AZE | RUS | ENG |


“Bizdə əvvəlcə bəyi söyür, sonra ona qız verirlər” – Əcnəbi

“Bizdə əvvəlcə bəyi söyür, sonra ona qız verirlər” – Əcnəbi
Pakistanlı tələbə Hussain Sabir deyir ki, terrordan uzaq olduğunuz üçün xoşbəxtsiniz

"Azərbaycanı bu qədər gözəl təsəvvür etmirdim. Torpağa addım atdığım ilk gündən xoş münasibətlə rastlaşdım. Bakını çox sevirəm. İlk yerdir ki, özümü xarici ölkədə hiss etmədim. O qədər qonaqpərvər və mehriban xalqınız var ki... Gözəl diyarla xalqın mehribanlığı birləşəndə kim sevməz ki, belə ölkəni... Azərbaycan sirli və gözəl ölkədir”.
Bu sözləri bizimlə söhbətində pakistanlı tələbə Hussain Sabir dedi. Həmsöhbətimiz Bakı Slavyan Universitetində filologiya fakültəsində təhsil alır. Deyir ki, qardaşı Azərbaycanda təhsil alıb və onu da Bakıda təhsil alması üçün razı salıb: "Qardaşım Bakını, universiteti, tələbə yoldaşlarını çox sevirdi. Hər dəfə onlar haqqında maraqla danışır, bizi Azərbaycana virtual səyahət etdirirdi. Qardaşımın danışdıqları məndə də maraq oyatdı və Azərbaycana gəlmək istədim. Gəldiyim gündən də ölkənizə vuruldum”.
 
"Yaşadığın ölkənin dilini bilməlisən”
 
Sabir Azərbaycan dilini bilir. Özü ingilis dilindən tərcümə edərək dilimizi öyrənib: "Dili bilmədiyim üçün çətinlik çəkirdim. Hər kəslə ingilis dilində danışmaq olmurdu. Düşünürəm ki, əgər bir ölkədə yaşayıb təhsil alırsansa, o ölkənin dilini mütləq bilməlisən. Mən də Azərbaycan dilini öyrənməyi qarşıma məqsəd qoydum və buna nail oldum. Əvvəllər dillə bağlı çox çətinliyim olurdu. Mağazadan heç nə ala bilmir, fikrimi izah etməkdə çətinlik çəkirdim. İşarələrlə nə istədiyimi çatdırırdım. Azərbaycan dilini çox sevdiyim üçün müəllimlərimin köməkliyi ilə rahat öyrəndim”.
 
"Əcnəbi olduğumu hiss etmirəm”
 
Müsahibimiz deyir ki, Azərbaycan öz gözəlliyi ilə yanaşı, sakit ölkə olduğu üçün burada yaşamağa dəyər: "Azərbaycanı terrordan, partlayışlardan uzaq olduğu üçün sevirəm. Azərbaycan çox sakit yerdir. Hamı başını aşağı salıb işi ilə məşğul olur. Burada dava-dalaş, neqativ hadisələr olmur. Heç kim bir-birini incitmir. Demokratik ölkədir. Ona görə mən Azərbaycanı, Bakını sevirəm. Burada xalq çox qonaqpərvərdir. Sənə əcnəbi olduğunu hiss etdirmirlər”.
Khadim burada olduğu müddətdə Azərbaycanı qarış-qarış gəzib: "Gedəcəyim rayonları, şəhərləri xəritədə seçirəm. Baxıram və qərar verirəm ki, həftəsonu bu rayona getməliyəm. Təbiət vurğunuyam, təbiəti seyr etmək üçün səfalı rayonlara gedir, şəkillər çəkirəm. Artıq 18 rayonda  olmuşam. Gəncədə Hacıkəndə, "Xan bağı”na vuruldum. Adam Azərbaycanı gəzməkdən doymur”.
 
"3 bacı” və yarpaq dolması
 
Digər əcnəbilər kimi, həmsöhbətimiz də mətbəximizi çox sevir. "3 bacı” və yarpaq dolması onun qida rasionunda önəmli yer tutur: "Dadlı yeməkləriniz var. Xüsusilə dolmalarınızın dadından doymaq olmur. Mərci supunu çox sevirəm. Pakistanda yeməkləri bol istiotla bişirirlər. Sizdə belə deyil. Ona görə stola əyləşəndə ilk olaraq istiot axtarıram”.
 
Xoşbəxtsiniz...
 
İki ölkəni müqayisə edən müsahibimiz deyir ki, Azərbaycan Avropa ölkələrinə oxşayır: "Azərbaycan kifayət qədər inkişaf etmiş ölkədir: "Sizin gənclər Pakistandakı gənclərdən olduqca müasir, daha sərbəstdir. Pakistan nisbətən qapalı ölkədir. Azərbaycan tolerant ölkədir. Pakistan İslam ölkəsidir. Orada insanların 90 faizi namaz qılır. Burada da namaz qılmağa hər cür şərait var. İlk dəfə bura gələndə həqiqətən ölkəniz məni təəccübləndirdi. Xüsusilə sakit, terrordan uzaq ölkədə yaşadığınız üçün xoşbəxtsiniz”.
 
Evlilik icazəsi
 
Pakistan adətlərindən danışan Sabir deyir ki, onların toy adətləri fərqlidir: "Bayramlarımız demək olar ki, eynidir. Novruz bayramı ən sevdiyim bayramlardandır. Ramazan, Qurban bayramı da müsəlman ölkəsi olduğumuz üçün yüksək səviyyədə qeyd edilir. Toy adətlərimiz fərqlidir. Bizim ölkədə bəzi bölgələrdə bəy qızın ailə ağsaqqalları tərəfindən imtahana çəkilir. Bu imtahanda ailə böyükləri namizəd bəyə ağla gələ biləcək bütün təhqir və söyüşləri deməlidirlər. Namizəd bəy isə bütün bunlara dözə biləcək qədər soyuqqanlı olmalıdır. İmtahandan müvəffəqiyyətlə keçən gənc evlilik icazəsini almış olur”.
Khadimin Azərbaycanlı dostları var. Deyir ki, burada gənclər tərbiyəlidir: "Azərbaycanlı qızlar, oğlanlar ağıllı və əxlaqlıdırlar. Hələ ki, sevdiyim qız yoxdur, amma yaxşı dostlarım var. Burada insanlar istiqanlı olduğu üçün çox tez adaptasiya oldum”.
 
"Müəllimlər səbirlidir”
 
Müsahibimizin fikrincə, azərbaycanlılar, xüsusilə də təhsil aldığı universitetin müəllimləri əcnəbilərə qarşı çox səbirlidirlər: "Ümumiyyətlə, azərbaycanlılar çox qonaqpərvərdir. Evinə gələn qonaq üçün dəridən-qabıqdan çıxırlar. Xaricdən gələn insanı da eynilə elə qarşılayırlar. Universitetdə dərslərimiz asan deyil. Müəllimlər çox tələbkardır, amma bir o qədər də səbirlidirlər. Məsələn, mənə Azərbaycan dilinin öyrənməkdə çox dəstək oldular. Qonaqpərvər və isti münasibətinizə görə, Azərbaycan mənə vətənim kimi əzizdir”.
Aygün ƏZİZ
 





 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008