“Bizim evdə o qədər ulduzlar parlayıb ki…” - Fotolar
Mart bayramlar ayı olsa da, ayın elə ikinci günündə Azərbaycanın
sevilən bəstəkarı, Əməkdar incəsənət xadimi Tahir Əkbərin ölüm xəbərini aldıq.
Tahir Əkbərin Azərbaycan musiqisinə verdiyi töhfələr təbii ki, əvəzedilməzdir.
Onun ölümü ələlxüsus da, Tahir Əkbərin qəlbindən notlara süzülən o musiqiləri sevənləri məyus etdi.Mərhum bəstəkarın ailəsinə baş sağlığı verib, onlarla Tahir Əkbərin musiqisindən,
mahnılarından danışdıq. Bu barədə danışmaq mərhum bəstəkarın həyat yoldaşı
Aybəniz Əkbər və qızı Bəhriyyə xanım üçün çətin idi.
- Tahir Əkbərin vəziyyəti ağır olanda Bəstəkarlar İttifaqına müraciət
etdim və onlara bildirdim ki,
bəstəkarımızın vəziyyəti pisdir. 2015-ci ildə əməliyyat olunandan sonra
vəziyyəti getdikcə ağırlaşmağa başlamışdı. Məhz buna görə Bəstəkarlar
İttifaqına müraciət etdim.
- Tahir Əkbərin vəziyyətinin ağır olduğunu deyəndə sizə hansı
reaksiyalar verildi?
- Əvvəla onu qeyd edim ki, vəziyyətdən xəbərdar olan vitse
prezidentimiz Mehriban xanım Əliyeva bizə öz yardım əlini uzatdı. Ona təşəkkür
edirəm. Tahir Əkbəri 1 saylı Şəhər
Kliniki Xəstəxanasından Respublika Diaqnostika Mərkəzinə götürdülər. Xəstəxanaya
götürüləndə Tahir müəllim danışa
bilmirdi. Bir dəfə televizorda ona göstərdim ki, səni artıq Mehriban Əliyeva
dəstəkləyir. O, sevindiyindən ağladı. Çünki birinci dəfə idi ki, sənətinin, çəkdiyi
əziyyətlərin qarşılığını görürdü. Ondan
sonra bəzi dövlət adamları var idi ki, Tahir müəllimə dəstək oldular.
-
Ən böyük arzusu nə idi?
- Ən böyük arzusu Azərbaycanda
ev almaq idi. Atasının Daşkənddən Bakıya dəyişdirdiyi 2 otaqlı evdə yaşayırdı.
Hər zaman deyirdi ki, görəsən mənim öz evim olacaqmı? Onun böyük bir kitabxanası
var idi. Qızımızın təhsil haqqını ödəyə bilmədiyimiz üçün evimizi satıb daha
kiçik -1 otaqlı evə köçəndə məcbur qalıb, kitablarını köhnə binamızın altındakı
zirzəmiyə qoyduq. Arzusu o idi ki, nə vaxtsa evi olsa, o kitabları geri
götürsün. Digər arzusu isə opera yazmaq idi. Onun kimi, muğamdan muğama keçidlər
edən çox az bəstəkar vardı. Türkiyədə məşhur kanon çalan Halil Karatuman
bəstəkarımızın 1989-cu ildə yazdığı "Əzizim” mahnısını öz adına çıxarmışdı. Biz
orada milli dəyərləri və musiqilərin qoruyan əlaqəyə girdik və bu mahnıların
Tahir müəllimə məxsus olduğunu bildirdik. Türk səfiri ilə görüşdük. Onlar Tahir
müəllimdən türk xalqı adından üzr istədilər. Bu əsəri çox bəyənmişdilər. Hansı
ki, bu əsər Az.TV-də qızıl fonda saxlanılır. Tahir müəllimin həmin qurumdan
qeydiyyatdan keçirmək üçün 30 əsərini topladıq. Ancaq onları qeydiyyatdan
keçirmək bəstəkara qismət olmadı. Bu missiyanı isə mən davam etdirəcəyəm.Tahir müəllim öz layiqli yerində deyildi. Özü də
kim olduğunu bilirdi, xalq da.
-
Siz onu ilk dəfə həkimə aparanda, nə dedilər?
- Baş həkim dedi ki, artıq gecdir. Onu indiyə qədər qorumaq lazım
idi. Beyni zədələnmişdi. Tahir müəllim çox yorulmuşdu.O, uşaqlıqdan çətin günlər
görərək gəlmişdi. O qədər vətən həsrəti çəkmişdi ki... Azərbaycan onun üçün çox
dəyərli idi. Atası müfəttiş idi. İşi ilə bağlı bir çox ölkələri gəzirdi. Tahir
də müxtəlif ölkələrdə məktəb oxuyub və universitetə gedib. Ona görə də onun
indi burda nə sinif, nə də qrup yoldaşı var.Tahir Əkbər vətənsiz qala bilmirdi. Öz millətinə, kökünə bağlı bir
insan idi. Onunla bağlı keçmiş zamanda danışmaq bizim üçün çətindir... Vətəninə bağlı insan idi və bu səbəbdən
davamlı olaraq torpaq və onun müqəddəsliyi ilə bağlı əsərlər yazırdı. Onun əsərləri seçilirdi. Bilirsiniz ki, eyni
zamanda simfonik əsərlər də yazırdı. Tahir müəllimin yüzlərlə mahnısı Türkiyədə
oxunurdu. Elə adi "Amin” mahnısı Avropada səslənib. Sizə başqa bir misal da
çəkim, Tahir müəllimin 10 il bundan qabaq "Yarəb” mahnısı Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən alınıb. Onun bu mahnısı Filarmoniyada səsləndi və Şəfiqə
Axundova efirdə dedi ki, Azərbaycan Filarmoniyasında bu mövzuda əsər
qoyulmayıb. Təklif olundu ki, bu əsər
nazirliyə satılsın. O zaman Tahir müəllimin heç bir fəxri adı da yox idi. Bəstəkar nazirliyin nümayəndəsindən ona nə
zaman fəxri ad veriləcəyini soruşmuşdu. Əsərlərini aldıqları halda, ona
demişdilər ki, baxaq görək hələ siz bu ada layiqsinizmi? Tahir müəllim yeganə bəstəkardır ki, Azərbaycanda üç
nəsillə işləyib. Şövkət Ələkbərovadan tutmuş Mirzə Babayev, Zeynəb Xanlarova,
Elmira Rəhimova. İkinci nəsil isə bu günün xalq artistləridir. Bir də bu gün
gündəmdə olan gənc nəslin bir qismi səhnəyə məhz Tahir Əkbərin mahnıları ilə
gəliblər.
- Məsələn hansı gənclər?
- Çoxdur. Bir-bir onların adlarını çəkmək istəmirəm... Elə birini
misal çəkim Elton Hüseynəliyev. Tahir
Əkbər həmin ifaçıya çox kömək edib. "Azərstar” musiqi yarışmasından çıxanda yaxın
dostundan xahiş etdi ki, ona dəstək olsun. O zaman Elton çox gənc idi. Həmin
insan Eltona dəstək oldu. Nazpəri Dostəliyeva ilk dəfə 1996-cı ildə Tahir
müəllimin "Sən bəyənmədin” mahnısını oxudu. Onda bizim evdə ansambl da
yığılmışdı. Tahir müəllim dostundan xahiş etdi, onu efirə çıxarsınlar. Yəni o,
ifaçılara hər zaman öz kömək əlini uzadırdı. Aşıq Samirə ilk dəfə bizə gələndə çox cavan qız
idi. Hansı birini deyim? Bizim evdə o qədər ulduzlar parlayıb ki… Onların heç biri Tahir müəllim xəstə olanda
onu yada salmadılar. Tahir Əkbər onlara çox dəstək olmuşdu. İnsanlar var ki,
Tahir müəllimin musiqisi onları tarixə salıb. "Dərdin alım”, "Heç küsməyin
yeridirmi?”, "Sən elə bir vaxtda rast gəldin mənə”, "Amin”, "Bir qız bir
oğlanındır” mahnıların hər biri musiqi tariximizdə qalacaq.
-
Həyat yoldaşı kimi necə bir insan idi?
- Çox gözəl insan idi. İndi bizim üçün onsuz çox çətindir. Ailədə üç
nəfər idik. Bizi bir-birimizə çox şeylər bağlayırdı. Onun heç kimi olmadığına
görə, bizə çox bağlı idi. Hələ də mənə onun yoxluğu çatmır.
- İnsan yaxşı gündə də, pis
günündə də dostunu düşmənini tanıyır. Yəqin ki, bu qısa zaman kəsiyində
bəstəkarımıza dəyər verən insanları daha
yaxından tanıdınız.
- Ətrafında ona dəyər verən insanlar var idi. Gərək insanın özü dəyərli
olsun ki, qarşısındakı insanın dəyərli olduğunu bilsin. Dəyərsiz insan bilmir ki,
qarşısındakı kimdir. Tahir müəllimin mahnılarını müğənnilərimizin 80 faizi ifa edib.
Onların 10 faizi üzdədir. Onlar haqqında heç bir fikir bildirmək istəmirəm. Çünki
onlar başa düşmürlər ki, qarşısındakı kimdir. Türkiyədən Adnan Tayfun adlı bir müğənni
Tahir müəllim xəstələnəndə telefon etmişdi. O, Tahir Əkbərin əsərlərini dinləyirdi.
Ona bizim müğənnilər ağlamalı idi, türklər yox. Axı Tahir Əkbərin mahnıları ilə
kifayət qədər müğənnilər tanınmışdı.
- İfaçılar Tahir Əkbərin mahnılarını
oxuyanda halallıq alırdılarmı?
- Yox. Mən çox təəssüflənirəm buna. Bir dəfə ona sual vermişdilər ki,
həyatda ən çox nədən qorxursunuz? Cavab vermişdi ki, həyatda ən çox biganəlikdən
qorxuram.
-
Bəstəkarın son sözləri nə oldu?
- O, danışa bilmirdi. 4 ay xəstəxanada qaldı. Mənə dedilər ki, Qurd Qapısının
yanında dəfn olunacaq. Heç Fəxri Xiyaban
arzusunda deyildim. Ancaq niyə də olmasın? Qəmbər Hüseyn tarixdə bir "Cücələrim”
mahnısı ilə yadda qaldı. Ancaq Tahir Əkbər "Amin”, "Arazbarı”, "Hər birimiz Mübarizik,
Fəridik”, "Dünya azərbaycanlılarının həmrəylik himni”ni yazıb. Mən o mənzərə ilə
rastlaşanda çox məyus oldum. Orada şou yaratmaq istəməzdim. Tahir Əkbərin qəbri
heç olmasa bir cərgə qəbiristanlığın içində olsa idi, mən yenə də
nazirliyimizin qərarına hörmətlə yanaşardım. İnsana bu dünyada qiymət vermək lazımdır.
Mən Tahir müəllimi orada görə bilmədim. Mən ondan üzümü çevirib qayıtmalı idim,
o da orada kimsəsiz kimi qalmalı idi. Bu çox çətin qərar oldu. Qəbrinin dəyişdirilməsini mən də
istəməzdim və bu qərarı vermək mənim üçün çox çətin idi. Bu qərarı da vermək
hər insanın işi deyildi. Onun məndən və qızından
başqa heç kimi yox idi. Onun dəfn olunduğu gün nazirliyin əməkdaşına dedim ki, təşəkkür edirəm,
ancaq mən Tahir müəllimi bura layiq görmürəm. Dedilər ki, buyurun, bu sizin haqqınızdır.
Bəhriyyə:
"Bir müddətdən sonra bəzi müğənnilərə atamın əsərlərini oxumağa icazə
verməyəcəyəm. Çünki atamın pis günlərində onların münasibətlərini gördüm. Zamanında
atamın o ifaçılara etdiyi yaxşılıqların şahidi olmuşam. Hansı ki, o ifaçılar
atamın mahnıları ilə tanınıblar. Atam xəstələnəndə və son mənzilə yola
salınanda belə, gəlmədilər. Bu, mənə çox
təsir etdi. Biz onu dəfn edəndə biri "bizim kənddə bir insan öləndə onu basdırmağa
bundan çox adam gəlirdi” dedi. Bəs mən buna necə reaksiya verməliyəm? Yerimə siz
olsanız hansı reaksiyanı verərsiniz? Atam mənə demişdi ki, əgər məni dəyərsiz şəkildə
dəfn etsələr, əsərlərimin ifasına qadağa qoy. Mən də o şəkildə edəcəyəm. Bəzi
ifaçılara atamın mahnılarını oxumağa qadağa qoyacağam. Onun ən azı haqqı idi ki, ikinci Fəxri Xiyabanda
basdırılsın. Çünki o, Azərbaycana kifayət qədər dəyərli əsərlər bəxş etmişdi".
- "Youtube”da onun bəstələrinə diqqət etsəniz, görərsiniz ki, həddən
artıq baxış sayı var. Elə "bəstəkarlar” var ki, onlara Tahir müəllimə
göstərilən marağın yarısı belə göstərilmir. Çox bəstəkar var, ancaq hamısı xalqın
sevimlisi ola bilmir. Bu bir lütfdür. Tahir
Əkbər ziyalı, mədəni insan idi. Elə insanlar var ki, onlar toxunulmazdır və xalq
tərəfindən sevilir və onlarla oynamaq olmaz. Xalq sevgisinin qarşısında durmaq olmaz.
Baxın görün sosial şəbəkələrdə bir adam Tahir müəllimə söyürmü? Ancaq elə sənətkarlar
var ki, titulları, fəxri adları var, ancaq ölkədə o qədər qıcıq doğurub ki, ünvanına
nalayiq sözlər yazırlar. Tahir Əkbər yeganə insandır ki, heç kim onun haqqında pis
söz yazmır. Bəstəkar olmaq olar, amma mədəniyyət insana Allah tərəfindən verilir.
Ziyalılıq insanın qanından gəlir. Bəzi bəstəkarlar var ki, fəxri adlarını,
titullarını, ordenlərini saymaqla bitmir, onların ölümünə xalq çox az və zəif
reaksiya verir. Ancaq Tahir Əkbərin ölümünə çox reaksiya verildi. Tahir
müəllimi, onun mahnılarını heç zaman unutmaq olmaz. Bu xalq Tahir Əkbəri
unutmayacaq.
Xəyalə Rəis