• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

Bizə məxsus ruslaşdırılan adlar

21.05.18 10:30 550
Bizə məxsus ruslaşdırılan adlar
Son illər ərzində Azərbaycanda Türkiyə istehsallı serialların qəhrəmanlarının adlarına marağın artması ilə yanaşı, yenidoğulanlara Azərbaycan adlarının rus dilində olan tələffüzü ilə qoyulması, başqa sözlə, adların ruslaşdırılması halları da müşahidə edilir.
Trend-in apardığı araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan dilində olan adların "rusdilli ad”lara çevrilməsi üçün əsasən adın qrammatik baxımdan düzgün yazılışında olan "ə” saiti "a” saiti ilə əvəz edilib.
Araşdırmalardan belə qənaətə gəlmək olar ki, "rusdilli ad”lar arasında ən geniş yayılanı nöqsansız, tam, yetkin, kamala çatmış, savadlı, elmli mənasını verən, ərəb mənşəli Kamilə adıdır. Sadəcə olaraq, bu ad əksər hallarda yenidoğulanlara Kamilə kimi deyil, Kamilla, bəzən isə Kamila kimi qoyulur.
Yeri gəlmişkən qeyd edək ki, son 5 il ərzində yenidoğulanlara bu adın ruslaşdırılmış formada qoyulması halları onun dilimizin qrammatik qaydalarına uyğun, yəni düzgün yazılış forması ilə qoyulması hallarından çox olub. Belə ki, son 5 il ərzində Kamilə adını cəmi 143 nəfər öz uşağına qoyub. Bu müddətdə Kamilla adı 157, Kamila 19 nəfərə qoyulub.
Azərbaycanda rus dilinə uyğunlaşdırılaraq uşaqlara qoyulan adlar sırasında dini hesab edilən adlar da yer alıb.
Son 5 il ərzində Madina (düzgün yazılış forması: Mədinə) 89, Fatima (Fatimə) 48, Zeynab (Zeynəb) 41, Maryam (Məryəm) 37, Zehra (Zəhra) 22, Zahra (Zəhra) 25, Xadica (Xədicə) 6, Zuleyxa (Züleyxa) 6 nəfərə qoyulub.
Azərbaycanda ruslaşdırılan adlar arasında geniş yayılan adlardan bir də Səfurədir.
Fars mənşəli, zərif, yaraşıqlı, incə mənasını verən Səfurə adı son 5 il ərzində 72 uşağa Safura adı kimi qoyulub.
Ruslaşdırılan digər adlara gəldikdə, son 5 ildə Azərbaycanda Dəniz adı 77 nəfərə Deniz, Aliyə adı 63 nəfərə Aliya, Səbinə adı 37 nəfərə Sabina, Səidə adı 27 nəfərə Saida, Samirə adı 23 nəfərə Samira, Gülnarə adı 10 nəfərə Gülnara, Elyanə adı 9 nəfərə Elyana, Lalə adı 9 nəfərə Lala, Aynurə adı 6 nəfərə Aynura, Səma adı 5 nəfərə Sema, Elnarə adı 4 nəfərə Elnara, Səmayə adı 4 nəfərə Samaya, Şəfa adı 4 nəfərə Şafa, Rübabə adı 1 nəfərə Rubaba, Çinarə adı 2 nəfərə Çinara, Nailə adı 2 nəfərə Naila, Nərmin adı 3 nəfərə Narmin, Elnurə adı 3 nəfərə Elnura, Nərminə adı 2 nəfərə Narmina, Cəmilə adı 1 nəfərə Camila və Validə adı 1 nəfərə Valida kimi qoyulub.
Bəzi adlar isə uşaqlara qısaldılmış formada qoyulub. Son 5 ildə 5 nəfərə Ema, 15 nəfərə Elya, 1 nəfərə Ayka və s. qoyulub.
banner

Oxşar Xəbərlər