AZE | RUS | ENG |

“Biz öz torpaqlarımıza qayıdacağıq”

“Biz öz torpaqlarımıza qayıdacağıq”
Hidayət Orucov diasporumuz qırğız cəmiyyətində öz yerini tapdığını deyir

Suallarımızı Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov cavablandırır.
 
         - Cənab Səfir, digər suallara keçməmişdən öncə, Qırğızıstanda keçirilən son Prezident seçkilərinə toxunmağınızı istərdik. Sooronbay Jeenbekovun dövlət başçısı seçilməsi ölkəmiz arasında əlaqələrə nə kimi təkan verəcək?
        - Cənab Sooronbay Jeenbekov yetkin, təcrübəli dövlət xadimidir, müxtəlif vəzifələrdə çalışıb, nazir, hökumətin səlahiyyətli nümayəndəsi olub. Ciddi adamdır, nə dediyini, nə üçün dediyini yaxşı bilir.
        2015-ci ilin yayında mənim ölkənin cənubuna səfərim zamanı hökumətin Oş vilayəti üzrə səlahiyyətli nümayəndəsi idi. Görüşdük, müfəssəl söhbət etdik. O zaman hiss etdim ki, tutduğu vəzifə tutumlu, məsul olsa da onun karyerasında yüksəklik baxımından sonuncu deyil.
        Bir məqamı da qeyd etmək istəyirəm: Dövlət xadiminin formalaşmasında ailənin rolu şübhəsiz, böyükdür.
        Xatırlayıram: 2010-cu ilin mart ayında Dövlət Komitəsinin sədri olaraq Səudiyyə Ərəbistanına rəsmi səfərim zamanı Ər-Riyadda Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyada keçirilən ərəb dilində ikinci dəfə nəşr olunmuş "Heydər Əliyevin milli siyasəti” kitabımın təqdimat mərasimində Qırğızıstanın bu ölkədəki səfiri Jusupbek Şaripov çox maraqlı nitq söylədi. Təqdimat mərasimindən sonra bizim Səudiyyədəki səfirimiz Tofiq Abdullayev onu mənə təqdim elədi. Mənə çox yaxşı təsir bağışladı. Jusupbek Şaripov yeni Prezidentin doğma qardaşıdır, sonra Küveytdə səfir oldu, hazırda Ukraynadadır. Ardıcıl əlaqələrimiz olub, Bişkekdə səfirliyimizə gəlib. Digər qardaşı Asılbek Jeenbekov xeyli müddət Jokorku Keneşin Toraqası (Parlamentin sədri) idi, ölkəmizə münasibətdə çox mehriban, əlaqələrimizin inkişafında maraqlı və diqqətlidir. Soroonbay Şarip oğlu baş nazir təyin ediləndə növbəti seçkilərdən sonra yenidən spiker seçilməkdən imtina etdi, sədr ikən onunla görüşlərimiz olub. Bir daha vurğulayıram: hərtərəfli, yetkin, mədəni, Azərbaycanın dəyərlərini bilən, düzgün qiymətləndirən adamdır. Hazırda deputatdır. Bir qardaşları Cəlalabadda universitet rektoru idi, keçən il vəfat etdi.
        Ailənin digər üzvləri də müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərirlər. Bir sözlə, Prezident ziyalı ailədəndir, söylədiyim kimi, bu faktor əhəmiyyətsiz deyil.
        Cənab Sooronbay Jeenbekovun Prezident seçilməsi, fikrimcə, əlaqələrimizin inkişafına müsbət təsir göstərəcək. Bir məqamı da qeyd etməliyəm: Qırğızıstanın yüksək rəhbərliyi tamam yeni və gəncdir. Baş nazir Sapar İsakovun son illərdə tutduğu bütün vəzifələrdə (Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdirliyindən başlamış indiyədək) ölkəmizlə iş birliyinin inkişafında çox maraqlı olduğunu müşahidə etmişəm. Parlamentin sədri Dastanbek C. Jumabekov da gəncdir, parlamentlərarası əlaqələrin formalaşmasına səy göstərir. 
