• cümə, 29 Mart, 12:24
  • Baku Bakı 14°C

Bizə yaraşmayan bizimkilər

04.07.15 11:47 1442
Bizə yaraşmayan bizimkilər
Bizdə belə bir yanaşma var ki, pulu,vəzifəsi olanın qarşısında üçqat əyilmək lazımdır. Gündən-günə qatların sayı da arta-arta gedir.
Axı nəyə görə? Niyə elə düşünürsünüz ki, pulu, vəzifəsi olana salam verəndə burnunuz yerə dəyməlidir?
Vəzifəlinin, pullunun qarşısında əyilən insanlara nifrət edirəm. Təkcə mən yox. Şərəf və ləyaqəti olan hər kəs. Özünə sual ver: qarşısında əyildiyin şəxsdən nəyin əskikdir - qeyrətinmi, vicdanınmı, şərəfinmi?! Əgər pul hörmətsizi hörmətli, kişi olmayanı kişi, şərəfi olmayanı şərəfli edirsə, o zaman pul bitəndə bunların heç biri qalmayacaq artıq.
* * *
İnsanımızın digər pis xəstəliyi yekəxanalıqdır. Vəzifə, beş-on manat pul görən kimi insanlıqdan çıxır. Onların bir istəyi var: hamıdan seçilsinlər. İstədikləri odur ki, onlara aşağıdan yuxarı baxasınız.
Bu yaxınlarda başıma gələn əhvalatı yazacağam. Yas mərasimidir.Keçib əyləşdim qapının yanında. Məndən sonra tanış biri daxil oldu. Məni görüb yanımda əyləşdi. Bir az oradan, bir az buradan söhbət edəndən sonra çadıra kostyumlu biri daxil oldu. Keçib əyləşdi baş tərəfdə.
Yanımdakı tanış mənə batıq səslə deyir: “Niyə görüşmədin onunla? Ayıb oldu. Bilirsən heç o kimdir? Nə qədər mal-mülkü var eee. Xaricdə biznesi-filan var”.
Buna cavab vermədim. Çünki hiss etdim ki, boynunu əyməyə, diz çökməyə, sahibindən hər sözü eşitməyə hazır olan şəxsdir.
Heç bir heyvan, cinsindən asılı olmayaraq, heç bir heyvanın qabağında əyilmir. Yəni biz heyvan qədər də ola bilməyəcəyik?
* * *
Bir də bu var bizdə: evində sözü keçməyən, hörməti olmayan birisi çalışır ki, bayıra çıxan kimi müəllimlik etsin. Yaşından asılı olmayaraq. Harada özündən beş yaş kiçik görür, başlayır öyüd-nəsihət verməyə. Elə bilir hamı tələbədir. Özü də elə danışacaqlar ki,sanki bunlar dünyanı Allahla şərik yaradıblar. Verdikləri nəsihətin biri bir qəpiyə. Hərdən mənim də qarşımda belələri peyda olur. Başlayırlar ağıllarına nə gəldi danışmağa. Öz aləmlərində ağıl öyrədirlər.
Onları dinləyirəm – həm dinləmək mədəniyyətdir, həm də maraqlı gəlir. Nə də olsa, onların da kiçik dünyası var. Siz də dinləyin onları. Sanki siz psixoloqsunuz, onlar da psix. Əslində elə doğrudan da, belədir...
Seymur Süleymanov
banner

Oxşar Xəbərlər