov 2016-cı ilin Aprel döyüşlərinin
iştirakçısıdır. Özünün söylədiyinə görə, Aprel döyüşləri onun hərbi xidmət
dövrünə təsadüf edib. Belə ki, əsgərliyinin 10-cu ayında hərbi hissə gecə
saatlarında həyəcan siqnalı ilə ayağa qaldırılıb. Şəxsi heyətə izah olunub ki,
Ermənistan silahlı birləşmələri atəşkəsi pozaraq hücuma keçiblər. İşğalçıların
qarşısını almaq, ölkənin ərazi bütövlüyünü qorumaq üçün digər hərbi qulluqçular
kimi İlyas da silaha sarılaraq döyüşlərə atılıb. Bir neçə gün davam edən
döyüşlər nəticəsində nəinki düşmənin hücum cəhdinin qarşısı alınıb, üstəlik
əsgərlərimiz əks həmlə ilə Lələtəpə, Talış yüksəkliklərini, bir sıra strateji
mövqeləri işğalçılardan azad ediblər. Kəşfiyyatçı əsgər İlyas Dursunov bu qanlı
döyüşlərdə ayağından və qolundan yaralanıb. Buna baxmayaraq, səngər
yoldaşlarının yanından ayrılmağı özünə rəva bilməyib, sona qədər vuruşub.
Yalnız döyüşlər başa çatandan sonra hərbi hospitala təxliyə olunub, 12 gün
ərzində müalicə alıb, sağlamlığı bərpa edilib.

Yenidən hərbi
xidmətə qayıdış
1 yanvar 2017-ci ildə hərbi xidmətini əsgər kimi
başa vuran İlyas tərxis olunub, bir müddət şəxsi təsərrüfatda çalışıb. Lakin
hərbiyə olan marağı ona mülki həyatda hamı kimi yaşamağa imkan verməyib.
Müdafiə Nazirliyinə müraciət edərək müddətdən artıq hərbi qulluqçu kimi yenidən
xidmət etməyə hazır olduğunu bildirib. Onun bu istəyi, hərbi xidmət
müddətindəki göstəriciləri nəzərə alınıb və 2017-ci il oktyabrın 10-da Silahlı
Qüvvələrin Təlim Tədris Mərkəzindəki kurslara cəlb olunub. Təlimlərdə
fərqləndiyinə və kursu uğurla bitirdiyinə görə ona kiçik çavuş hərbi rütbəsi və
sertifikat verilib, xüsusi təyinatlı hərbi hissədə xidmətə cəlb olunub. Həmin
vaxtdan etibarən İlyas hərbi bilik və bacarıqlarını artırmağa başlayıb, eyni
zamanda gənc əsgərlərin hazırlıq prosesinin iştirakçısına çevrilib.

Ermənilərə
layiqincə dərs verdik
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı
birləşmələrinin atəşkəsi kobud şəkildə pozmaqla bütün cəbhə boyu hücum cəhdinə
cavab olaraq Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əks-hücum əməliyyatına
başlayıb. İlyas da peşəkar hərbçi kimi sentyabrın 28-dən bu hərbi əməliyyatlara
cəlb olunub. Kəlbəcər istiqamətində ilk döyüşlərə qatılan qazimiz Şuşanın azad
olunması ilə yekunlaşan bir çox hərbi əməliyyatlarda iştirak edib. O, həmin
anları belə xatırlayır: "Bizim qələbəmizi təmin edən birinci məqam haqlı
olmağımız, öz torpaqlarımız uğrunda savaşmağımız idi. Bütün döyüşçülərin
mənəvi-psixoloji vəziyyəti olduqca yüksək idi. Belə bir vəziyyətin
formalaşmasında komandanlığın rolu xüsusi qeyd olunmalıdır. Onlar daim bizimlə
söhbətlər aparır, reallığı bizə təqdim edir, hərbi əməliyyatların düzgün və
maksimum az itkisiz başa çatdırılması üçün lazımi tapşırıqlar verirdilər. Vətən
Müharibəsində iştirak edən hər bir döyüşçü kimi mən də qarşıma məqsəd qoymuşdum
ki, işğal altında saxlanılan torpaqlarımızı azad edək, Qarabağ probleminin
həllinə nail olaq, məcburi köçkünlərimizi öz yurd-yuvasına qaytaraq. Aprel
döyüşlərində müharibə qısa müddətli oldu. Düzdür, ermənilərə o zaman da
layiqincə dərs verdik, canlı qüvvələrini, hərbi texnikalarını məhv etdik. Amma
prosesi sona çatdıra bilmədik. Bundan hamımız təəssüf hissi keçirirdik. Vətən
Müharibəsində yarımçıq saxladığımız bu işi sona çatdırdıq. Sevinirəm və
qürurluyam ki, bu döyüşlərin iştirakçısı olmuşam, şəhid və qazi qardaşlarımla
birlikdə Vətən torpaqlarını azad etmişəm”.

Qayalara
zəncirlənən erməni əsgərləri
Qazimiz bildirib ki, döyüşlərdə əsgərlərimiz qorxu
hissinin nə olduğunu bilməyiblər və aslan kimi düşmən üzərinə yeriyib
işğalçıları məhv ediblər: "Döyüşlərdə heç kim sonunu, aqibətini düşünmürdü. Biz
ölümün gözünün içinə dik baxıb, son damla qanımıza qədər vuruşurduq. Amma
Ermənistan ordusunda vəziyyət tamam başqa idi. Komandanlığımızın düzgün və
uğurlu hərbi əməliyyat planı, döyüş təcrübəmiz, vətənpərvərlik ruhumuz
qarşısında duruş gətirə bilməyib qaçırdılar. Cəbrayıl istiqamətində gedən
döyüşlərdə düşmənin qorxaqlığını dəfələrlə müşahidə etmişik. Bir balaca
müqavimət göstərdikdən sonra silah-sursatlarını atıb geri çəkilirdilər. Düşmən
mövqelərini ələ keçirəndə isə gördüyümüz mənzərə erməni ordusunun acınacaqlı
durumunu nümayiş etdirirdi. Erməni əsgərlər geri çəkilməsin, qaçmasın deyə
qollarından, ayaqlarından qayalıqlara zəncirlənmişdilər. Lakin bu da onlara
kömək edə bilməmişdi. Bizim gücümüz qarşısında məğlub olmağa məhkum idilər.
Eyni qorxaqlığı Kəlbəcər, Şuşa və sair yaşayış məntəqələri uğrunda döyüşlərdə
də nümayiş etdirirdilər. Erməni əsgərləri ağ bayraq qaldırır, silahını yerə
atır, bizə yalvarırdılar ki, onları öldürməyək. Birtəhər başa salmağa
çalışırdılar ki, onları bura güclə gətiriblər və heç kim vuruşmaq istəmir”.

"4 yerdən
qəlpə yarası almışdım"
Aprel döyüşlərinin iştirakçısı, qazi İlyas Dursunov
Vətən Müharibəsində də yaralanıb: "Cəbrayıl istiqamətində döyüşlər gedirdi.
Atışmaya qısa fasilə verildi və biz müşahidə aparırdıq. Elə bu vaxt düşmən
bizim mövqeyimizi minaatan mərmiləri ilə atəşə məruz qoydu. Döyüş yoldaşlarım
arasında şəhid olan, ağır və yüngül qəlpə yarası alanlar oldu. Düşmən
mövqelərini müəyyənləşdirib darmadağın etdik. Bir qədər irəliləyəndən sonra
hiss etdim ki, yeriməkdə çətinlik çəkirəm. Elə bildim ayaqqabılarıma su dolub.
Döyüş yoldaşlarımın köməyi ilə əsgər çəkməsini çıxaranda gördüm ki, ayağım
bütün qanın içindədir. Sən demə, 4 yerdən qəlpə yarası almışam və isti-isti
bunu hiss etməmişəm. Təxliyə olunmağımı istəsələr də, buna razı olmadım. İlkin
tibbi yardım alıb, döyüşlərə davam etdim. Tək mən deyil, hamı özünə utanc
bilirdi ki, yaralansın, təxliyə olunsun. Vətən torpaqlarının azadlığı uğrunda
şəhid olmağı özümüzə şərəf bilirdik. Allah bizlərə bunu nəsib etmədi. Kiçik
çavuşlar Ağaşirinov Baloğlan, Məmmədov Mehrac və başqaları da yaralanmaqlarına
rəğmən, rəşadətlə döyüşürdülər. Şəhidlərimizlə, qazilərimizlə, bütün
hərbçilərimizlə birlikdə 44 gündə belə çətinliklərdən keçdik, xalqımıza qələbə
sevincini yaşatdıq. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, qazilərimizə can
sağlığı versin. Xalqımız bir daha belə çətinliklərlə, problemlərlə üzləşməsin.
Amma işdir, düşmən yenə cızığından çıxarsa, Ali Baş Komandanımızın dəmir yumruğu
yenə onların başına endiriləcək. Biz hərbçilər istənilən tapşırığı yerinə
yetirməyə qadirik”.

Hərbi
xidmətini davam etdirən qazi
Sonda qeyd edək ki, 2016-cı ilin şanlı Aprel
döyüşlərinin və 2020-ci ilin 44 günlük Vətən Müharibəsinin iştirakçısı kiçik
çavuş İlyas Dursunov hazırda da Kəlbəcərdəki "N” saylı hərbi hissədə xidmətini
davam etdirir. Hərbi qulluqçu kimi onun Azərbaycan xalqı və dövləti
qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla kiçik
çavuş İlyas Dursunov "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı,
həmçinin "Vətən Müharibəsi İştirakçısı”, "Cəbrayılın azad olunmasına görə”,
"Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə
təltif olunub.
Rufik
İSMAYILOV

