• cümə, 29 Mart, 05:32
  • Baku Bakı 7°C

“Bizi birləşdirən qədim və yeni tarix var”

26.04.18 20:20 1332
“Bizi birləşdirən qədim və yeni tarix var”
Azərbaycanda keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev ilk xarici səfərini qardaş Türkiyəyə etdi. Bu səfər çərçivəsində Azərbaycan prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və bu ölkənin digər rəsmi şəxsləri ilə geniş tərkibli görüşlər keçirib. Həmçinin iki ölkə arasında keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası çərçivəsində iqtisadi, ticari, mədəni, xüsusilə hərbi-strateji əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb. Azərbaycan və Türkiyə hökumət başçılarının görüş çərçivəsində verdikləri mesajlar dünyanın diqqət mərkəzində oldu.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur: "Dövlət başçısı iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirdi ki, bizi birləşdirən qədim və yeni tarix var. Tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrünü əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyevdir. Bu münasibətlər xalqlarımızın milli maraqlarına və ortaq mənfəətlərimizə əsaslanır”.

Millət vəkili qeyd etdi ki, hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri regionda müvazinət yaradıcı faktor kimi çıxış edir, işğalçı Ermənistan istisna olmaqla, digər bütün region ölkələri üçün mühüm əməkdaşlıq platforması yaradır: "Ona görə də iki ölkənin qarşılıqlı münasibətləri təkcə ikitərəfli münasibətlər kimi deyil, bütövlükdə regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradan münasibətlər kimi nəzərdən keçirilməlidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən BTC, BTƏ, BTQ kimi böyük iqtisadi tutuma və ciddi strateji çəkiyə sahib olan layihələr Türkiyəni mühüm infrastruktur dəhlizi halına gətirib. Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə, həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Hazırda isə 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Türkiyədə bütün bunlar yüksək qiymətləndirilir”.

H.Məmmədov vurğuladı ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard yatırım, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard sərmayə qoyub: "Bu dost və qardaş ölkə Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük ticari-iqtisadi tərəfdaşıdır. Əldə edilən bu mühüm nailiyyətlər yeni perspektivlər yaradır. Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də iki ölkə arasında keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında bütün bu məsələlər ətraflı müzakirə edildi. Xeyli sayda müqavilələr imzalandı. Diqqət etsək, bu müqavilələr sosial-iqtisadi sahədən başlamış, elmi-mədəni, hətta hərbi-strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir. Prezident İlham Əliyev qeyd etdi ki, Türkiyə hazırda dünya gücüdür, onun çox inkişaf etmiş müdafiə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsi ilə də bağlı müqavilələr imzalandı. Bunlar Azərbaycanın hərbi-siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə aparırlar. Bu mövzuda danışan Prezident İlham Əliyev bildirdi ki, Türkiyənin uğurla həyata keçirdiyi "Zeytun budağı” antiterror əməliyyatı həm də bizim məsələ idi. Doğrudan da əgər bu əməliyyat nəticəsində çoxsaylı terrorçular zərərsizləşdirilməsəydi, bir müddət sonra Ermənistan vasitəsilə ölkəmizdə də terror aksiyaları həyata keçirə bilmə ehtimalları, əlbəttə istisna deyildi. Ayrıca, Türkiyə Qarabağ probleminin həlli məsələsində Azərbaycana ən çox dəstək verən ölkədir və bu məsələdə daima səmimi şəkildə ölkəmizin yanında, beynəlxalq hüququn tərəfində olub. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin təhlükəsizliyini birlikdə təmin etməsi zərurətini yaradır. Elə Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğan da bunu edərək, XXI əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar. Bu isə təkcə iki ölkənin təhlükəsizliyi deyil, regionda mövcud olan bütün sülhsevər dövlətlərin əməkdaşlığı və təhlükəsizliyidir”.

Millət vəkili Musa Qasımlı bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir: "Ölkələrimizin dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Biz eyni köklü xalqlarıq, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz eynidir. Münasibətlərimizin təməlində bu amillər durur. İki ölkə arasında münasibətlər beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə etməsi Azərbaycan dövlətinin xarici siyasətində qardaş ölkənin tutduğu yeri göstərir. Bizimlə strateji tərəfdaş olan Türkiyə ilə əməkdaşlığın böyük perspektivləri var. Bu əməkdaşlıq diplomatik, siyasi, ticari, iqtisadi, elmi, texniki, mədəni, humanitar, hərbi və başqa sahələri əhatə edir. Səfər zamanı imzalanan sənədlər bir daha göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı var”.

M.Qasımlı qeyd etdi ki, bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni bir səhifə açacaq: "Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli əhəmiyyət kəsb etmir, eyni zamanda, regionda və dünyada gedən bir çox proseslərə təsir göstərir. Bu gün Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə olmayıb. Azərbaycan-Türkiyə münasibətləri regionda qüvvələr nisbətinin dəyişməsinə, geosiyasi şəraitə ciddi təsir göstərir. Bu gün məhz Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində böyük geosiyasi layihələr həyata keçirilib və bu layihələr Avrasiyanın simasını dəyişib. Biz Avrasiyanın energetika və nəqliyyat xəritəsini cızırıq. Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bütün bu işlərin görülməsi, xüsusən neft-qaz boru kəmərlərinin, nəqliyyat, kommunikasiya xətlərinin çəkilməsi Azərbaycanın və Türkiyənin liderlərinin əzmkarlığı nəticəsində mümkün olub. Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var. İki ölkə arasındakı münasibətlər regionda münaqişələrin davam etməsində, onların uzadılmasında maraqlı olan dövlətlərə bir cavabdır”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər