• cümə, 29 Mart, 00:31
  • Baku Bakı 7°C

Bizim ardıcıl, düşünülmüş siyasətimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaracaq

01.01.20 15:00 780
Bizim ardıcıl, düşünülmüş siyasətimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaracaq
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnamə qəbul etdiyini, həmçinin bir sıra digər beynəlxalq təşkilatların da oxşar qərar və qətnamələr qəbul etdiklərini xatırladan dövlətimizin başçısı deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilib. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
"İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma "Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bizim ardıcıl, düşünülmüş siyasətimiz münaqişənin həllinə gətirib çıxaracaq: "İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır”.
banner

Oxşar Xəbərlər