 
- Azərbaycan və qırğızların qardaş xalqlar olduğu dəfələrlə vurğulanır. İki ölkə arasındakı əlaqələrin səviyyəsindən razı qalmaq olarmı? 
        - Siyasi, diplomatik əlaqələr, iqtisadi iş birliyi, humanitar əməkdaşlıq həmişə dinamikada-inkişafda olmalıdır. Bu gün dedim - "Razıyıq”. Bəs sonra? Son illərdə bütün sahələrdə əlaqələrimizin inkişafı üçün çox işlər görülüb. Ancaq iqtisadiyyat və ticarət üzrə mövcud olan böyük potensialdan hələ ki, tam istifadə olunmur.
- Son illər bu ölkədə dövlət çevrilişləri oldu, gərginlik yaşandı. Hazırda vəziyyət necədir?
        - 2013-cü ilin əvvəlində Bişkekdə diplomatik missiyamın icrasına başlayan kimi jurnalistlər mənə ardı-arası kəsilmədən müraciətlər edirdilər. Əsas sual elə bu haqda idi. Cavab verməyə tələsmədim - bu da təzə səfirə "irad” tutmaq üçün bəhanə oldu: ”Özü  yazıçı ola-ola jurnalistləri qəbul etmir, suallarımızı cavablandırmır”. İki-üç ayda mövcud ictimai-siyasi, iqtisadi durumu öyrəndim, gedən prosesləri nəzərdən keçirib təhlil etdim. Sonra müfəssəl müsahibə verdim, bu sualı da cavablandırdım: "Qırğızıstanda yaxın illərdə inqilab olmayacaq, hazırkı prezident Konstitusiyada nəzərdə tutulan yeni seçimədək missiyasını davam etdirəcək. Parlament də konstitsion müddətini başa vuracaq. Yeni parlament daha konstruktiv olacaq”.
        Bu deyilənlər çox ciddi reaksiya doğurdu. İnanmayanlar çox idi, bunu təbii qarşılamaq gərəkdir, lakin "maraqlısı” bu qənaətin çoxlarının xoşuna gəlməməsi idi. İki-üç il ötəndən sonra həmin "razılar” da, "narazılar” da məndən soruşurdular "o proqnozu necə düşünmüşdünüz?”
        Artıq məlum olduğu kimi, prezident də, parlament də, öz müddətlərinin sonunacan fəaliyyət göstərdilər, seçkilər keçdi. Qırğızıstan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə idi hakimiyyət inqilabsız, üsyansız yeni seçilən dövlət başçısına ötürülürdü. Ölkənin həyatında bu önəmli hadisə idi.
        Fikrimcə, Qırğızıstan bundan sonra da bu minvalla addımlayacaq, inkişaf edəcək.  
 
- Bilirsiniz ki, bu günlərdə regionun ən önəmli layihəsi olan Bakı-Tblisi-Qars dəmiryolu xətti istifadəyə verildi. Qədim İpək Yolu üzərində yerləşən Qırğızıstan bu dəhlizdən nə kimi yararlanmağı planlaşdırır?
        - Bakı-Tblisi-Qars yalnız bu günün deyil, əsasən gələcəyin magistralıdır! Digər Mərkəzi Asiya ölkələri kimi Qırğızıstan da bu yoldan yararlanacaq.
- Cənab Səfir, hətta qırğız rəsmiləri belə, Azərbaycanı sıx əməkdaşlıq etdiyi ölkə kimi yox, həm də həmişə Qırğızıstanın yanında olan qardaş ölkə kimi ifadə edirlər. Məsələn "II Ümumdünya Köçərilər Oyunları” və bu tip tədbirlərə ölkəmiz böyük nümayəndə heyəti ilə qatılır. İstərdim bu barədə danışardınız. 
        - Son illərdə humanitar sahədə əlaqələr çox genişlənib, mədəniyyət, gənclər, idman aləmində keçirilmiş böyük tədbirlər həm miqyasına, mahiyyətinə, həm də sayına görə yetmiş bir illik sovetlər dönəmindən çoxdur. "Köçərilər” oyunları bu çoxluqda bir fraqmentdir. İlk "Köçərilər” oyunlarında (2014-cü il) Azərbaycan yığması yüksək yer tutmadı, çünki yarışlara salınmış idman növlərinin çoxu bizə tanış deyildi. İkinci oyunlarda (2016) ölkəmiz öz idman rəşadətini göstərdi. Bu ilin sentyabrında keçiriləcək üçüncü oyunlar daha maraqlı olacaq-proqrama idman növlərindən əlavə mədəniyyət, adət-ənənə, memarlıq, hətta milli mətbəxlə bağlı bölmələr daxil edilib.
        ”Köçərilər”dən söz düşmüşkən, son illərdə Qırğızıstanda çalışmış mədəniyyət, informasiya və turizm nazirləri və digər uyğun rəsmilərlə müzakirələr etdiyim bir təklifi açmaq istəyirəm: bu yarışların adı "Türk Xalqlarının Milli Oyunları” olsa, hədsiz maraq doğura bilər, onda əlbəttə, mahiyyəti də adına uyğunlaşacaq, möhtəşəm İslam Həmrəyliyi Oyunları kimi yarışlara çevriləcək.
        İdmandan danışarkən, Bakıda keçirilmiş "İslam Həmrəyliyi Oyunları”da Qırğızıstanın fəal iştirakını xatırlamaq yerinə düşər. Qırğız komandası yarışlarda aldığı mükafatların sayına görə fəxri onuncu yeri tutdu. Bu MDB-yə üzv ölkələr içində Özbəkistandan (üçüncü sırada) sonra ən yüksək göstərici idi.      
- Suallarımızın davamı kimi, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yubileyi Azərbaycanda böyük təntənə ilə keçirildi. Qırğızıstanda necə, ədiblərimizə yönəlik bu cür diqqəti görmək mümkündürmü?
        - Çoxsaylı möhtəşəm tədbirlər keçirilib və keçirilir. Yalnız Opera və Balet Teatrının böyük salonunda keçirilmiş bir neçə yüksək səviyyəli tədbiri xatırlatmaq kifayətdir: "Üzeyir Hacıbəyovun 130 illiyi” , "Rəşid Behbudovun 100 illiyi”, "Qara Qarayevin 100 illiyi”, "Müslüm Moqamayevin qala-konserti”, "Yazıçı Anarla görüş”... Bu tədbirlər dediyim kimi, ölkənin ən nüfuzlu sənət ocağında baş tutub. Tamaşaçıları hökumət üzvləri, deputatlar, ziyalılar, ölkələrin səfirləri, diaspora nümayəndələri, müxtəlif xalqların təmsilçiləri olublar. Digər salonlarda keçirilən tədbirlər onlarladır.
        Bu yaxınlarda - 8 fevralda Qara Qarayevin 100 illiyi ilə bağlı keçirilən yubiley gecəsi və qala konsertinin əks-sədası barədə qısaca məlumat verim: tamam anşlaq salon sanki sehr içindəydi. Həmin gecədən başlayaraq televiziya kanalları süjetlər yayımlayırdı, mətbuat geniş informasiyalar paylaşırdı. Ölkənin baş dövlət qəzeti olan "Слова Кыргызстан” , ən populyar "Вечерный Бишкек”, digər nəşrlər məqalələr çap etdi: Nəhayət, əsas dövlət kanalı – Qırğız Teleradio Yayımları fevralın 25-də gecənin bütövlükdə videoyazısını ölkəyə və onun hüdudlarından çox-çox uzaqlara təqdim etdi.
        Bu il qarşıda Cümhuriyyətimizin 100 illiyi, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi və digər əlamətdar günlərlə bağlı maraqlı mərasimlər durur.
        O ki qaldı Çingiz Aytmatova... Möhtərəm Prezidentimizin sərəncamı ilə bu böyük yazıçının 85 illiyi ölkəmizdə ən yüksək səviyyədə qeyd olundu. Ondan öncə 80 illiyində yazıçı Bakıya gəldi, prezidentimiz onunla görüşdü, "Dostluq” ordenini təqdim etdi.    Azərbaycan Çingiz Aytmatovu həm də öz oğlu sayır.     
 
- Yeri gəlmişkən, rəsmilərlə görüşünüzdə 2017-ci ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib. Hansı işlər görüldü?
        - Hazırlaşırıq. Keçirilmiş adlarını çəkdiyim və çəkmədiyim tədbirlər mədəniyyət günləri üçün "baş məşqlərdir”. Ancaq adi ənənəvi mədəniyyət günləri-bir açılış, bir-iki konsert, ya film, sonra bağlanış kimi olmayacaq. Dekada müddətində keçiriləcək, formata musiqi ilə birlikdə yazıçılarla görüş, film, teatr, televiziya günləri, sərgilər və sair daxil ediləcək.   
        Xalqlarımızın incəsənəti, ədəbiyyatı bütöv, dolğun şəkildə əks olunacaq. Ölkələrimizin mədəniyyət nazirləri belə layihəni dəstəkləyirlər. Vaxtı isə - 2018-i də adlaya bilər. Belə tədbirlərin nə vaxt keçirilməsi mənə maraqlı deyil. Hansı səviyyədə, hansı miqyasda baş tutması önəmlidir.
 
- Siz Bakıda keçirilən Azərbaycanlıların IV Qurultayı ərəfəsində soydaşlarımızla, Qırğızıstan nümayəndə heyəti ilə görüş keçirdiniz. Əminliklə demək olarmı ki, Qırğızıstanda güclü Azərbaycan diasporu mövcuddur.
        - Diaspor təmsilçiləri ilə yalnız qurultay ərəfəsində deyil, tez-tez görüş keçiririk. Son illərdə təşkilatlanma, bir araya gəlmək prosesi ritmik gedir, diasporumuz qırğız cəmiyyətində öz yerini tapır, tarixi Vətənlə əlaqələri möhkəmlənir. Həmvətənlərimiz arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim (elm, nəqliyyat, inşaatçı, kənd təsərrüfatı, səhiyyə, ədliyyə və başqaları), 3 nəfər Qırğız Respublikasının "Şöhrət” medalı ilə təltif edilmiş və başqa fəxri adlara layiq görülmüş hörmətli ziyalılar var. Bu nüfuzlu insanlar Qırğızıstan Xalqı Assambleyasına daxil olan Qırğızıstanda yaşayan Azərbaycanlıların "Azəri” İctimai Birliyinin tərkibindədirlər. Onlar qürbətdə hörmət qazanaraq Azərbaycanın nüfuzunu uca tutur və ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini möhkəmlədirlər. Ancaq təəssüf ki, dünyanın çox yerində olduğu kimi, burda da "güclü diaspor” ifadəsini işlətməyə hələ tələsməyək.
 
- Cənab Səfir, Qırğızıstanda Stalin repressiyalarına məruz qalmış kifayət qədər azərbaycanlı ailələr var. Onların bir qismi ilə müsahibələr və xəbərlər etmişik. Repressiya qurbanlarının şəcərələri açıqlamalarında doğma Azərbaycanla əlaqələrinin  daha da intensivləşməsini xahiş etdilər. Belə müraciətlər səfirliyimizə olubmu?
        - Əvvəlcə, mətbuatda, kitablarda, çıxışlarda tez-tez hallandırılan "Stalin repressiyası” ifadəsinə münasibətimi bildirdim. Repressiya yalnız Stalinin deyil, baş ideoloqu və konkret rəhbəri Lenin olan sistemin cinayətləri idi. Leninsayağı sosializmin repressiyasıdır. Stalinin yerini Lenin və ya Qorbaçov tutsaydı repressiyalar olmayacaqdı? O Lenin ki, Çar Nikolayın ailəsini bir gecədə, bəlkə də on-on beş dəqiqənin içində güllələtdi.
