“Bizdə ailə birincidir, onlarda iş” - Soydaş
Qarşısına
çıxan hər bir təklif və şansı dəyərləndirməyə, fərqli nələrsə etməyə çalışan
biri kimi özünü xarakterizə edir. Deyir ki, hamının etdiyini deyil, daha başqa
nələrsə etməyə cəhd göstərir. Ölkəmizdə də çalışıb, Türkiyədə də fəaliyyəti
olub, hazırda Koreyada işləyir. Deyir ki, ölkəmizdə elə bir şans olsa, məmnuniyyətlə,
qayıdıb burda çalışar. "Burda qazandığım təcrübə, bilik, əlaqəni gələcəkdə vətənim
üçün istifadə etmək istəyirəm” – deyən müsahibimiz Cənubi Koreyanın BISON Medical şirkətində çalışan azərbaycanlı Məmmədrəhim
Nəcəfovdur.
M.Nəcəfov
2008-ci ildə 531 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis
İqtisadiyyatı və İdarəetmə fakültəsinə daxil olub. 2009-cu ildə təhsilini
dondurub, Koreyaya gedib: "Cənubi Koreyada Kyung Hee Universitetinin nəzdində
Beynəlxalq Təhsil İnstitutuna qəbul oldum və bu ölkənin dilini öyrənməyə
başladım. 2011-ci ilin yayına kimi koreya dili öyrəndim, elə həmin il Cənubi
Koreyanın ən nüfuzlu 3 ali təhsil müəssisəsindən biri sayılan Koreya
Universitetinin "Biznesin idarə olunması” fakültəsinə daxil oldum. Üçüncü
kursda, "2007-2015- ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində təhsilimi davam etdirmişəm. Bundan əlavə,
universitet illərində BUTA (Koreya və Azərbaycan Tələbə Təşkilatı) və KUISA
(Koreya Universiteti Beynəlxalq Tələbələr Təşkilatı) kimi müxtəlif tələbə təşkilatlarının
aktiv nümayəndəsi olmuşam”.
Bizim üçün
böyük təcrübə oldu
Universitetin
sonuncu kursunda Koreyada işləməyə başlayır: "Universitetin dördüncü ilində
orta ölçülü "Westgate Co., Ltd” adlı Koreya ticarət şirkətini qurduq. Əslində,
şirkət bizim deyildi, Koreya investisiyası ilə təsis edilmişdi, amma biz o işi
qururduq. Şirkət Cənubi Koreya istehsalı olan yüksək texnoloji məhsulların MDB
məkanında yer alan dövlətlərin çoxuna, habelə Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinə
ixracını və eyni zamanda adı çəkilən ölkələrdən kənd təsərrüfatı məhsullarının
Cənubi Koreyaya idxalını həyata keçirirdi. Tələbə idik, müəyyən qədər bu işlərdə
təcrübəsizliyimiz də oldu. Bu səbəbdən işi davam etdirə bilmədik, amma bizim
üçün böyük təcrübə oldu”.
Türkiyədə
"Ziran” adında şirkəti təsis etdik
Universiteti
bitirdikdən sonra ölkəmizə qayıtmaq qərarı verir: "2015-ci ildə universiteti
bitirdim və məndə belə bir hiss var idi ki, burda yaşadığım bəsdir. Cəmiyyətdən,
yeməklərdən, mədəniyyət fərqindən sıxıldım və ölkəmə dönmək zamanıdır. Belə də
etdim, qayıtdım və BMT-nin Azərbaycandakı qərargahında təcrübəçi oldum. Təşkilatın
Azərbaycanda həyata keçirdiyi "Birləşmiş Millətlər Təşkilatının İnkişaf
Programı” layihəsində yaxından iştirak etmişəm. Layihənin bir parçası olan www.az.one.un.org veb saytının ərsəyə gəlməsində və rabitə
strategiyalarının (communication strategy) araşdırılması, inkişafı və tətbiqində
iştirak etdim. Təcrübəçi kimi başlasam da, orda qalıb işləmək imkanı var idi.
Amma orda kommunikasiya sahəsində çalışırdım, mənim sahəm biznes idarəetməsi
idi. Gələcəyimi isə öz ixtisasım üzrə gördüyüm üçün, ordan uzaqlaşmaq və Türkiyəyə
köçmək qərarı verdim. Türkiyədə iş qurmaq ideyası məndə tələbəlik illərindən
var idi. Bir dostumla təcrübəni bitirdikdən sonra Türkiyəyə yerləşdik və orada
"Ziran” adında şirkət təsis etdik. Şirkət Koreya kosmetikasının Türkiyədə
onlayn platforma üzərindən satışını həyata keçirirdi. Koreyanın qabaqcıl şirkətlərindən
"Leaders cosmetics”in Türkiyədəki rəsmi distribütörü olduq. Lakin sonra türk
lirəsi devalvasiyaya uğradı, bu da bizim kimi gənc biznesmenlərin işinə mənfi təsir
etdi, 2016-cı ilin sentyabrında Azərbaycana qayıtmağa qərar verdim. Burda
"Medeks” tibb şirkətində layihə meneceri vəzifəsində çalışmağa başladım”.
Gənc, dəliqanlı
vaxtlarımı Koreyada keçirmişəm
Ötən
ilin yay aylarında isə Koreya üçün darıxmağa başlayır və yenidən həmin ölkəyə
gedir: "İki ildən
çox idi ki, Koreyanı tərk etmişdim. 2017-ci ilin yayında Koreya üçün darıxmağa
başladım və iş həyatımı orada davam etdirmək qərarına gəldim. Gənc, dəliqanlı
vaxtlarımı Koreyada keçirmişəm, ona görə bura artıq mənim üçün ikinci vətən
kimidir. Amma burda gəlib işləmək üçün darıxmaq əsas səbəb deyildi. Daha önəmlisi,
vətənim adına bir şeylər etmək istəyi idi. Düşündüm ki, mən Azərbaycan adına gəlib
burda işləyərəm, vətənim üçün xeyirli olacaq fəaliyyət göstərərəm. Koreyaya
qayıtdıqdan 15 gün sonra öz sahəsində orda top beşliyə daxil olan BISON Medical
şirkətində regional satış meneceri olaraq işə başladım. Şirkət tibbi və
kosmetoloji avadanlıqların istehsalatı və xarici bazarlara satışı ilə məşğuldur”
Koreyada həddindən artıq bürokratiya var
Koreyalıların
çox işləməsi artıq hər kəsə məlumdur. Müsahibimiz deyir ki, bu, əslində, onun
üçün elə də böyük problem deyil: "Çox işləmək əslində problemdir, amma mən
artıq bunu o cür görmürəm, çünki öyrəşmişik. Yeni vaxtlarda bir çox şeylər çətin
olur. Mədəniyyət, mətbəx belə fərqlidir, görünüşünlə belə seçilirsən. Təzə-təzə
seçilmək xoş gəlir, amma müəyyən zamandan sonra bu, adamı sıxır, stressə də səbəb
ola bilir. Bilirsiniz, burada həddindən artıq bürokratiya var, bu səbəbdən
koreyalılarda çox işləmək problemi formalaşıb. Koreyada belə bir sistem var ki,
müdir işdədirsə, o, gecə 11-də işi tərk edirsə, sən ondan sonra ofisdən
çıxmalısan. Burda müdirdən əvvəl işçinin ofisi tərk etməyi xoş qarşılanmır. Ona
görə belə bir iş mədəniyyəti formalaşıb. Amma burada da artıq sistem dəyişir, gənc
nəsil köhnə rejimə etiraz edir. Deyirlər ki, işdə çox oturmaq, həddindən artıq
ofisdə vaxt keçirmək işin keyfiyyətini artırmır. Şirkətlərin böyük qismində çox
işləmək get-gedə aradan qaldırılır”.
İş bunlar
üçün hər şeydir
M.Nəcəfov
insanlarımızın xarakterində də fərq olduğu qənaətindədir: "Fərqlərdən biri odur
ki, Koreyada insanlar şəxsi münasibət və konfliktlərini heç bir zaman işə
yansıtmırlar. Əgər kollektivdə iki nəfər bir-birini sevmirsə, aralarında hər
hansı konflikt varsa, onların bu münasibətləri işlərinə heç cür təsir etmir.
Bizdə isə aralarında konflikt olanda - dəfələrlə şahidi olmuşam – bu, avtomatik
olaraq gördükləri işin performansına təsir edir. Koreyada niyə belə deyil?
Çünki bunlar işlədikləri quruma öz ailələrindən çox önəm verirlər. Səhər səkkizdən
lazım olanda gecə birə qədər işləyirlər. Rəqabət böyük olduğu üçün bu cür işləməyə
məcburdurlar. İngilislər demiş: iş bunlar üçün hər şeydir. İşə aludəlikləri,
işin çox olması ailəyə az vaxt ayrılmasına gətirib çıxarır. Hətta buna görə
Koreyada belə bir qanun qəbul edilib ki, üçüncü günlər şirkətlər bütün işçiləri
saat 5-dən sonra buraxmalıdır. Dövlət bu qərarı ona görə verib ki, insanlar öz
ailələri ilə vaxt keçirsinlər. Əks təqdirdə, ailəyə vaxt ayırmağa zaman qalmır.
"Ailə günü” adlanan üçüncü günlərdə şirkətlər işçiləri məcbur buraxırlar ki,
gedin ailənizlə zaman keçirin. Azərbaycanda da iş önəmlidir, amma ilə birincidir,
onlarda iş. Lakin Koreyanın qısa zamanda sürətlə inkişaf etməsinin səbəbi də məhz
onların bu xasiyyətidir. İş bunlar üçün hər şeydir. Əgər burda bir koreyalı işdən
qovulursa, bu onun intiharına səbəb ola bilər. İşdən qovulmaq koreyalı üçün
potensial intihar səbəbidir”.
...ürəyimi boşaldıb rahatlaşa biləcəyim koreyalını
tapa bilmirəm
M.Nəcəfov
deyir ki, koreyalılar həm də qapalı millətdir, hansı ölkəyə getsə, öz ölkəsinin
adamları ilə ünsiyyət qurmağa çalışırlar: "Koreyalı başqa bir ölkəyə gedəndə
mütləq onun çantasında Koreya yeməkləri görə bilərsiniz. Əgər Azərbaycana gələn
koreyalının çantasını açsanız, onun içində "ramyon” deyilən tez hazırlanan
Koreya yeməyi olacaq. Onlar getdikləri ölkənin yeməyini yemək istəmir. Getdikləri
ölkənin adamı ilə tanış olub, onun mədəniyyətini öyrənməkdə maraqlı deyillər. Təbii
ki mədəniyyəti və ölkəyə məxsus dəyərləri öyrənmək istəyir, çünki səyahətə gəlib,
amma azərbaycanlı ilə deyil, bir koreyalı tapıb onunla gəzməyə çalışacaq.
Universitetdə oxuyanda koreyalı dostlarımız çox idi. Bəziləri 2-3 il Amerikada,
Kanadada yaşamışdı. Amma ingilis dilləri çox zəif olurdu. Soruºurdum ki, 2-3 il
orda olubsansa, bu cür zəif ingilis dilin niyə olsun? Deyirlər ki, biz orda
ancaq koreyalılarla oturub dururduq, xaricilərlə yox. Bizimkilər xarici ölkəyə
gedəndə mədəniyyətləri ilə tanış olmaqda, oranın insanları ilə ünsiyyət
qurmaqda maraqlıdırlar”.
Ölkədən
xaricdə olan bir çox şəxs kimi o da vətəni, ailəsi üçün darıxdığını deyir. Amma
iş mühitində də onun burnunun ucunu göynədən nüanslar var: "Azərbaycanda işlədiyim
zaman əhvalım yerində olmasa, iş yoldaşıma deyə bilərəm ki, gəl beş dəqiq hava
alaq, söhbət etmək istəyirəm. Hava aldığımız zaman məni narahat edən problemi
onunla bölüşürəm, ürəyimi boşaldıram və gəlib işimə davam edirəm. Burda həmin məqamlarda
ürəyimi boşaldıb rahatlaşa biləcəyim koreyalını tapa bilmirəm. Əslində tapıram,
amma onun dediyi sözlər dərdimə məlhəm ola bilmir. Bu, mədəniyyət fərqidir. Azərbaycanda
qarşındakının stressdə olduğunu biləndə ona elə sözlər deyirik ki, dərdi,
stressi yadından çıxır. Burda bax, o cür səmimi sözləri, dəstəyi iş
yoldaşlarımdan görə bilmirəm”.
İşdən
sonra boş zamanın dəyərləndirilməsinə gəlincə, müsahibimiz öyrənməyə və
dostlara vaxt ayırdığını dedi: "Hazırda PMP imtahanına hazırlaşıram, onu
aldıqdan sonra dünyanın hər yerində istənilən qurum tərəfindən lisenziyalı
professional layihə meneceri kimi tanına və çalışa biləcəyəm. Gündə iki-üç saat
ona vaxt sərf edirəm, həftə sonları da. Ondan əlavə, burada BUTA təşkilatının
üzvləri ilə görüşürük, sosial işlərimiz olur. Bacardığımız qədər azərbaycanlılarla
ünsiyyətimizi saxlayırıq, yeni gələnlərə dəstək olmağa, azərbaycançılığı
Koreyada təbliğ etməyə çalışırıq. İstəyirik ki, bizim gənclər Koreyaya gəlsin,
burda oxusun, işləsin, təcrübə qazansın. Qismət olsa, burda qazandığı təcrübəni
ölkəmizdə tətbiq etsin”.
Aygün Asimqızı