«Bizim beynimiz bir çox xalqlardan geri qalır»

«Bizim beynimiz bir çox xalqlardan geri qalır»

Müsahibə
09 Yanvar 2013, 09:38 1900
“Azərbaycanda özəl şirkətlərin kinoya cəlb olunması məsələsi çox zəifdir. Çünki onların buna vəsait ayırması haradasa yox dərəcəsindədir. Dövlət isə sifariş verir və öz puluna da filmlərini istehsal etdirir. Nəticədə elə bir vəziyyət yaranır ki, prodakşınlara ehtiyac duyulmur”- deyən “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin direktoru, «Öz» prodüser mərkəzinin rəhbəri Fehruz Şamıyev “Kaspi”yə müsahibəsində milli kinomuzdakı vəziyyətlə bərabər prodüser mərkəzlərinin fəaliyyətinə də toxunub.

Kinonun inkişafı üçün prodüser filmi
- “Öz prodüser” mərkəzini yaratmaqda əsas məqsədiniz nə idi?
- Əsas məqsədimiz Azərbaycanda daha çox distribusiya, film yayımı, film reklamı və PR məsələlərini həll etməkdir. Demək olar ki, indi belə bir ixtisaslaşmış şirkət yoxdur. İstəyirik ki, Azərbaycanda dövlət, ya özəl, ya sifarişlə hazırlanan istehsal olunmuş filmin reklam kampaniyasını biz aparaq.
- İndiyə kimi hansı nailiyyətləriniz olub?
- 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Bu meydan, bu ekran” film müsabiqəsi elan olunmuşdu. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi və “Öz” prodüser mərkəzi olaraq layihəmizi müsabiqəyə təqdim etdik və qaliblərdən biri olduq. Layihəyə Mədəniyyət və Turizm Nazirliyi maliyyə vəsaiti ayırdı, filmlər hazırlandı. Biz 24 dəqiqəlik qısametrajlı “Yol” filmini çəkdik. Filmin mövzusu Qarabağla bağlı idi. Onu da deyim ki, Azərbaycanda Qarabağ mövzusunda çəkilmiş filmlər özünün bu mövzuya yanaşma tərzinə görə çox fərqlənir. Bizim layihədə hər kəsin doğulduğu torpaqda ölməsinin vacibliyindən söhbət açılırdı. Çəkilmiş 3 film arasında bizim məhsulumuz tamaşaçılar və mütəxəssislərin ən çox bəyəndiyi film hesab olundu.

Kinonun mətbəx sirləri
- Düşünürsünüz ki, prodüserlərin olması Azərbaycan kinosunun inkişafına təkan verəcək?
- Bəli, bu gün kinonun inkişafı üçün prodüserlərin yetişdirilməsində çox böyük ehtiyac var. Bunun üçün müsabiqə elan etdik və Azərbaycanda ilk dəfə olaraq ödənişli əsaslarla “Bakı Film İnstitutu” layihəsi çərçivəsində kino prodüser kursları yaratdıq. Bu kurslara bir çox yerli və xarici müəllimləri dəvət etdik. Bundan əlavə, 2011-ci ildə Avropa Kino Akademiyasının ən yaxşı prodüser mükafatı almış Zeynəb Özbatur Atakan kurslarımızda dərs dedi və 3 gün ərzində onun ustad dərsləri keçirildi. Azərbaycana belə bir isimli prodüserin gəlməsi kino sahəsində böyük hadisədir. Biz qrupda 15 nəfər gənc prodüser yetişdirdik. Bizim bu prodüser kursları prodüserliyə gedən bir addım idi. Bu üstəlik, menecer qıtlığını aradan qaldırmağa xidmət edir.
- Bu il ustad dərsləri üçün hansı prodüserləri dəvət edəcəksiniz?
- Bu il Türkiyə, İran və Rusiyadan bu sahə üzrə mütəxəssislər gələcək. Hələ ki, danışıqlar davam etdiyindən ad çəkə bilmirik. Ancaq həmişə əcnəbi mütəxəssislərə etibar etmək olmaz. Çünki onların yanaşma tərzi Azərbaycan bazarı üçün ögeydir. Xaricdən bir mütəxəssis gəlir və hansısa dünya standartına cavab verən sistemi tələbələrə öyrədir. Ancaq Azərbaycan bazarı dünya bazarından çox fərqlənir. Buranın qanunları, qaydaları ayrıdır. Buna görə yerli müəllimlərə də üstünlük verməyə çalışırıq ki, onlar bu bazarın qanunlarını, qaydalarını daha yaxşı bilirlər.
- Bu kursa ancaq İncəsənəti Universitetini bitirmiş tələbələr daxil ola bilər?
- Xeyr. Burada İncəsənəti bitirmiş çox az sayda tələbələr var. Əksəriyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin və Dövlət İdarəçilik Akademiyasının uşaqlarıdır. Bizim üçün əsas istedaddır.
- Həmin tələbələrin bu kursu bitirəndən sonra nə kimi fəaliyyəti olub?
- Kursu bitirən ilk müdavimlərimiz artıq bir neçə qısametrajlı film çəkiblər. Növbəti qrupun uşaqlarına sertifikat təqdim etmə mərasimində bu filmləri nümayiş etdirəcəyik.
- Bu gün prodüser mərkəzlərin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Prodüser mərkəzlərində demək olar ki, son illər canlanma baş verir. Misal üçün, “Nəriman film” kino şirkəti müştərək layihə olaraq Gürcüstandan da bir şirkəti birgə işə cəlb edib “Sahə” adlı filmi ərsəyə gətirdilər və çox da uğur qazandı. Azərbaycanda prodüser mərkəzlərinin fəaliyyəti hələ indi başlayır. Tammetrajlı film sahəsində çalışan prodakşınlar öz güclərinə film çəkmək üçün çox əziyyət çəkirlər. Son 1 ildə özəl şirkətləri müəyyən qədər kinoya cəlb etmək üçün bir neçə layihə həyata keçirilməyə başlayıb.

