• şənbə, 20 Aprel, 07:52
  • Baku Bakı 14°C

«Bizə dəstək lazımdır»

16.10.14 12:35 2259
«Bizə dəstək lazımdır»
Uzaq Avstraliyada Azərbaycan mədəniyyətini, tarixini, musiqisini tanıdan bir cəmiyyət var - Azərbaycan Mədəniyyət Assosiasiyası. Dərnəyin rəhbəri Həcər Malik bu günlərdə Bakıda qonaq olarkən rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı “Kaspi”yə danışdı.
Azərbaycanı tanıtmaq üçün

- İllər öncə vətəndən ayrılıb uzaq bir ölkədə məskunlaşmaq çətin olmadı ki?
- Mən ailəmlə birlikdə 1988-ci ildə İrandan Türkiyəyə getdim. Daha sonra Avstraliyaya köçdük. O zaman çox ağır illər idi. Həmçinin Azərbaycan üçün də çətin dövr idi. Biz qürbətə öz xoşumuzla düşmədik. Vətəndən ayrılmağımızın çox səbəbləri oldu. O zaman mən çox cavan idim. Öz torpağımı, Vətənimi çox sevirdim. Bu gün də sevgim dəyişməyib, əksinə daha da çoxalıb. Azərbaycanı sevməyi qardaşımdan və anamdan öyrəndim. Qardaşım gözəl şeirlər yazırdı. Həmin şeirlərə qulaq asıb ağlayardım. O zaman yaşadığım şəhərdə - Kamberrada azərbaycanlılar az idi. Orada yaşayan azərbaycanlıları da tanımırdım. Amma farslar çox idi. Bir gün Azərbaycandan bir xanəndənin gəldiyini söylədilər. Həmin xanəndənin Zeynəb Xanlarova olduğunu bilincə, çox sevindim. Mən həmin konsertə getdim. Zeynəb xanımın həm şən, həm də qəmli mahnılarını dinləyib xeyli ağladım. Konsertin təşkilatçıları olan türklər səhəri gün mətbuat konfransı keçirdilər. Zeynəb xanım orada adımı soruşdu. Sonra da «Sən heç qoymadın ki, mən nə oxuduğumu bilim, elə hey ağladın» - dedi. Mən həmin konsertdə çoxlu azərbaycanlılarla tanış oldum. Zeynəb xanım sanki azərbaycanlılarla əlaqəmin yaranmasında iştirak etdi. İqdırdan, Cənubdan, Şimaldan olan azərbaycanlıları məhz o konsertdə tanıdım. O gündən bəri mən həmin insanlarla yoldaşlıq edir, birgə çalışırıq. Onlarla birlikdə Azərbaycanı tanıtmaq üçün əlimizdən gələn işləri görür, həmişə Azərbaycanın səsini eşitdirməyə çalışırıq.
- Hazırda Avstraliyada yaşayan azərbaycanlıların ölkəmizin təbliğatı ilə bağlı fəallığı necədir?
- Statistikaya görə, Avstraliyada 40 min azərbaycanlı yaşayır. İranda yaşayan azərbaycanlıların sayına görə bu rəqəmi müəyyənləşdiriblər. Ancaq Azərbaycan səfirliyinin məlumatına görə, Şimali Azərbaycandan 400 azərbaycanlı yaşayır. Yerli əhali get-gedə Azərbaycanı daha çox tanımağa başlayıb. «Euroviziyon» müsabiqəsindən sonra Azərbaycan haqqında daha çox maraqlanmağa başlayıblar. Onlar müxtəlif saytlara daxil olur, Azərbaycan haqqında məlumat toplayırlar.
- Siz Azərbaycanı tanıtmaq üçün əsasən hansı işləri görürsünüz?
- Bizim cəmiyyət 1992-ci ildə yaranan cəmiyyətin davamçısıdır. Cəmiyyətimizin ilk qərarı dilimizi qorumaqla bağlı oldu. Qərara gəldik ki, öz aramızda Azərbaycan dilində danışaq. Buna baxmayaraq, buna hələ də nail ola bilməmişik. Yarımız ingilis, yarımız fars dilində danışırıq. Hazırda bu assosiasiyanın 30 aktiv üzvü var. Veb səhifəmiz fəaliyyətdədir. Tariximiz, mədəniyyətimiz, mətbəximiz haqqında məlumatlar bu səhifədə yer alıb. Həmçinin ən böyük problemimiz olan Qarabağ haqqında da bilgilər var.
Biz Avstraliyada Azərbaycanla bağlı müxtəlif tədbirlər keçiririk. Həmin tədbirlərdə təkcə orada yaşayan azərbaycanlılar, iranlılar deyil, həmçinin yerli millətdən olan insanlar da iştirak edir. Xocalı faciəsi ilə bağlı şəkilləri, broşürləri, video çarxları görüb onlar dəhşətə gəldilər. Onlar bizimlə bərabər ağlayırdılar. Həmçinin mədəni tədbirlər həyata keçiririk. İfa ediləm musiqilər, rəqslər Azərbaycanı tanıdır. Ən böyük uğurumuz «Odlar yurdu» adlı rəqs qrupu yaratmağımızla bağlıdır. Onlar 28 May bayramında gözəl ifa nümayiş etdirdilər. Bu qrupun bütün üzvləri avstraliyalı qızlardır. Onlar bizim musiqimizlə, rəqslərimizlə çox maraqlanırlar. Rəqqasələrin kostyumlarını da mən özüm tikmişəm. Onlar bu kostyumda rəqs etməyi çox sevirlər. Mən ixtisasca dizaynerəm. Hazırda moda dizayneri kimi Azərbaycan kostyumları üzərində işləyirəm.
Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov rəqs qrupunun ifasını görüb çox bəyəndi. Onların bədii rəhbərini Azərbaycana göndərmək haqqında düşünürük. Bu qrup Azərbaycan adı ilə festivallara qatılır. Həmin festivallarda çıxışlar Azərbaycanı xeyli tanıdır. Novruz Bayramı tədbirlərimiz də maraqla qarşılanır. Bundan əlavə, tarixi günlərdə tədbirlər keçirir, Azərbaycanla bağlı təbliğat aparırıq. Biz bu cür təbliğatları daha çox əcnəbi millətlər arasında həyata keçiririk. Çox zəngin xəzinəmiz var – musiqi əsərləri, ədəbiyyatımız rəngarəngdir. Bu baxımdan, çətinliyimiz yoxdur. Amma ölkə xəritədə coğrafi baxımdan Azərbaycandan çox uzaq olduğundan əlaqələrdə müəyyən çətinliklər yaradır. Biz hazırda Azərbaycan evini açmaq haqqında düşünürük. Səfirlik bununla bağlı bizə dəstək də göstərir. Artıq aramızda “Azərbaycan Evi” yaratmaq ruhu var. İllərdir “Azərbaycan Evimiz yoxdur”- deyə, çabalamışıq. İndi ümidlə deyə bilərəm ki, yaxınlarda Azərbaycan Evini açacağıq. Orada Azərbaycan ab-havası olacaq. Oradakı muzeydə şəkillər, Azərbaycan xalçaları, kilimləri, ədəbiyyat, musiqi diskləri, Azərbaycanın tarixi günləri ilə bağlı broşürlər, Qarabağla bağlı təbliğat materialları yer alacaq. Həmçinin zəngin kitabxanamız da olacaq. Azərbaycan Evində rəqs kollektivinin məşqlərini, musiqi və şeir gecələri keçirməyi düşünürük. Bütün bunları həyata keçirmək bizim arzumuzdur. Bunları gerçəkləşdirmək üçünsə Azərbaycandan olan həmvətənlərimizin dəstəyinə də ehtiyacımız var.
Böyük xəzinə ilə qayıdıram

- Özünüz də dediniz ki, coğrafi baxımdan Avstraliya Azərbaycandan xeyli uzaqdır. İncəsənət ustalarımız bu ölkəyə gəlib çıxa bilirlərmi?
- Bir az çətin gəlirlər. 18 il bundan əvvəl Yaqub Zurufçu gəlib. 2 il bundan əvvəl Cavid Hüseynin konserti baş tutdu. Eyni zamanda, Ağaxan Abdullayev və Mələkxanım Əyyubova da maraqkı proqramla çıxış ediblər. Son 20 il ərzində gələn müğənnilər yalnız bunlardır. Bu, bizim üçün yetərli deyil. Ümidimiz odur ki, Azərbaycan Evi fəaliyyətə başlayandan sonra biz əlaqələrimizi daha da sıxlaşdıraq. Təbii ki, bizə dəstək lazımdır. Böyük büdcəmiz yoxdur. Azərbaycanın Mədəniyyət Nazirliyindən, Diasporla İş üzrə Dövlət Komitəsindən bizim işimizə dəstək göstərəcəklərinə ümid edirəm. Dünyada bizim kimi nisgilli millət yoxdur. Bu nisgilimizi dünyaya çatdırmalıyıq. Ancaq o ölkədə Azərbaycanı tanıtdırmaq, səsini eşitdirmək o qədər də asan deyil.
- Bəs Azərbaycan diasporunun oradakı fəaliyyəti hansı səviyyədədir?
- Avstraliyada 3 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onlar da əllərindən gələni edirlər. Sadəcə işlərin miqyasını genişləndirmək, əlaqələri daha da möhkəmləndirmək lazımdır. Çətinliyimiz ondadır ki, bir tədbir keçirəndə, məsələn, qarmon ifaçısını Melbrundan, pianoçunu Brisbendən, digərini Sidneydən çağırırıq. Onları bir araya yığıb konsert təşkil etmək çətin işdir. Orada Bəhram Şükürlahzadə adlı gözəl xanəndəmiz var. Onun arzusu Azərbaycan musiqiçiləri ilə bir yerdə konsert verməkdir. Azərbaycanla əlaqələrimizin sıxlaşmasına ehtiyac var.
- Bu gəlişinizdə Azərbaycanla hansı əlaqələri yarada bildiniz?
- Bu gəlişimdə böyük alimlərlə görüşdüm. Millət vəkili Sabir Rüstəmxanlı ilə vaxtilə Avstraliyada tanış olmuşdum. Yenidən Bakıda onunla və həyat yoldaşı Tənzilə xanımla görüşdüm. Tanınmış şairə Sona Vəliyeva ilə tanış oldum. Onun «Arazbarı»sını dinlədim. Bu əsər mənə çox təsir etdi. Mənə gözəl kitablar, musiqi diskləri, CD-ləri hədiyyə olundu. Milli Elmlər Akademiyasının cənub şöbəsi ilə tanış olduq və çox gözəl kitablar hədiyyə aldıq. Bizim kitabxanamız üçün gözəl hədiyyələrlə gedirəm. Əlimdə çox böyük xəzinə ilə qayıdıram. Təkcə orada yaşayan azərbaycanlılar üçün deyil, avstraliyalılar üçün də böyük bir xəzinədir. Biz Azərbaycan mədəniyyətini, musiqisini onlara tanıtmaq üçün çalışırıq.
Həmçinin Naxçıvana gedib bacı-qardaşımla görüşdüm. Naxçıvanın tikinti naziri mənə “Mömünə xatun” abidəsinin gümüşdən olan suvenirini hədiyyə etdi. Mən bu hədiyyəni də muzeyimizdə saxlayacağam. Həmçinin Nuh peyğəmbərin məzarının yeni bərpadan sonrakı mənzərəsi ilə tanış oldum. Bu, möhtəşəm bir görüntü idi. Bu dəfə həm ziyalılarımızla görüşlərimiz, həm də proqramımızın digər hissələri çox uğurlu keçdi.
- Təbrizə gedib-gəlirsinizmi?
- Ustad Şəhriyarın yaxın qohumları cəmiyyətimizin üzvüdür. Onların vasitəsilə Təbrizlə əlaqə saxlayıram. Şükürlər olsun ki, indi gediş-gəliş asanlaşıb. Mən Təbrizdən çıxdıqdan sonra 10 il gedə bilmədim. Düzdür, arada gedib-gəlmişəm. Amma yenə gedişimdə fasilə yaranıb. Mənim şəxsiyyət vəsiqəmdə azərbaycanlı yazılıb. Ona görə mən Azərbaycanın təbliğatını aparıram. Mən avstraliyalı deputatlara ermənilərin işğalçı millət olması ilə bağlı öz adımdan məktublar ünvanlamışam. Bizim işimiz böyük təsir göstərir. Təbii ki, ermənilər də bizim bu cür münasibətlərimizi cavabsız buraxmırlar. Ancaq biz bu mübarizəmizdən əl çəkmirik. Bu baxımdan, müdafiə etdiyim ideologiya və fəaliyyətim İrana getməyimin önünü kəsir və gedə bilmirəm.
- Çoxdandır Vətəndən uzaq düşmüsünüz. Qürbət ölkədə qərib ruhunuzu ovudan nədir?
- Musiqilərimiz… Oturub saatlarla qulaq asıram. Ağlayıram və rahatlanıram. Simfoniyalar, klassik əsərlər, muğamlar mənə təskinlik verir. Hacı Xanməmmədovun “Tar üçün konserti”ni Avstraliya və Kamberra Simfonik orkestrlərinə təqdim edəcəyəm ki, ifa etsinlər. Gün o gün olsun ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri bu ölkədə ifa olunsun - Azərbaycanı belə tanıdaq. Azərbaycan bəstəkarlarının əsərlərini orada tanıtmalıyıq ki, yerli ifaçılar da bu əsərlərə maraq göstərsinlər. Bugünlərdə eşitdim ki, «Yeddi gözəl» baleti Amerikada səhnəyə qoyulub. Buna görə çox sevindim. Bu cür əsərlərə səhnə ömrü vermək mənim də arzumdur.
Söhbətləşdi:
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər