Bizə uşaq ombudsmanı lazımdırmı?
Son günlərdə 10 yaşlı Nurayın hekayəsi
cəmiyyətdə böyük ajiotaj yaratmaqla yanaşı, uşaq hüquqları məsələsini də
bir daha gündəmə gətirdi. Belə ki, uşaq
hüquqlarına dair bəzi boşluqların olduğu
ortaya çıxdı. Dünya təcrübəsində bu kimi
həssas məsələlər zamanı Uşaq Ombudsmanı adlı bir qurum da məsələnin həllinə
müdaxilə edir. Bəs görəsən, bizdə niyə
uşaq ombudsmanı yoxdur? Ümumiyyətlə, uşaq ombudsmanın ehtiyac varmı?
Millət vəkili
Gövhər Baxşəliyeva deyir ki, belə bir qurumun yaradılması problemlərin həllinə yardımçı ola bilər:
"Əslində konkret olaraq deyə bilmərəm ki,
belə bir qurum yaradılsın, ya yox.
Əslində bütün ölkələrin qanunlarında,
o cümlədən də bizim qanunvericiliyimizdə bu kimi situasiyalarda məsələnin həlli aydın
şəkildə göstərilir. 10 yaşında uşaq zorla kimdənsə alınıb kiməsə verilə bilməz.
Burada hüquqi mexanizm var. Həmçinin,
uşağın kiminlə yaşamasına dair mübahisə varsa, uşağın da rəyi mütləq soruşmaq
lazımdır. Uşaq kiminlə yaşamaq istədiyini özü deməlidir. Gərək hər kəs səbirli
olub, həmin uşağın etimadı, istəyini, sevgisini tədricən qazanmağa çalışsın. Yoxsa, uşağı zorla, ağlaya-ağlaya kiməsə vermək
olmaz. Uşaq kimin yanında özünü inamlı, təhlükəsiz hiss edirsə, orada da
qalmalıdır. Belə situasiyalarda böyüklərin marağı üstünlük təşkil etməməlidir.
Mütləq uşağın marağı nəzərə alınmalıdır. Məsələnin hüquqi tərəfinə gəlincə isə
qanunlar 10 yaşında uşağın rəyini nəzərə
alır. Bütün dünyada da qanun belədir. Bir-iki yaşında olan uşaqlar isə qanuna
görə anada qalmalıdır. O ki, qaldı uşaq ombudsmanın yaradılması məsələsinə, bəlkə
də belə bir əlavə qurumun yaradılması yaxşı olardı. Bu haqda dəqiq nəsə demək düzgün olmazdı.
Qanunvericiliyimizdə bu kimi mübahisəli məsələlər dair kifayət qədər maddələr
var. Amma belə bir qurumun da olması
problemləri çözməyə yardımçı ola bilər”.
Azərbaycan
Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə qəzetimizə
açıqlamasında bildirdi ki, belə bir qurumun yaradılması mexanizmin təkmilləşməsinə
dəstək ola bilər: "Azərbaycanda insan
hüquqları üzrə xüsusi müvəkkil- ombudsman var və o, əlbəttə ki, istər böyüklərin, istərsə də uşaqların
hüquqlarının müdafiəsi istiqamətində iş aparır.
Düzdür, bir çox ölkələrin təcrübəsində uşaq ombudsmanı var. Əlbəttə, mən
də düşünürəm ki, uşaq hüquqları üzrə
ombudsman ayrı olsa, daha yaxşı olar.
Hesab edirəm ki, bu qurum belə həssas məsələlərin həlli zamanı daha
yaxşı nəticələrin əldə olunmasına gətirib çıxarar. Uşaq hüquqları üzrə
ombudsmanın yaradılması ilk olaraq bu
sahə üzrə mexanizmin təkmilləşdirilməsinə təkan verəcək. Elə son hadisədə də məlum
gördük ki, icraçılar qüvvəyə minmiş məhkəmə qərarını icra edərkən, müəyyən mənfi
hadisələr baş verdi. Böyüklərin arasında olan mənfi münasibət belə halın yaşanmasına gətirib çıxardı. Əlbəttə
ki, uşağın əvvəlcədən psixoloji yardım
almasına çalışmaq lazım idi. Bu məsələdə psixoloq və sosial işçinin iştirakı çox vacib idi. Əgər öncədən
bu tədbirlər görülsəydi və bu kimi amillər
tənzimlənsəydi, yəqin ki, belə hallar yaşanmazdı. Təəssüf ki, bəzən məhkəmələrdə valideynlər arasında olan
mübahisələr zamanı uşaqların kimin yanında qalmaq istəyi də nəzərə alınmır. Valideynlər
öz ambisiyaları əsasında iş görürlər, məhkəməyə təzyiq edirlər. Əgər mexanizm təkmilləşdirilərsə, belə neqativ
halların da qarşısı alınar”.
Ombudsman
Aparatının aparat Aydın Səfixanlıisə Trendə açıqlamasında bildirib ki, Azərbaycanda uşaq ombudsmanı təsisatının
yaradılması məsələsi gündəmdə deyil.
Uşaq ombudsmanı təsisatının yaradılması məsələsinin dəfələrlə
qaldırıldığını deyən A.Səfixanlı bu gün yeni təsisatın yaranması məsələsinin
gündəmdə olmamasının səbəbini də açıqlayıb. A.Səfixanlı hesab edir ki, hazırda
Ombudsman Aparatı uşaq hüquqlarının müdafiəsi sahəsində tam, əhatəli şəkildə fəaliyyət
göstərir. Buna görə də xüsusiləşmiş yeni qurumun yaradılmasına ehtiyac yoxdur:
"Əvvəllər bir çox ölkələrdə xüsusiləşmiş uşaq obmudsmanları var idi. Amma daha
sonra gördülər ki, bu işlərin bir ombudsman tərəfindən həyata keçirilməsi daha
səmərəlidir. Ona görə, onlar da mərkəzləşdirilmiş ombudsman təsisatına üstünlük
verdilər. Çünki bəzən bir hüququn pozulma səbəbi digər hüquqların pozulması ilə
qarşılıqlı əlaqədə olur. Ona görə də uşaq ombudsmanları digər sahələrə müdaxilə
edə bilmirlər. Amma bu gün ümumi ombudsman uşaq hüquqları üzrə beynəlxalq sənədlərdə
təsbit olunmuş hüquqları tam və geniş şəkildə müdafiə edə bilir. Bu gün Azərbaycan
ombudsmanının malik olduğu səlahiyyətlər uşaq hüquqlarının daha səmərəli müdafiəsinə
imkan verir”.
Şəbnəm Mehdizadə