• cümə, 19 Aprel, 03:28
  • Baku Bakı 18°C

Bizdə də küçə musiqiçiləri olsunmu? - Polemika

12.05.15 05:35 1772
Bizdə də küçə musiqiçiləri olsunmu? - Polemika
Hər birimiz Bakının mərkəzi küçələrində küçə musiqiçiləri ilə rastlaşmışıq. Azərbaycanda bu sahə kifayət qədər inkişaf etməsə də, Avropada və Amerikada, xüsusən də Latın Amerikası ölkələrində müstəqil bir sahə kimi artıq tam təşəkkül tapıb. Təsadüfi deyil ki, musiqi sahəsində dünyanın bir çox tanınmış sənətkarları məhz küçədən böyük səhnəyə gəliblər. Hətta dünyanın küçə sənətçilərini birləşdirən “Dünyanın Küçə Sənətçiləri” (World Street Music) adlı layihə də var. Ölkəmizdə isə bu sahədəki vəziyyət fərqlidir. Xüsusilə küçədə pul yığmaq məqsədilə musiqi ifa edən gənclər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri onları dilənçi, avara adlandırır, bəziləri isə bu insanların küçədə musiqi ifa etməsinə mane olurlar. Bəs gənclər nə düşünür? Küçə musiqiçiləri pul yığmalıdırmı?
“Küçədə dilənməkdənsə...”
Ümid Hacızadə, menecer
Ümid düşünür ki, Azərbaycanda küçə musiqisinin vəziyyəti yaxşı deyil. Həmsöhbətimiz küçə musiqiçilərinə şəraitin yaradılmamasından şikayətləndi: “Azərbaycanda küçə musiqisinin durumunun yaxşı olmadığı açıq-aşkardır. Mənə elə gəlir ki, bunun ən başlıca səbəblərindən biri şəraitin olmamasıdır. Avropadan fərqli olaraq, bizdə insanlar küçə musiqiçilərinə istehza ilə yanaşırlar. Hətta bir çox hallarda onlar təhqir olunur, cərimələnir, qınaq obyektinə çevrilirlər. Adətən xarici ölkələrdə küçə sənəti müxtəlif və zövqlü olur. Misal üçün, Avropa ölkələrində küçə və ya parkda gəzərkən küçə sənətçilərinə tez-tez rast gəlmək olur. Kimisi ariya oxuyur, kimisi saksofonda ifa edir, kimisi pantomima səhnəciyi göstərir. Yoldan keçən insanlar da bundan zövq alırlar. Bir çox ingilisdilli ölkələrdə küçə musiqiçiləri busklar adlanır. 19-cu əsrin əvvəllərindən inkişaf etməyə başlamış “street music band”lar (“küçə musiqisi qrupları”) sonradan bir çox peşəkar musiqiçilərin karyerasına da öz təsirini göstərib. Hətta dünyanın bir çox məşhur qrup və superstarları öz fəaliyyətinə küçə musiqisi ilə başlayıb. Bizdə isə hələ belə musiqiçilər yetişməyib. Boş-bekar gənclər vaxtlarını keçirmək üçün musiqi ifa edirlər. Çoxları, sadəcə, həvəskardır. Həqiqətən məşhur ola biləcək küçə musiqiçiləri çox azdır”.
Küçə musiqiçilərinin pul qazanmasına gəldikdə isə, Ümid deyir ki, onların dilənçi kimi pul yığmasına yaxşı baxmır: “İnsanların gəlirini bu yolla əldə etməsini müsbət qarşılamıram. Küçədə dilənməkdənsə, normal ixtisasa yiyələnib müxtəlif peşələrdə uğur qazanmaq daha yaxşıdır. Lakin istisnalar da var. Hansısa qüsurlu insanın kiməsə əyilmək, sınmaq əvəzinə bu yolla pul qazanmasını normal hesab edirəm. Amma qüsuru olmayan gəncin küçədə musiqi ifa edərək pul qazanması təqdirəlayiq deyil”.
“Küçə musiqiçiləri zəhmətlərinin haqqını almalıdır”
Ülviyyə Alıxanova, jurnalist
Ülviyyə küçə musiqisini dinləməkdən zövq alır. Hətta o, öz yoldaşları ilə birlikdə küçə musiqisini dinləməyə getmək üçün xüsusi gün təyin edirlər: “Düzdür, Azərbaycanda bu tip musiqiyə münasibət birmənalı deyil. Hətta çox vaxt belə musiqiçilər gülüş hədəfinə də çevrilirlər. Mən İstanbulda olarkən müxtəlif millətlərin nümayəndələrinin küçədə bir çox alətlərdə ansambl, yaxud fərdi şəkildə ifa etdiyinin şahidi oldum. Bakıda isə vəziyyət tamamilə başqadır. Çox nadir hallarda mərkəzi küçələrdə küçə musiqiçilərinin ifasına toplaşan, onlarla bərabər çalıb oxuyan insanlarla rastlaşıram. Halbuki küçə musiqisi insana zövq verir, küçədə gəzərkən ruhun dincəlir”.
Ülviyyə küçə musiqiçilərinin pul yığmasına normal baxır. O deyir ki, küçə musiqiçiləri də digər peşə adamları kimi zəhmətləri ilə pul qazanırlar: “Küçə musiqisinə normal münasibət göstərməyənlər əsasən 60-70 yaşlı insanlardır. Məncə, gənclərin əksəriyyəti buna normal baxır. Amma burada səhv heç nə yoxdur. Onlar da hamı kimi çalışır və zəhmətinin haqqını qazanır. Düşünürəm ki, zaman keçdikcə biz də digər ölkələrdə olduğu kimi, küçə musiqisini cəmiyyət olaraq dəstəkləyəcəyik”.
“Musiqi ifa edib pul qazanmağın nəyi pisdir ki?”
Ulucay Akif, tələbə
Ulucay özü də gitarada ifa etməyi bacarır. Hətta o da bir zamanlar küçə musiqisi ilə məşğul olub. Həmsöhbətimiz deyir ki, bu, elə bir sənətdir ki, hər vaxt problemlərlə qarşılaşmalı olursan: “Bizdə küçə musiqisinə maraq 2000-ci illərdən sonra yarandı. 15 il keçməsinə baxmayaraq, bu sahə hələ də inkişaf etməyib. Biz Bakının küçələrində ansambl olaraq ifa edən küçə musiqiçilərinə rast gələ bilmərik. Adətən küçə musiqiçiləri qrup şəklində fəaliyyət göstərir və qrupun tərkibinə violençel, skripka, gitara və s. daxil olur. Bu zaman artıq əsl küçə sənətindən söhbət gedə bilər. Bizim küçədə musiqi ifa edən gənclərin əksəriyyətinə musiqiçi demək düzgün deyil. Mən özüm gitarada ifa etməyi bacarıram, lakin bu sahədən gəlir əldə etməyi heç vaxt düşünmürəm”.
Həmsöhbətimiz küçədə musiqi ifa edərkən başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: “Bu yaxınlarda başıma maraqlı əhvalat gəldi. Mən pul yığmaq üçün deyil, zövq aldığım üçün ifa edirəm. Təsadüfən ifa etdiyim mahnıya görə küsülü qalan iki sevgili barışdılar və bunun müqabilində mənə pul verdilər. Özüm də məəttəl qaldım. Mən musiqini pul almaq xatirinə ifa etmirdim. Küçə musiqiçilərinin ifasına görə pul qazanmağı əslində çox yaxşı haldır. Bu onlarda sənətə olan həvəsi daha da artırır. Bəzən elə hal olur ki, kimsə hansısa mahnıya görə özəl sifariş verir. Təbii ki, bunun haqqı da var. Musiqi ifa edib pul qazanmağın nəyi pisdir ki? Əsas odur ki, heç kim heç kimi ona pul verməyə məcbur etmir. Kim musiqidən zövq alırsa, onun haqqını verir”.
Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər