• cümə axşamı, 28 mart, 22:57
  • Baku Bakı 13°C

“Bizim aşıqlar daha çox sözü anlatmağa çalışırlar”

27.12.13 10:12 2006
“Bizim aşıqlar daha çox sözü anlatmağa çalışırlar”
Aşıq Təməl Şahin Ərzrumun Ünlükaya kəndində doğulub. Aşıqlıq sənətinə uşaq yaşlarından maraq göstərib. Aşıq Turabi sənətinə hörmət olaraq Turabi təxəllüsünü alıb. Bursada Aşıqlar Dərnəyi Başkanlığını yaradıb.
Bursanın Cumalıkızık kəndində olarkən Aşıq Təməl Turabi “Kaspi” qəzetinə müsahibəsində Azərbaycan aşıqları ilə yaxından əlaqə saxladığını bildirib:
- Mən Türkiyədə Aşıq Turabi kimi tanınıram. Sizdə Aşıq Ələsgərə necə təxəllüs veriblərsə, bizdə də mənə bu təxəllüsü veriblər. Bursada aşıq kimi çalışıram, ancaq əslən ərzurumluyam. Həmçinin Bursada Yıldırım Bələdiyyəsində işləyirəm. Yıldırım Bələdiyyəsi Azərbaycanın Abşeron rayonu ilə qardaşlaşıb. Biz bu məqsədlə Azərbaycana gəldik. Bundan sonra qarşılıqlı layihələr həyata keçirməyə başladıq. Azərbaycan mədəniyyətini yaymaq üçün Bakıdan və rayonlardan bura çoxlu aşıqlar dəvət edirik. Mən də tez-tez müxtəlif konsertlərlə Azərbaycanda çıxış edir, televiziya proqramlarının qonağı olur və türkülər oxuyuram. Mənim bir sıra türkülərim var. «Bir dili danışan iki dövlət var – biri Azərbaycan, biri Türkiyə» adlı türküm Azərbaycan Televiziyasında səslənir. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Layihələrimiz bizi daha da yaxınlaşdırır.
- Bursada aşıqlıq sənətinin nə qədər tarixi var?
- Bursada aşıqlığın qədim tarixi yoxdur. Bu sənəti biz başladıq. Ayrı-ayrı aşıqlar olsa da, açıqlıq sənətini genişləndirənlər yox idi. Düzdür, Türkiyənin ayrı-ayrı bölgələrində – Qarsda, Ərzurumda aşıqlar olsa da, bizim bölgədə aşıqlıq çox inkişaf etməmişdi. Sonradan Aşıq Reyhani və mən gələrək bu sənəti tanıtmağa başladıq. Mən 12 yaşında aşıqlıq sənəti ilə məşğul olmağa başlamışam. Ustam Aşıq Kirmani bu sənətin sirlərini uşaqlıqdan mənə öyrətdi və mən də aşıqlar dəstəsinə qoşuldum.
- Sizdə aşıqlar toylara, el şənliklərinə gedirlərmi?
- Biz toylara getmirik. Bizim aşıqlar bələdiyyələrin təşkil etdiyi bütün tədbirlərdə iştirak edirlər. Demək olar ki, Türkiyənin dörd yanını dolaşırıq. Biz burada aşıqlıq məktəbi yaratmışıq. Çoxlu şagirdimiz var. Burada Barış Manço mədəniyyət mərkəzimiz var və həmin mərkəzə yığışırıq. Bu, bizim aşıqlar otağıdır və orada tələbələr yetişdiririk. Hazırda Türkiyə üzrə 800, Bursa üzrə isə 9 aşıq var. Bursadakı aşıqların hamısı da peşəkar deyillər. Onlardan 2-3 aşıq peşəkar olsa da, qalanları öyrənməyə çalışırlar.
- Bursadakı aşıqlıq sənəti ilə Azərbaycandakı aşıqlıq sənəti arasında hansısa fərq varmı?
- Fərqlər çoxdur. İlk növbədə saz fərqi var. Azərbaycanda aşıqlar qopuz çalır, bizdə isə türk sazı. Bizim sazın pərdələri çoxdur və çətinliklə çalınır. Azərbaycanlı aşıqlar ifası zamanı onları balaban da müşayiət edir, bizdə isə aşıqlar tək çıxış edirlər. Sizdə aşıqlar sazın bütün pərdələrinə toxunurlar, bizdə isə iki-üç pərdəyə vurmaqla musiqini ifa edirlər. Azərbaycanlı aşıqlar daha çox yüksəkdən oxumağı sevirlər, bu zaman sözlər ortada itir, onları anlamaq çətin olur. Bizdə isə aşıqlar həm danışır, həm də oxuyurlar. Bizim aşıqlar daha çox sözü anlatmağa çalışırlar.
- Aşıqlıq sənətini inkişaf etdirmək üçün hansı layihələr həyata keçirirsiniz?
- Biz hər il dövlətlərarası festival təşkil edirik. Hər il iyul ayının ilk həftəsində biz festival keçiririk. Bu ay bizim üçün xüsusidir. Bələdiyyə başqanı da «Bu, özəl bir gündür, bu tarixi dəyişməyin» dedi. Gələn il artıq festivalın 10 illik yubileyini keçirəcəyik. Həmçinin aşıqlar bayramı təşkil edirik. Bu bayramlara Türkiyənin hər bölgəsindən və başqa ölkələrdən aşıqlar dəvət olunur. Bu, həmçinin başqa ölkələrin aşıqlıq sənəti ilə tanışlıq, həm də ölkələr arasında əlaqə yaradır. Bu işlərin həyata keçməsində buradakı bələdiyyə bizə çox kömək edir.
