• şənbə, 20 Aprel, 15:35
  • Baku Bakı 23°C

Bizi düşünməyə vadar edən dahilər

23.01.18 12:30 971
Bizi düşünməyə vadar edən dahilər
İohan Volfqanq Höte (1749-1832)
Böyük ömrü Fransa inqilabına, Napoleon müharibələrinə, Restavrasiya epoxasına şahid olmuş İ.V.Höte Avropa mədəniyyətinin özünəqədərki və özündənsonrakı dövrlərinin qaynağını yaradan bir mütəfəkkir idi. Herder, Kant, Bethoven, Hegel, Fixte, Şopenhauerin çağdaşı Höte bütün dahi müasirlərini və bütün tarixi düşündürən köntöy suallara dirənir ("Faust”), poeziyasında ən nəcib ideyaların axtarışına düşür, Şərqlə Qərbin vəhdət məqamları üzərində düşünür ("Qərb-Şərq divanı”), mənəviyyat təkamülünün dərinliklərində gəzişir, söz memarlığında sənətin ən uca zirvələrinə çatır, insan qəlbinin ən eşidilməz çırpıntılarına qulaq asır, böyük ehtirasların üsyan səsini coşdurur, zamanı ilə dil tapır, barışmır, Karl Avqust tərəfindən Veymar sarayına dəvət olunur, 1806-cı ildə fransız əsgərləri Veymarı talan etsələr də, onun evi salamat qalır, 1808-ci ildə Erfurtda Napoleonla söhbəti baş tutur, 1827-ci ildə Bavariya kralı onun ad günündə görüşünə gəlir, Avropanın ən mötəbər şəxsiyyətlərindən biri kimi yaşayır, yaradır və dünyadan köçür...

Hər zaman Höteyə qayıdılır – məbəd kimi. Dünya postneovəsairmodernizmdən bezəndə, klassikaya dönmək istəyəndə, yadına Höte düşür – ümumdünya harmoniyasına inanan və inandıran Höte. Təbiətin Ruhunu duyan və duyuran Höte.

İ.V.Hötenin bizim zamanlardan da keçən gələcəyə tuşlanmış baxışı – öncəgörümü belə idi: "Bəşəriyyətin həyatı nə qədər davam edirsə etsin, onun həmişə çarpışmaq lazım gələn kifayət qədər əngəlləri, gücünü artırası bəs qədər ehtiyacları olacaq. O, əlbəttə, daha ağıllı və duyarlı olacaq, ancaq daha yaxşı, daha xoşbəxt, daha qabil olmayacaq. O da yalnız ayrı-ayrı çağlarda. Mən o zamanların gələcəyini görürəm ki, artıq bəşəriyyət öz Yaradıcısını sevindirməyəcək. O, yaradılışı təzələmək üçün yenidən dağıtmalı olacaq. Mən möhkəmcə əminəm ki, hər şey buna doğru gedir və artıq uzaq gələcəkdə vaxt və müddət təyin olunub ki, bu yeniləşmə epoxası baş versin. Ancaq bunadək, əlbəttə, hələ çox zamanlar keçəcək və biz bu sevimli qoca yer kürəsində hələ min illərcə dilxoşluq etməli olacağıq...”
Təbiət
Təbiət!
Biz – təbiətlə əhatə olunmuş və çulğalanmışlar, ona dərindən varmadan haləsindən çıxa bilmərik. İstəsək də, istəməsək də, o gözlənilmədən bizi öz yallısının burulğanına qatır və yorulub əlindən üzülüncəyədək bizimlə dolanır.

