“Bizim dost itirən vaxtımız deyil…”

“Bizim dost itirən vaxtımız deyil…”

Mədəniyyət
22 Oktyabr 2012, 17:25 5322
Abşeron rayon “Mədəniyyət Evi”ndə nəğməkar şair Hafiz Baxışın 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Gecənin aparıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, əməkdar artist Azad Şükürov açaraq, mədəniyyət ocağında Hafiz Baxış işığına toplaşan hər kəsi salamlayıb. O, cismən aramızda olmayan şairin zamanında yazdığı şeirləri ilə daim ürəklərdə yaşadığını söyləyib. Bildirib ki, ürəyi nəğmə ilə dolu olan Hafiz Baxış bütöv bir Azərbaycanın şairi olub.
Qısa girişin ardınca, şair Hafiz Baxışın öz ifasında səsləndirilən “Bizim dost itirən vaxtımız deyil” şeiri dinlənilib.
“Zəngəzur” Cəmiyyətinin sədr müavini, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu ədəbi-bədii gecəni H.Baxış poeziyasının bayramı kimi xarakterizə edib və bu bayram münasibətilə şairin pərəstişkarlarını təbrik edib. Baş redaktor şairin qələmindən söz-söz süzülüb misra-misra sıralanan şeirlərin az qala hamının dillər əzbəri olduğunu vurğulayıb: “Hafiz Baxışın hər misrada bir hikmət yaşadan şeirləri neçə illərdir ki, nəğmələrə dönüb Azərbaycanımızı kənd-kənd, oymaq-oymaq dolaşmaqdadır. Onun “Azərbaycan oğluyam” şeirinə bəstələnmiş mahnını dinlədikcə, adam bir daha milli mənsubiyyətindən qürur duyur. Öz eşqini sönməyə qoymayan, bülbül olub çiçəksiz yaşamayan, hər günün, hər dəqiqənin qədrini bilən, kiminsə görüşünə tələsəndə özünü dünyanın ən xoşbəxt adamı sayan,Vətən eşqi ömrünü bəzəyən, ayrılığa dözə bilməyən, namərd körpüsündən keçməyən şair, xoşluqla ölümə göndərin məni, deyib. Amma, ölüm ona heç də xoşluqla gəlməyib. Hafiz Baxış ilk şəhid ziyalılarımızdan biridir. Onu doğma ocağından didərgin salınmış soydaşlarımızın dərdi vaxtsız aparıb. Lakin ölüm şairi aramızdan cismani aparsa da, ürəklərdə hopmuş Hafiz sevgisi, dodaqlarda nəğmələnən Hafiz poeziyası şeirsevərlərin iliyinə işləyib. Hafiz Baxışın sətirlərində Azərbaycan sevgisi çağlayır. Bu sevgi qiymətə sığmayan boyunbağıtək məmləkətimizin hər çiçəyinə dolanır. Artıq 23 ildir xatirələrdə yaşayan böyük sənətkarın oktyabr ayında 80 yaşı tamam olur. Bu münasibətlə “Bütöv Azərbaycan” qəzeti redaksiyasında çapa hazırladığımız “Ana layla deyir” kitabı Hafiz Baxış ruhuna ehtiramımızın ifadəsi, onun yaradıcılığının pərəstişkarlarına ərməğanımızdır. İnanırıq ki, şairin bu kitabı da əl-əl gəzəcək, poeziya vurğunlarının stolüstü kitabına çevriləcək”.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filalogiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğlu unudulmaz şairin tərcümeyi halı, həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Deyib ki, şairin “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”, “Bu torpağa bağlıyam”, “Ömür bir yarpaq imiş” və “Ana layla deyir” kitabları işıq üzü görüb: “Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcir kəndində bitirib. 1950-1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləyib, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil alıb. Tələbə ikən, - 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olub. 1956-1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışıb. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərib. İlk şeirləri “Sosialist Sumqayıtı” qəzetində dərc olunub. “Samur-Dəvəçi kanalı” adlı ilk şeiri həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında, “Zirvə” adlı ilk poeması isə “Azərbaycan” jurnalının 1968-ci il 2-ci sayında çap olunub. Bundan sonra o, altı poema qələmə alsa da lirik şair kimi daha çox tanınıb. Şair 1989-cu ildə sentyabrın 4-də vəfat edib. Ölümündən 23 il keçsə də, onun Vətənə bağlılığı, doğma Azərbaycanına həsr etdiyi yaradıcılığı, şəxsiyyəti şeirsevərlər tərəfindən unudulmayıb”.
Sabiq millət vəkili, tibb elmləri doktoru, professor Eldar Abasov şairin 50-yə yaxın şeirinə 18 bəstəkar tərəfindən mahnılar bəstələndiyini dilə gətirib. Onun sözlərinə görə, həmin bəstəkarları Hafiz Baxış yaradıcılığına yönəldən şeirlərdəki gözəllik, xalqımızın adət-ənənəsindən, həyat tərzindən qaynaqlanan ifadələr, gənclik və həyat eşqi, çılğınlıq, əsası isə səmimilik olub: “Şairin yaradıcılığında nisgillik qırmızı xətlə keçir. Bu nisgilin birinci səbəbi, hələ 10 yaşında ikən atasını itirməsi olub. Onun atası ikinci dünya müharibəsi zamanı cəbhəyə yollansa da geri qayıtmayıb. Bu hadisə, eəcə də sonrakı dövrlərdə ailənin çəkdiyi əzab-əziyyət şairin şeirlərində özünə məskən tapşb. Nisgilin digər səbəbi isə Hafiz Baxışın dədə-baba yurdu sayılan Zəngəzurdan, eləcə də Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyası olub. Bununla da Vətən nisgili onun köksündə yuva qurub. Elə, dünyadan vaxtsız köçməsinə səbəb də Vətənə bu cür bağlılığı olub. Mən deyərdim ki, Hafiz Baxışı insanlara sevdirən də məhz onun Vətənə olan bağlılığı, məhəbbəti idi. Bu baxımdan Hafiz Baxışa olan sevgini, paralel olaraq Vətənə olan sevgi kimi də qiymətləndirməliyik”.
Ədəbi-bədii gcədə şair İlyas Tapdıq, İctimai Radionun əməkdaşı, jurnalist Kamil Məhərrəmoğlu, şairə Pərvanə Zəngəzurlu, tanınmış parodiyaçı Həsən Cəbrayılov və başqaları da çıxış edərək, Hafiz Baxışın yaradıcılığı barədə fikirlərini bölüşüblər. ADMİU-nun dosenti Məleykə Məmmədova şairin qəzəllərini bədii qiraət edib. Rəssam Firdovsi Hacıyev isə 80 illiyi qeyd olunan Hafiz Baxışın xatirəsinə həsr etdiyi portreti şairin yaxınlarına təqdim edib.
Tədbirdə “Xəzri” instrumental ansamblının müşayiəti ilə müğənnilərdən əməkdar artist Rəhilə Bəndəliyeva, Firdovsi Rəhimov (“Azərbaycan oğluyam”), Anar Abbasov (“Xızı dağları”), Vahid Zəngəzurlu, Güldanə Cavadzadə və Aşıq Azər Fərmayıloğlu şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.
Mərasimin sonunda iştirakçılara şair Hafiz Baxışın şeirlər, nəğmələr və poemalardan ibarət olan “Ana layla deyir” kitabı hədiyyə olunub.

Rufik İSMAYILOV