- Yaşadığınız kənddə aşıqlıq sənəti nə qədər sevilir?
- Cumalıkızık Osmanlının ən qədim kəndidir. Bu kənd Osmanlı şəhər arxitekturasının ən görkəmli kənd nizamını indiki zamana çatdıra bilib. Cumalıkızık, son illərdə ölkəmizlə yanaşı bütün dünyada da tanınmağa başlayıb. Bura mədəniyyət abidələrindən başqa, təbii abidələrlə də zəngindir. Bircə yazısına da, bircə daşına da toxunulmayıb. Cümalıkızık sanki açıq hava altında tarix muzeyidir. Türkiyə bu kəndi YUNESKO-nun mədəni İrs siyahısına salınması üçün namizəd göstərib. Bələdiyyə başçısı 10 ildir ki, bu kənddə evlərin qorunması üçün müxtəlif layihələr həyata keçirir. Bu kənd bir cazibə mərkəzi olub və türklərin bütün gözəlliklərini özündə birləşdirir. Keçmişdə evlər necə tikilibsə elə də toxunulmaz qalıb. Kəndin 700 il yaşı var. Bu kənddə filmlər, seriallar çəkilib. Həftə sonları 3-5 min turist buralara gəlib-gedir. Xaricdən də kəndə gələnlər çoxdur. Buradakı insanlar öz əlləri ilə yetişdirdikləri meyvələri, əl sənətlərini, ağac məmulatlarından düzəltdikləri işləri, mürəbbələri, müalicəvi bitkiləri və s. satmaqla dolanırlar. Kənddə sosial həyat yoxdur. İnsanlar səhərdən-axşama qədər işləyirlər. Mən burada bir konsert təşkil etdim. Təkcə rayonun rəhbəri gəldi. İnsanlar iştirak etmədilər. Çünki onlar yalnız öz dolanışıqları ilə məşğuldurlar. Onları küçələrdən keçincə qapılarının ağzında məhsullarını satdıqları piştaxtaların arxasında və meydanda görmək mümkündür. Konsertə getmək üçün onların vaxtları yoxdur. Yəni yalnız pul qazanmaq haqqında düşünürlər. Yaşamlarında heç bir sıxıntı yoxdur. Öz həyatlarını təmin etməyi bacarırlar.
- Əgər sosial həyat yoxdursa elə isə türkülərinizi kimin üçün oxuyursunuz?
- Biz buna görə Türkiyənin başqa yerlərinə daha çox gedirik. O yerlərdə, həmçinin Bursanın başqa bölgələrində konsert zamanı adam əlindən yer tapmaq olmur. Artıq elə hiss edirəm ki, köhnə, qədim musiqilərə bir dönüş başlayıb. İnsanlar başa düşdülər ki, nə varsa Türkiyənin əski mədəniyyətində, aşıq sənətində var. Aşıq türkü söyləyərkən çalışmağı tövsiyə edir. Aşıq türkü söylərkən Mövlanəni, Yunis İmrəni, Nizami Gəncəvini, folkloru anladır. Aşıq «Çalışın içki içməyin, pis işlər görməyin» deyir. Mən universitetlərdə tələbələr qarşısında çoxlu konsertlər verirəm. Böyüməkdə olan gənclərə bu fikirləri anlatmaq lazımdır. Biz əsasən türkülər oxuyuruq. Dünyada ilk türkü evsiz-eşiksiz ozanın – Dədə Qorqudun dilindən səslənib. O vaxtdan türkülər aşıqların dilindən düşmür. Onlar bu türkülərlə el-el, oba-oba gəzirlər. İnsanları haqq-ədalətə, mərhəmətə, xeyirli işlər görməyə çağırırlar. Ta qədimdən aşıqlıq sənəti belə olub. Aşıqlar kəndləri, şəhərləri gəzərək türkülər söyləyib. Onların söylədiyi türkülər də elə xalqın həyatından, yaşam tərzindən götürülür. Ona görə aşıqlar başqa sənət adamlarından daha çox xalqa yaxın olurlar. İnsanlar aşıqların oxuduqları türkülərdə öz həyatlarını görür, duyğularını hiss edirlər. Buna görə də aşıqları çox zaman “el aşıqları” deyə çağırırlar. Bu adı daşımaq, həmişə xalqın içində olmaq, onların yaşantıları ilə yaxından tanış olmaq xoşdur. Biz bu adı qazanmaq, türkülərimizi sevdirmək üçün el-el, oba-oba dolaşırıq.
- Azərbaycanda çoxlu qadın aşıqlar var. Bəs Türkiyədə necə, qadınlar da bu sənətlə məşğul olurlarmı?
- Türkiyədə 3-4 qadın aşıqlıq sənəti ilə məşğul olur. Bizdə bu sənətlə qadınlar o qədər də məşğul olmurlar. Xüsusən Cumalkızık kəndində yaşayan insanlar qadınların aşıq olmasını o qədər də xoşlamırlar. Qadın sənətçilər konsertlərdə oxuyur, türkü söyləyirlər, amma aşıqlıq etmirlər. Bu kəndin adətləri onların aşıq olmasına mane olur. Bu üzdən aşıqlıq sənətini Türkiyədə yaşadan əsasən kişi aşıqlardır.
Təranə Məhərrəmova
Bakı-Bursa

banner

Oxşar Xəbərlər