AZE | RUS | ENG |


“Bizi zaman məhv elədi” - Fotolar

“Bizi zaman məhv elədi” - Fotolar
Şahbuz Quliyev: “Bu sənətə uyğun dövrdə gəlsəydik, bəlkə də teatra, kinoya başqalarından daha çox xeyir verərdik”

İncəsənət hər nə qədər parlaq sənət olsa da, daimi deyil. Çünki bu sənət fədai, başqa sözlə desək, qurban tələb edir. Təəssüf ki, bu sənətdə hər sənətçinin bəxti gətirmir. Şou aləmində naxış deyilən xoşbəxtlik bəzilərindən uzaq düşür. Zamanında bu sənəti müqəddəs bilib, əbədi bağlananlar sonradan bir çox səbəblərdən unudulurlar, buna məhkum olurlar. Ancaq onlar unuda bilmirlər ki, bilmirlər. Onlar üçün incəsənət hər nə qədər əziz olsa da, bu sənəti yalnız kənardan izləməklə ovunurlar. "Unudulmuşlar” rubrikamızın qonaqları kimi, onların incəsənətdə, teatrda şansı gətirmir. "Unudulmuş”lardan biri də Bakı Uşaq Teatrında baş inzibatçı vəzifəsində çalışan Şahbuz Quliyevdir. O, 8 oktyabr 1962-ci ildə Gədəbəy rayonunda anadan olub. 1984-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyorluğu” fakültəsində təhsil alıb. 1989-1992-ci illərdə "Azərbaycanfilm” kinostudiyasında çəkiliş truppasında inzibatçısı kimi fəaliyyət göstərib. 2004-cü ildən Bakı Uşaq Teatrında çalışır. Bütün bu illər ərzində həm də "Kuklalar”, "Əlavə təsir”, "Həyat varsa”, "Taksi” , ”Möcüzə”, "Pərvanələrin rəqsi” film və seriallarında epizodik obrazlar canlandırıb.
 
 
 
Şahbuz müəllim uzun müddətdir ki, kino və teatr aləmində öz ixtisası üzrə deyil, inzibatçı vəzifəsində çalışır. O hər gün səhnənin önündən keçir, hər gün efirdən nümayiş olunan filmləri, serialları izləyir, ancaq puç olmuş xəyalları ilə də barışa bilmir. Çünki o bu sənətə məhz aktyor olmaq üçün gəlmişdi. Aktyor kimi səhnədə ölməyi arzulayırdı. Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Ş.Quliyev deyir ki, şəraitin əlverişsizliyindən aktyor ola bilmək arzusu ürəyində qalıb. O, arzusunun ürəyində qalmasını əlverişli şəraitdə bu sənətə gələ bilməməsi ilə əlaqələndirir. İncəsənət Universitetini bitirəndən sonra Azərbaycan Dövlət Ağdam Teatrına təyinat alan müsahibimiz bir müddət bu teatrda çalışıb. Ancaq maddi problemlər onu sıxdığına görə, səhnəni tərk etmək məcburiyyətində qalıb. Beləliklə, "Unudulmuş” aktyorumuz danışır. 
 
 
 
- Şahbuz müəllim, istərdik, bizə sizi Ağdam teatrından ayrı salan səbəblərdən danışasınız. 
- Ağdam Teatrına təyinat aldıqdan sonra orada bir neçə tamaşada rol aldım. Səhnənin tozunu udmaq, orda çalışmaq və özünü aktyor kimi realizə etmək sözlə ifadə olunmayacaq qədər möhtəşəm bir hissdir. Amma aktyorluq ixtisasımı davam etdirmək üçün heç bir şərait yaranmadı. Günü bu gün də istəyərəm ki, yenidən aktyor kimi səhnədə fəaliyyət göstərim. Tələbə vaxtı müəllimlərimiz bizə deyirdilər ki, əgər bu sənətdə qala bilməyəcəksinizsə, istedadlı aktyorların yerini məşğul etməyin. Ancaq mən çox istəyirdim aktyor və ya rejissor assistenti kimi sənətimi davam etdirim. Çünki bu sənətə sevib  gəlmişdim. Bizimlə paralel oxuyan aktyorlar, rejissorlar da - zamanımızda aktyorluğu bitirənlərin çoxu bu işin ardınca gedə bilmədi. 
 
 
 
- Niyə? Buna səbəb nə idi?
- Çünki bizim teatrda işləməyimiz üçün heç bir şəraitimiz mövcud deyildi. Teatrda maaş demək olar ki, yox səviyyəsində idi. Mən də teatrdan başqa yerdə işləmirdim ki, o sahədə çalışım və ailəmi dolandırım. Vəziyyət çox çətin idi. Bu sənəti tərk etməkdən başqa çıxış yolum yoxuydu. Bizim sənətə gəldiyimiz illərdə Qarabağ hadisələri başladı. İnsanlar öz yurd-yuvalarından didərgin düşmüşdü. Ölkə təlaş içində idi. Belə olan halda heç kim sənətlə məşğul olmaq istəmirdi. 

- Bildiyimiz qədəri ilə, siz kinostudiyada da çalışmısınız.  
- Orada da administrator vəzifəsində çalışırdım. Kinostudiyada işləyəndə o qədər qaynar həyat var idi ki, biz sevinə-sevinə işimizin ardınca gedirdik. Qarabağ hadisələri başlayandan sonra kino sahəsində tənəzzül yarandı. Kinostudiyaya daxil olanda görürdüm ki, hər tərəfə sükut çöküb. Kinostudiyada "Qətldən 7 gün sonra”, "Bəxt üzüyü” filmlərində administrator kimi fəaliyyət göstərmişəm. O qədər iş var idi ki, iş dərdi çəkmirdik, düşünmürdük ki, bundan sonra nə edəcəyik. Bir film bitən kimi, növbəti film hazır idi. Bilirdik ki, hansı filmdə çalışacağıq. 
 
 
 
- Axı sizin əlinizdə hər bir imkan var idi ki, çalışdığınız filmlərdə eyni zamanda aktyor kimi də iştirak edəsiniz.
- Elə imkanlarım olub. Sözügedən filmlərdən əvvəl sənədli filmlərdə çalışmışam. Düzdür, indi də hərdən aktyor kimi dəvətlər alıram. Misal üçün, ötən il Yusif Vəzir Çəmənzəminlinin həyatından bəhs edən sənədli filmə çəkildim. Orada Çəmənzəminlinin özünü canlandırırdım. "Qətldən 7 gün sonra” filminin çəkiliş prosesləri Moskvada baş tutmuşdu. O zaman mən də paytaxtdan onlara lazım olan materialları hazırlayıb, göndərirdim. Əgər orada olsaydım yəqin ki, məni hansısa bir rola çəkərdilər. Bu mənim qismətim imiş. "Bəxt üzüyü” filmində də eyni vəziyyət oldu. Belə ki, filmin çəkilişləri Mərdəkanda bağ evində baş tuturdu. Çəkilişlərin baş verdiyi ilk iki ayı mən kinostudiyada qaldım. Komandada heç aktyorluğa aidiyyəti olmayan texniki işçilərdən istifadə edib, onları çəkmişdilər. Mən ora gedəndə isə artıq filmin əsas hissəsi çəkilmişdi.  
 
- "Bəxt üzüyü” filmində kamera arxası hansı hadisələr yaşanırdı?
- Kamera arxasında tamamilə başqa hadisələr cərəyan edirdi. Misal üçün, orda bir səhnə var idi ki, stolun üzərində qatıq olmalı idi. Həmin qatıq Tanrıverdi dayının üzünə sıçramalıydı. O qatığı tapmaq üçün çox əziyyət çəkdim. Mərdəkanı tanımırdım, o zamanlar marketlər də yox idi. Mağazalarda qatıq satılmırdı. Çox uzaq bir yerdən qatığı tapdım. Mənə deyirdilər ki, yerin dibində də olsa, onu tapıb gətirməlisən. 
 
 

- Bəs, Bakı Uşaq Teatrı ilə yollarınız necə kəsişdi?
- Artıq 14 ildir ki, Bakı Uşaq Teatrında işləyirəm. Buraya məni teatrın direktoru İntiqam Soltan özü dəvət etdi. Bizim İntiqam müəllimlə ortaq dostumuz var idi. Mən onların bir tədbirini təşkil etmişdim. Elə oldu ki, mən bu teatrda çalışmalı oldum.  

