• cümə, 29 Mart, 02:10
  • Baku Bakı 7°C

“Bizə ikinci Kreml lazım deyil”

14.06.13 16:50 1755
“Bizə ikinci Kreml lazım deyil”
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov həbsdə olan İlqar Məmmədov barədə Avropa parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib. APA-nın məlumatına görə, Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, Avropa Parlamentində “Azərbaycan: İlqar Məmmədov məsələsi” adlı qətnamənin qəbul olunması bu qurumda bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyinin nümayişidir.
O qeyd edib ki, Azərbaycan dövləti bu kimi addımları qəbulolunmaz hesab edir: “Xırda məsələləri şişirdib dünyaya yaymaq üçün çalışmalar aparırlar. Məqsəd Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərməkdir”.
N. Məmmədovun sözlərinə görə, əslində belə mövqe Azərbaycanın bu ölkələrlə əməkdaşlığına yardım etmir: “Belə bir addımın özü demokratik prinsiplərə tamamilə ziddir. Çünki 754 deputatı olan Avropa Parlamentində 5-6 nəfər şəxsi maraqlar müstəvisindən çıxış edərək bu cür layihə irəli sürüblər. Müzakirələr zamanı isə 10-15 nəfərin səs verdiyi qətnamənin Avropa Parlamentinin sənədi kimi qəbul olunması tam mənada demokratik prinsiplərə ziddir. Biz də o deputatlara deyirik ki, siz kimsiniz ki, Azərbaycana göstəriş verəsiniz, bizimlə amiranə tonla danışasınız? Biz belə addımları heç vaxt qəbul edə bilmərik. Bu, Azərbaycanla Avropa İttifaqı, ayrı-ayrı Avropa ölkələri ilə yüksək səviyyəli əməkdaşlığa xələl gətirir, mane olur. Azərbaycan artıq elə dövlətdir ki, onunla yuxarıdan aşağıya baxaraq danışmağa ehtiyac yoxdur. Bizə ikinci Kreml lazım deyil. Əgər Avropa Parlamenti ədalətlidirsə, Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə dinc insanların hüquqlarını müdafiə edən sənədlər qəbul etsin. Təəssüf ki, biz bunu görmürük. Bunun əvəzində isə İlqar Məmmədov haqqında sənəd qəbul edirlər. Biz bilirik ki, İlqar Məmmədov həmin dairələrin kadrıdır, ona görə də, belə bir addım atıblar. Amma Azərbaycana bu cür addımlarla təzyiq göstərmək mümkün deyil”.
banner

Oxşar Xəbərlər