O daim yeni görünüşlər yaradır; indi onda olanlar bu anacan olmamışdı; olmuşlarsa, bir daha olmayacaq, hər şey təptəzədi, hər şey də kömköhnədi. Biz onda yaşayırıq, ona yadıq. O daim bizimlə danışır, sirlərini isə açmır. Biz dönə-dönə təsir edirik ona, lakin onun üzərində heç bir hökmümüz yox. Belə görünür ki, o hər şeyi subyektə əsaslandırır, lakin bunda deyil təbiətin məramı. O əbədi yaradıb, əbədi də dağıdır, ustalığına isə çatılmaz. Çağalığındadı, özü də anadı, bəs hansıdı o? – O, yeganə sənətkardı ki, azacıq da çətinlik çəkmədən, ulu bir kamilliklə ən sadə nəsnədən ən əks ruhlu əsərlər yaradır və hər şeyə də öz zərif örtüyünü çəkir. Onun hər yaratdığının öz əsilliyi var, hər olumununsa öz anlamı – hamısı da vəhdətdə.

O, sözəgəlməz baxarlıq yaradır; bunu özü görürmü, bilmirik, fəqət bizimçün yaradır; bizsə sezilməzcə bir qıraqdan baxırıq. Onda hər şey yaşayır, kamala yetir, hərəkət edir, ancaq o irəli getmir. Əbədi olaraq təkamül edir, bircə an da qərarı yox. Nəfəs dərməyin nə olduğunu bilmir, hər cür dincliyə, ətalətə nifrət bəsləyir. Mətindi, addımları ölçülü-biçilidi, sapmaları təkdənbirdi, gərdişi döndərilməzdi. Aramsız düşünüb. Həmişə də götür-qoyda, seçib ayırd etmədədi, fəqət insan kimi yox, təbiət tək. Onun öz bütünlüyü qapsam niyyəti var, ancaq bunu heç kim fəhm eləmir.

Hətta ən qeyri-təbiidə belə təbiət var, ən qaba filisterlikdə belə onun dühasının nişanəsi nəqş olunub. Kim ki, onu hər yerdə görmür, onda heç yerdə də onunla üzbəüz deyil. O, saysız qəlblərlə özünü sevir, saysız nəzərlərlə özünə baxır. Bölüm-bölüm olunub ki, özündən həzz alsın. O dəyişib-keçməyə, gerçəyini bəlirtməyə divanəcəsinə can ataraq həzzə qadir büsbütün yeni varlıqlar əmələ gətirir.

Xəyallardan şad olur. Kim ki özündə və başqalarında o xəyalları puça çıxarır, onu ən yaman suçlu kimi cəzalandırır. Kim ki, etibarla onun yolu ilə gedir, o da onu istəkli balası kimi bağrına basır.

Övladlarının sayı yox. Hamıya qarşı mehrlidi, ancaq onun sevimliləri də var ki, onlara daha çox səxavət göstərir, qurban verir. Böyüyü öz himayəsinə alır.

Yaradacaqlarına heçlikdən binə qoyur və demir onlara ki, hardan baş alıb gəliblər və hara gedəcəklər. Onlar getməlidi: yolunu özü bilir.

Çox da cəhd eləmir, ancaq əbədi fəaliyyətində, əbədi çoxçalarlılığındadı.

Onun baxarlığı həmişə təzədi, çünki o yorulmadan yeni seyrçilər ərsəyə gətirir. Həyat – onun ən yaxşı kəşfidi; ölüm – onun üçün daha böyük həyata ötürümdü.
İnsanı qaranlıqla çulğayıb, onu əbədi olaraq işığa qovur. İnsanı yerə bənd edib, yenidən ondan qoparır.

O, zərurət doğurur, çünki hərəkəti sevir, anlaşılmaz bir yüngüllüklə də hərəkəti oyandırır. Hər zərurət bir iltifatdır, tezcə ödənilir, tezcə də yenidən doğur. Onun doğurduğu artıq zərurətlərdə də həzzin yeni mənbələri var; onsuz da hər şey yenidən tənzimlənəcək. Uzaq məqsədinə yetmək üçün hər an onunçun bir məqamdı, hər dəqiqəsində də məqsəd başındadı. O – məğrurluğun özüdü, bizim üçünsə – tutiyadır.

O, hər cocuğa özünü anlamağa imkan verir; hər anlamaz da onun haqqında fikir yürüdə bilər; minlər ötür onun yanından, görmürlər; hər olumla fərəhlənir, hamısı ilə də öz haqq-hesabını aparır. Ziddinə durduqda belə, onun qanunlarına itaət edilir; əksinə getmək istədikdə belə, onunla həmfikircə hərəkət edilir. Onun hər gördüyü iş nemətdi, çünki zəruridi. Yavaşıyır ki, ona çatsınlar, tələsiyir ki, ondan doymasınlar.

Nitqi-dili yoxdu, lakin o, danışıb-duyduğu min bir dil və qəlb yaradır.

Çələngi – sevgidi. Yalnız sevgi ilə də ona yaxınlaşmaq olar. Yaratdıqları arasında uçurumlar salıb və bütün yaratdıqları da onun ağuşunda qovuşmağa təşnədirlər. Onları ayrı salıb ki, yenidən birləşdirsin. Sevgi badəsinin dodağa bircə toxunuşu ilə o, iztirabla dolu həyatı arıda bilər.

Külldü. Özü-özünü mükafatlandırıb-cəzalandırır da, şadlandırıb-kədərləndirir də. Sərtdi və həlimdi, sevir və qorxudur, gücsüzdü və qüdrətlidi. Varlığı rəvandı. Bilmir – keçmiş nədi, gələcək nədi; onun indisi – əbədiyyətidi.

Bərəkəti aşıb-daşardı. Bütün etdikləri ilə birlikdə mən onu mədh eləyirəm. Aqildi, aramdı. Məhəbbətinə etibarı ondan qoparda bilməzsən, hərgah könüllü pay göstərmirsə, bunu ondan tovlayıb ala bilməzsən. Hiyləgərdi – fəqət xeyirxah məqsəd üçün; yaxşısı budur ki, hiyləgərliyinə məhəl qoymayasan. Tamdı və əbədi olaraq sonayetməzdi. Necə yaradırsa, əbədi də elə yarada bilər.

Hər kəsə o ayrıca bir görümdə bəyan olur. Min bir ad-anlam altında gizlənsə də – birdi ki birdi.

O gətirdi məni həyata, o da aparacaq. Mən ona inanıram. Qoy mənimlə necə istəyirsə, elə də etsin. Onun yaratdığına sevgisi tükənən deyil. Mən heç nə demədim onun haqqında. O artıq özü dedi – nə həqiqətdi, nə yanılma. Hamısı onun günahı və onun payıdı.
Cibran Xəlil Cibran(1883 – 1931)
Peyğəmbərlik ideyasını bəşəriyyətin bu ideyadan ən çox uzaqlaşdığı, bir inkarçılıq fəlsəfəsi ilə dumanlandığı çağlarda yenidən fikir üfüqlərində görükdürən Ərəb-Amerika düşünəri Cibran Xəlil Cibran o Peyğəmbərliyi göydən enən yox, yerdən çiçəklənən, təklərin, seçilmişlərin yox, hər kəsin yüksələ biləcəyi bir ali məqam kimi ayıtdı. İnsan ilahi mənəviyyatın təkcə əzəl daşıyıcısı deyil, onun hər an yaradıcısıdır. Peyğəmbərlik bəşəriyyət üçün bitmiş bir hadisə deyil, onun hər gün getdiyi Yoldur, genişləndirdiyi Üfüqdür, endiyi Okeandır, Yüksəldiyi Dağdır. Peyğəmbərlik – Bəşəriyyətin Məhəmmədləşməsi, İnsanlığın Meracıdır.