- Keçmişə baxanda, bu sənəti seçdiyiniz üçün heç peşmançılıq hissi keçirirsinizmi?
- Hərdən ona görə peşmançılıq hissi keçirirəm ki, kaş, mənim imkanım olaydı, maddi çətinliklərə dözə biləydim, aktyorluq sənətini davam etdirəydim. Digər tərəfdən də bu sənəti seçdiyim və bu sənət üzrə təhsil aldığım üçün heç də peşmançılıq hissi keçirmirəm. Əksinə, sevinirəm ki, nə yaxşı ki, mənim o cür müəllimlərim olub. Mən həyatın hər üzünü orada görmüşəm. Bəlkə də başqa sənətdə olsaydım, peşman olardım. 
 
 

- Müəllimlərinizi xatırlayırsınızmı?
- Müəllimlərimi xatırlamamaq olar? Mərhum teatr rejissoru, aktyor, pedaqoq Nəsir Sadıqzadəni, mərhum xalq artisti Mikayıl Mirzəni necə xatırlamayım? Bizim səhnə danışığı müəllimimiz Mikayıl Mirzə, aktyor sənəti müəllimimiz Nəsir Nəsibzadə idi. İndiki məqama baxanda onların əhatə dairəsinin nə qədər geniş olduğu, nə qədər ağır çəkidə olduğunun fərqinə varıram. Onlar dahi insanlar idi. Biz onlardan çox şey öyrəndik. Ancaq öyrəndiklərimizi tətbiq edə bilmədik. Bizi zaman məhv elədi. Bizim vaxtımızda bu sənətdə qalmaq demək olar ki, mümkün deyildi. Həm maddi, həm də tarixi şərait baxımından. Aktyorluq sənəti bizim üçün əlçatmaz qaldı. Bəlkə də biz teatra, kinoya çoxlarından daha çox xeyir verə bilərdik. Hamımız zamanın girdabında qovrulduq. Hərəmizi bu dalğa bir tərəfə atdı. Pərəm-pərəm düşdük. O zamanlar indiki Sumqayıt Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İslam Həsənov da bizimlə paralel oxuyurdu. Bundan başqa, İrəvan Teatrının aktyoru Əjdər Zeynalov, Sumqayıt Teatrının aktrisası Mətanət Məhərrəmova ilə qrup yoldaşı olmuşuq. Bizim uşaqların içərisində istedadlıları çox idi. Bizi zaman xərclədi. Əgər tarixi şərait imkan versəydi, mən aktyorluğu atmazdım. Bunun mənə verdiyi fiziki əzablara qatlaşmağa hazır idim. Nəsir müəllim hər dəfə bizə deyirdi ki, "əgər aktyor mətbəx dərdi çəkəcəksə, onda aktyorluqdan danışmağa dəyməz”. O, bunu geniş anlamda deyirdi. 
  
- İndi də teatrda çalışırsınız. Sahib olduğunuz sənət sizi qane etmirmi? 
- Əlbəttə edir. İndi sahibi olduğum sənətin də bütün əziyyətinə qatlaşırıq. Əgər mənim gördüyüm işə maneələr, qadağalar, müdaxilələr olmasa, teatr inzibatçılığı sənətini daha çox inkişaf etdirib teatrı maddi cəhətdən yaşada bilərəm. 2008-ci ilə qədər biz rahat şəkildə çalışdıq. Ancaq 2008-dən sonra bizə sanki bir "olmaz” qadağası qoyuldu. 
 
- Məktəblərdə biletlərin satılmağına qoyulan qadağalardan danışırsınız?
- "Məktəblərdə biletlərin satılmasına qadağa qoymaq” çox ucuz bir kəlmədir. Əslində məktəbləri idarə edən, şagirdlərin gələcək taleyi barədə düşünən insanlar bilməlidir bu tamaşa məhz uşaqlar üçündür. Bütün bunlar nə üçündür? Təbii ki, uşaqları kiçik yaşlarından tərbiyələndirib, normal yetişdirməkdən ötrüdür. Bu gün məktəblərdə narkomaniya, içki, siqaretə aludə olan şagirdlər var.  Biz şagirdlərə bu kimi vərdişlərin sonrakı nəticəsini göstəririk. Bizim teatr bütün teatrlardan fərqli olaraq ən çox maarifləndirmə istiqamətinə yönəlib. Uşaq tamaşalarımızın hamısında maariflənməyə, vətənpərvərliyə köklənmiş ana xətt var. Ancaq nədənsə bunu məktəb direktorları anlamaq istəmir. Teatrı düşmən elan ediblər.

Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001