                1922-ci ildə bolşeviklərin qarşısında boybərabəri ağır sual dayanmışdı: intellektuallardan necə qurtulmaq? Lenin güllələnmək üçün səbəb axtarmadı, ölüm cəzasını sürgünlə əvəzləməyi təklif elədi, hesab etdi ki, intellektuallardan yaxalarını səbəb bildirmədən qurtarmaq daha yaxşıdır. Bu da Leninsayağı "humanizmin göstəricisi” idi!
        Mixail Qorbaçovun keçən əsrin sonlarında ölkəmizdə törətdiyi müsibətlər 30-40-cı illərindəki repressiyalardan daha dəhşətli idi.
        Sualınızın əsas mahiyyətinə gəlincə deyim: mən Bişkekdə fəaliyyətə başladığım ilk aydan səfirlik bu istiqamətdə ardıcıl işləyir. Təkcə bir faktı deyim: Səfirlik diasporumuzla birlikdə 2013-cü ildə yurddaşlarımızın Vətənimizdən sürgün olunmasının 80 illiyi ilə əlaqədar "Küldən yenidən yaranmışlar” adında böyük beynəlxalq konfrans keçirdi. Mən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adından beynəlxalq konfrans iştirakçılarını salamladım. Prezident cənab Almazbek Atambayevin beynəlxalq konfransa göndərdiyi məktubu Prezident Aparatının şöbə müdiri Mira Karıbayeva oxudu. Beynəlxalq konfransda Qırğız Respublikasının baş nazirinin birinci müavini – sonrakı baş naziri Coomart Otorbayev və digər rəsmilər, alimlər, yazıçılar, soydaşlarımız iştirak edirdilər. Məruzələr, çıxışlar dinlənildi, sürgünlük və deportasiya tarixinin öyrənilməsi, dünyaya, gələcək nəsillərə çatdırılması ilə bağlı fikirlər səsləndi. Biz beynəlxalq konfransın icmalını, səslənən təklifləri ölkələrin uyğun qurumlarına təqdim etdik. İlk dəfəydi (həm də hələlik son dəfə) yüz illiyinə az qalan acı, dəhşətli sürgünlər tariximizdən bəhs edən belə yüksək səviyyəli və geniş miqyaslı beynəlxalq konfrans keçirilirdi.
        Bilirsiniz, tarixdə yaşadığımız belə müsibətlərin aşkar olunması və dünyaya çatdırılması yalnız dövlətin və konkret olaraq Xarici İşlər Nazirliyinin, ya səfirliklərin işi deyil. Mətbuat böyük imkanlara malikdir və şübhəsiz, potensialı böyükdür. Azərbaycan mətbuatına hər gün baxıram, görürəm keçmiş həmkarlarım üçün unudulmuş sahədir.
        - Bu yaxınlarda Bişkekdə qırğız və rus dillərində nəşr etdirdiyimiz Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Xocalı soyqırımı” kitabı Qırğızıstanda ciddi əks-səda verdi.
 
        - Əli Həsənov siyasət, geosiyasət, beynəlxalq münasibətlər sahəsində dəyərli elmi işlərin müəllifidir. Bu kitabda isə Ermənistan tərəfindən törədilmiş soyqırımının dəhşətləri açılır. Mənim o kitaba yazdığım ön sözün başlığı belədir: "Tarixdə görünməmiş müsibət”. O sətirlərdə həm kitabın mahiyyətini açmağa, həm də Xocalı soyqırımını törədənlərin sifətlərini, iç üzlərini təqdim etməyə çalışmışam.