İnsanlar düşüncə və əməllərində bir-birindən fərqlənirlər. Ancaq bu çatın dərinliklərini öyrənə-öyrənə də, bir-birinə isinişir, Vəhdətə üz tutmağın yoluna yönəlirlər.
Sizin düşüncəniz vəmənim düşüncəm
Sizin düşüncəniz sosial elmlərdən, dini və siyasi lüğətlərdən ibarətdir. Mənimki sadə aksiomlardan. Sizin düşüncəniz gözəl, eybəcər, bakirə, fahişə, həssas və gicbəsər qadın haqqında danışır. Mənimki hər bir qadında bir kişinin anasını, bacısını, qızını görür. Sizin düşüncənizin mövzusu oğrular, cinayətkarlar, qatillərdir. Mənimki bəyan edir ki, oğrular monopoliyanın yetirməsi, cinayətkarlar tiranlığın püskürtüsü, qatillər onları əmizdirənlərin törəməsidir. Sizin düşüncəniz qanunlar, məhkəmələr, hakimlər və cəzalar elan edir. Mənimki izah edir ki, insan qanun yaradanda ya onu pozur, ya da itaətində dayanır. Əgər təməl qanunlar olsaydı, biz onların qarşısında bir olardıq. Alçaldan alçaltdığından aşağıdadır. Günahkara həqarətlə baxıb nifrət edən bütün bəşəriyyətə nifrət edir. Sizin düşüncəniz bacarıqlının, artistin, intellektualın, filosofun, ruhaninin qayğısındadır. Mənimki sevənin və zərifin, məsumun və vicdanlının, düzün və mehribanın, şəhidin və özünü fəda edənin sözünü danışır. Sizin düşüncəniz iudaizmin, brəhmənliyin, buddizmin, xristianlığın və islamın vəkilidir. Mənim düşüncəmdə yalnız bir universal din vardır ki, onun dürlü yolları Ali Varlığın sevən əllərinin barmaqlarıdır. Sizin düşüncənizdə zənginlər, kasıblar, dinənçilər vardır. Mənim düşüncəm deyir ki, həyatdan zəngin olan nəsə yox. Deyir ki, biz hamımız dilənçilərik, heç bir xeyriyyəçinin həyatına zəmanət yox.
Sizin öz düşüncəniz və mənim də öz düşüncəm var.

Sizin düşüncənizə görə, millətlərin böyüklüyü onların siyasətində, partiyaları, konfransları, müttəfiqləri və müqavilələrindədir. Mənimki bəyan edir ki, millətlərin əhəmiyyəti onların işində – əkin sahələrində, üzüm bağlarında, tikiş maşınlarında, daş karxanalarında, meşəçilikdə, idarə və mətbuatda işləməyindədir. Sizin düşüncəniz öygüləyir ki, millətlərin şöhrəti onların qəhrəmanlarındadır. O, Ramsesi, İsgəndəri, Sezarı, Hannibalı və Napoleonu vəsf edir. Fəqət mənimki Konfutsini, Lao-tszını, Sokratı, Platonu, Abu Talibi, əl Qəzalini, Cəlaləddin Rumini, Koperniki və Pasteri qəhrəman sayır. Sizin düşüncəniz gücü orduda, topda, döyüş gəmiləri və təyyarələrində, zəhərli qazda görür. Fəqət mənimki ağıla, qətiyyətə, həqiqətə söykənir. Tiranlıq nə qədər uzansa da, sonunda uduzur. Sizin düşüncəniz praqmatist və idealist arasında, bütövlə hissə arasında, mistiklə materialist arasında fərq qoyur. Mənimki isə anlayır ki, həyat birdir və onun çəkisi, ölçüsü və müddəti sizin çəki, ölçü və müddətinizlə uyğun gəlmir. Sizin idealist hesab etdiyiniz bir praktik də ola bilər...
Kəlamlar
Mən yolçu və səyyaham, hər gün qəlbimdə yeni ərazilər fəth eləyirəm.
Paxılın susması, dinməzliyi – həddindən artıq çığırqandır.
Şişirtmə – özündən çıxmış həqiqət.
İçimizdə iki şəxs var – biri qaranlıqda ayıqdır, o biri işıqdaykən yatıb.
Alimlə şair arasında bir yaşıl zolaq uzanıb gedir: onu adlayan alim – müdrik olur, onu adlayan şairsə – peyğəmbər.
Həqiqəti fəhm edən kəs – həqiqəti dilə gətirib deyənlə bir məqamdadır.
Mənə o zaman maraqlı olur ki, sehrbazın göstərdiyi nömrə alınmasın.
Ölüm dənizdir: yüngül olanı batırmır, ağır olanı dibinə çəkir...
Təqdimat və tərcümə:
Rahid Ulusel

banner

Oxşar Xəbərlər