- Xarici ölkələrdə fəaliyyət göstərən prodakşnlarla bizim prodakşınları fərqləndirən hansı cəhətlərdir?
- Xarici ölkə deyəndə təkcə Avropa nəzərdə tutulmur. Avropanın kino haqqında qanunları bizdən fərqlidir. Məsələn, Qırğızıstan maddi baxımdan bizdən kasıb ölkədir, ancaq onların kinosu bizdən daha çox inkişaf edir. Özbəkistanda ildə 60 film çəkilir. Bunlar dövlət vəsaiti hesabına deyil, prodakşınların istehsalı əsasında çəkilir. Prodakşınlarımız özəl şirkətlərlə birlikdə müştərək iş görmürlər. Bu sahədə adlarını sadaladığım ölkələr bizdən çox öndədirlər. Böyük şirkətlər prodakşınlara etibar etmirlər.
- Prodakşınlar istehsal etdikləri məhsulları bazarda sata bilirlərmi?
- Xeyr. Bu bizim ən ağrılı yerimizdir. Çünki bizdə piratçılıq həddindən artıq böyükdür. Bizdə kinoteatrlarda prokat rejimi təyin olunmayıb. Mən anlaya bilmirəm ki, yeni çəkilən filmlər nə üçün birbaşa televiziyada yayımlanmalıdır? Tamaşaçı bunu nə üçün pulsuz izləməlidir? Bəs prodakşın bunun üçün kifayət qədər xərc çəkib axı, bu pulu necə geri qaytaracaq? Ona görə də çəkilən yeni filmlərimiz kinoteatrlarda göstərilməlidir və tamaşaçılar bu filmləri izləmək üçün bilet alıb filmə baxmalıdır. Bunun üçün bizə ilk növbədə kifayət qədər kinoteatr lazımdır. İkinci növbədə film yetərincə reklam olunmalıdır.

Bizim prodakşnların baxış bucağı
- “START” Gənclərin Beynəlxalq Film Festivalı artıq davamlı olaraq hər il keçirilir. Bu festivalın funksiyası nədən ibarətdir?
- Festivalın funksiyası azərbaycanlı gənclərin dünya gəncləri ilə fikir mübadilələrinin aparılmasıdır. Bu festival imkan verir ki, gənclər öz filmlərini ölkələrindən kənarda da yaya və öz həmkarına göstərə bilsin. Azərbaycanlı gənc rejissor özünün yaşıdı və həmkarı ilə dünyanın o biri başındakı həmkarı ilə ünsiyyət qura bilir və onun iş texnikası ilə tanış olur.
- Deyirlər ki, kinoya yeniliyi gənc rejissorlar gətirəcək, bəs köhnə nəsil?
- Tez-tez xatırladırlar ki, köhnə sistemi yaddan çıxartmaq olmaz. İnkişaf üçün köhnədən də bəhrələnmək lazımdır, ancaq indiki durumda qəti olaraq köhnə düşüncələrdən uzaqlaşmaq daha məqsədə uyğundur. Çünki bugünkü vəziyyət bunu tələb edir. İndi kino elə bir mərhələdədir ki, yetərincə sürətli işlər görmək lazımdır. O surətlə də heç zaman gedib arxivlə maraqlanıb oradan detallar tapmaq zamanı deyil. Dünya kinosunu öyrənib, oradakı texnologiyanı, sirləri öyrənmək daha faydalı olar.
- Azərbaycan kinosunun inkişafı üçün əsas çatışmayan cəhət nə ola bilər?
- Hər bir xalqın özünün bacardığı sahələr var. Bizim dramaturgiya baxımından beynimiz bir çox xalqlardan geri qalır. Gürcülər, qırğızlar bizə nisbətən dramaturji cəhətdən inkişaf etmiş bir xalqdır. Onlar kinonun tələblərini bizdən daha yaxşı bilirlər. Onların kinoya yanaşması maraqlıdır. Bir çox şirkətlərimiz öz reklamlarını rus, gürcü mütəxəssislərinə həvalə edirlər. Çünki fikirləşirlər ki, bizim prodakşınların baxış bucağı düzgün deyil. Bizi məişət qayğıları daha çox maraqlandırır. Biz daha çox ailəcanlıyıq. Ancaq əcnəbiləri bu maraqlandırmır. Məişət haqqında fikirləşməyən sənətkarın yaradıcılığı daha çox olur. Bu beynəlxalq bir nəticədir.
Xəyalə Rəis