        Bir faktor barədə ilk dəfə də olsa da danışmaya bilmirəm: burda missiyama başlayanda Azərbaycanın çox sahələrdə həqiqətləri, xüsusilə Ermənistan işğalı, torpaqlarımızı zəbti, 20 Yanvar müsibəti, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı barədə məlumatsızlıq məni sadəcə heyrətləndirmədi, dəhşətə gətirdi. Məlumatsızlıq o həddə çatmışdı ki... Qırğız parlamentinin 80 illik yubileyinin ziyafətində doxsanıncı illərdə ölkənin ən yüksək vəzifəlilərindən biri tost söyləyərkən dedi: "Bizdə bütün çətin problemlər həll olunur. Məsələn, 1994-cü ildə Bişkekdə həll olunan Dağlıq Qarabağ məsələsi kimi”. O, şübhəsiz, dediyi ilin mayında imzalanmış "Bişkek protokolu”nu nəzərdə tuturdu, o sənəd isə Ermənistanın indi də hər gün pozduğu atəşkəs haqqında idi. Bu, məlumatsızlığın səviyyəsini aydın göstərirdi. Ona görə də ilk növbədə ölkəmizin həm ən yeni tarixinin, həm də çağdaş gerçəkliklərinin, ilk növbədə Ermənistanın işğalı, deportasiyalar, soyqırımlar haqda həqiqətlərin Qırğızıstanda yayılması istiqamətində çətin, həmi də ardıcıl, səmərəli iş aparıldı, beynəlxalq konfranslar, çoxsaylı görüşlər keçirildi, mətbuatla sıx əməkdaşlıq edildi. Müsbət nəticə artıq göz qabağındadır: indi Qırğızıstanda çətin, elə bir vətəndaş tapıla, bilməyə ki, torpaqlarımız işğal olunub, ya Xocalı soyqırımı nədir,
        Əli Həsənovun kitabı da bu işləri davam etdirmək üçün dəyərli mənbədir. Yeri gəlmişkən, kitab yenicə nəşr olunsa da, qırğız cəmiyyətində ciddi maraq doğurub. Fevralın 24-də keçirilən "Xocalı soyqırımı” anım mərasiminin bütün iştirakçılarına təqdim olundu. Kitabxanalara göndərilmək üçün Mədəniyyət, İnformasiya, Turizm Nazirliyinə, Təhsil və Elm Nazirliyinə, şəhərlərin meriyalarına, digər uyğun qurumlara kifayət qədər sayda hədiyyə olunur.          
- Bir qədər də ümumi məsələlərdən bəhs etmənizi istərdim. Mütəmadi şəkildə Prezident İlham Əliyev səfirlərimizlə görüşlər keçirir. Diplomatlarımızdan beynəlxalq təşkilatlarda işin daha da canlandırılması tövsiyə olunur. Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın münaqişənin həllində qəti mövqeyinin təbliği vurğulanır. Sizin də bu barədə fikirləriniz maraqlı olardı.
        - Möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq nüfuzu gündən-günə yüksəlir. Dövlət başçısının nüfuzu yüksəldikcə ölkənin də reytinqi artır. Dünya görür ki prezidentimiz püxtələşmiş kamil nəzəriyyəçi, tarixin, bu günün reallıqlarını nəzərə alıb gələcəyə real nəzərlə baxan praqmatik, konstruktiv mülahizələrə malik dövlət başçısı olmaqla yanaşı, yüksək intellekt sahibi, son dərəcə mədəni, nəcib və humanist şəxsiyyətdir. Dünya indi belə prezidentləri yüksək dəyərləndirir.
        Bir daha vurğulayıram: Müstəqilliyimizin əbədiliyi, işğal altında olan torpaqlarımızın azad olunması, ölkəmizin hər sahədə sürətli tərəqqisi üçün mənzilli siyasət aparmaqla, məntiqli diplomatik məqamlardan məharətlə istifadə etməklə yanaşı ölkəmizin iqtisadi, hərbi, intellektual potensialının yüksəldilməsi sahəsində təxirəsalınmaz, alternativsiz tədbirlər həyata keçirir.
        Bir daha vurğulayıram: Prezidentimizin xarici siyasəti çox mənzilli, işğal olunmuş torpaqlarımızın azad edilməsi sahəsində fəaliyyətləri alternativsiz və əvəzsizdir. Təkcə ölkəmiz, vətəndaşlarımız deyil, dünyaya səpələnmiş on milyonlarla soydaşlarımız da Prezidentimizin səsinə hay verməlidirlər: "Biz öz torpaqlarımıza qayıdacağıq”.
        Bizim xalqımız heç vaxt qonşu ərazisinə, yad torpağına göz dikməyib, amma vaxtıilə itirdiyi ana torpağını haçansa özünə qaytarıb.
Telman Məmmədov   
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN