AZE | RUS | ENG |

“Biz tənqiddən qorxmuruq”

“Biz tənqiddən qorxmuruq”
Sahibə Qafarova: “Terrorçunun rəhbərliyi altında cinayətkar ünsürlərin idarə etdiyi Ermənistanı təmsil edən siyasətçilərdən ədalətli davranış gözləmək yersizdir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında Azərbaycanla bağlı müzakirələr ətrafında polemikalar davam edir. AŞ PA Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladıqları Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin, eyni zamanda İnsan hüquqları və hüquq məsələlər üzrə Komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair iki hesabat Assambleyanın plenar iclasındakı müzkairələri bir çox həqiqətləri üzə çıxarmış oldu. İclasdakı müzakirələrlə bağlı “Kaspi”nin suallarını millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və Ksenofobiya Alt Komitəsinin sədri Sahibə Qafarova cavablandırır.
- Sahibə xanım, ilk öncə Sizin də iştirak etdiyiniz bu iclasla bağlı təəssüratlarınızı öyrənmək istərdik...
- Etiraf etmək lazımdır ki, iclas əvvəlcədən də gözlənildiyi kimi gərgin keçdi. Bunun da səbəbləri hər kəsə bəllidir. Son dövrlər bir sıra islamafob dairələrin müəyyən qədər fəallaşdığını və təzyiq rıçaqlarından daha çox istifadə etməyə başladığını müşahidə etməkdəyik. İnsan hüquqları, siyasi azadlıqlar, media və söz azadlığı, siyasi məhbus məsələlərindən istifadə edərək milli dövlətlərə qarşı təzyiqlər olunduğunu görürük. Həmçinin, Azərbaycan dövlətinin sürətli inkişafı, Ermənistana qarşı əldə etdiyi böyük üstünlük təbii olaraq, erməniləri və onların təsiri altında olan, müəyyən səbəblərdən ermənilərə dəstək verən qüvvələri də ciddi narahat edir. Hələ iclas başlamazdan əvvəl verilən bəyanatlarda, siyasi kuluarlarda aparılan danışıqlardan biz bunu aydın şəkildə sezə bilirdik. Bundan başqa, bəzi avropalı parlamentarilərə təzyiqlər olunduğu, onların Azərbaycanın əleyhinə olan Ştrasserin uydurma hesabatına səs verməyə məcbur olunduğu haqqında müəyyən məlumatlar da alırdıq. Azərbaycan nümayəndə heyəti və milli maraqlarımızdan çıxış edən bütün siyasi dairələr bu təsirləri aradan qaldırmaq, həmin dairələrin böhtan kampaniyasının qarşısını almaq üçün səylər göstərdik. İclasda da çox ciddi müzakirələr oldu, həm Ştrasserin hesabatını tənqid edən, onun əsl mahiyyətini ortaya qoyan ciddi arqumentlər səsləndirildi, həm də bayaq dediyimiz qrupların hesabatın lehinə çıxışları oldu. Amma nəticə bizim üçün qənaətbəxş oldu və Azərbaycan dövləti növbəti dəfə sübut etdi ki, ona qarşı yalan, dezinformasiya, böhtan kampaniyası aparmaqla heç bir uğura nail olmaq mümkün deyil.
- Müzakirələrin nəticəsi olaraq həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hesabatı qəbul olunsa da, Kristofer Ştrasserin hazırladığı hesabat qəbul edilmədi. Siz, bu, prosesi necə qiymətləndirirsiniz?
- Bu iki sənəd arasında çox ciddi fərqlər var idi. Məsələ təkcə onların əhatə etdiyi məsələlər və mahiyyətində olan fərqlərdə deyildi. Bu sənədlər arasında niyyət, yanaşma fərqi var idi və bu da nəticə etibarilə onlarda özünü göstərirdi. Cənab Qrex və Aqramunt hesabatı hazırlayarkən müəyyən qədər subyektivliyə, bəzən bizim qəbul etmədiyimiz faktlara istinad etsələr də, prinsip etibarilə biz ona ciddi narazılıq etmədik. Çünki yenə də deyirəm, burada niyyət çox önəmlidir. Cənab Aqramunt da çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı ki, Azərbaycanda müəyyən nöqsanlar olsa da, ölkədə çox ciddi inkişaf prosesləri müşahidə olunur və bu inkişafı sürətləndirmək üçün biz onlarla əməkdaşlıq etməliyik. Amma həmməruzəçilərin öhdəliklərimizlə bağlı hesabatından fərqli olaraq Kristofer Ştrasserin hesabatı tamamilə qərəzli idi, heç bir fakta söykənmirdi, Azərbaycandakı müəyyən hüquq müdafiəçilərinin şəxsi mülahizələrindən bəhrələnmişdi. Açıq-aşkar görünürdü ki, burada yeganə məqsəd, Azərbaycan dövlətini qaralamaq, ölkəmizin imicinə zərbə vurmaqdır. Biz demirik ki, Azərbaycanı tənqid etməyin. Biz tənqiddən qorxmuruq. Amma biz deyirik ki, Azərbaycana qarşı tənqidlər səsləndirəndə də, təqdir edəndə də ədalətli olun. Biz sadəcə ədalət gözləyirik. Baxmayaraq ki, müasir dünyada ədalət anlayışını zədələyən çox böyük ədalətsizliklər yaşanır. Amma bununla belə, biz ədalətli mövqeyimizdən bir addım da geri çəkilmirik. İnanırıq ki, hələ də dünyada müəyyən qədər ədaləti müdafiə edən, haqlının haqqını qoruyan insanlar da var. Və sonuncu səsvermə də bizim bu qənaətimizi doğrultdu.
- Ermənistanı təmsil edən deputatların bu hadisəyə reaksiyası necə oldu?
- Əvvəla, birmənalı şəkildə qeyd etməliyik ki, səsvermənin bu cür nəticələnməsi Azərbaycan üçün qələbədir. Bu qələbənin fonunda ermənilərin ciddi narahatçılıq, məyusluq keçirməsini də normal qarşılayıram. Çünki bu, onların diplomatik anlamda növbəti məğlubiyyətidir. Ona görə də, sağa-sola şər-böhtan yağdırmağa, hadisələri başqa tərəflərə yönəltməyə çalışırdılar. Əslində, ermənilərdən başqa bir şey gözləmək də doğru deyil. Onların ən yaxşı bacardığı iş elə bu deyilmi? Bir terrorçunun rəhbərlik etdiyi, tamamilə cinayətkar ünsürlərin ən sərt və qeyri-qanuni yollarla idarə etdiyi bir ölkənin siyasətçilərindən demokratik, ədalətli bir davranış gözləmək yersizdir. Bütün tarixləri, mövcudluqları yalan üzərində qurulmuş bir dövlətin siyasətçilərinin cığallığı artıq vərdiş olunmuş bir mənzərədir. Amma bu, bizi elə də narahat etmir. Qoy onlar necə istəyirlər, elə düşünsünlər. Əsas odur ki, Azərbaycan öz bildiyi və düzgün qəbul etdiyi yolda davam edir.
- Azərbaycandakı bəzi müxalifət təmsilçiləri, eyni zamanda Ermənistan tərəfi Ştrasserin məğlubiyyətini başqa istiqamətə yozurlar. Sizcə, onlar bu fikirlərində nə dərəcədə doğrudurlar?
- Siyasi mübarizənin də bir əxlaq normaları, etik tərəfləri olmalıdır. Hadisələrə zəfərə gedən yolda hər şey mübahdır anlayışı ilə yanaşmaq düzgün deyil. Təbii ki, ölkədə güclü siyasi müxalifətin olması vacibdir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev də, partiyamızın digər funksionerləri də dəfələrlə bəyan edib ki, biz güclü müxalifətin olmasında maraqlıyıq. Bu, yalnız ölkəmizin xeyrinə ola bilər. Amma müxalifətçilik o demək deyil ki, Azərbaycan dövlətinin imicinə zərbə vurmaq, xalqın maraqlarına qarşı çıxmaqla ölkəyə qarşı mənfi münasibət formalaşdırmaq üçün çalışasan. Hesab edirəm ki, biz milli maraqlar məsələsində eyni mövqedən çıxış etməliyik. Vəzifəsindən, siyasi mənsubiyyətindən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaş üçün milli maraqlar, dövlətçilik maraqları hər şeydən öndə dayanmalıdır. AŞPA-dakı nümayəndə heyətimizin üzvləri sırasında fərqli partiyaların nümayəndələri, bitərəflər də təmsil olunurlar. Amma bizim ümumi məqsədimiz Azərbaycan dövlətinə qarşı qərəzli münasibəti ifşa etmək idi. Hamımız bu məqsəd üçün çalışırdıq. Və bu prosesi də uğurla başa vurduq. Amma görürük ki, hələ də bəziləri baş verənlərin mahiyyətini təhrif etməklə məşğuldur. Bu nə siyasi etika baxımından, nə də vətənpərvərlik nöqteyi-nəzərindən düzgün yol deyil. Ermənilərin iddialarına gəlincə isə, sadəcə bunu demək istəyirəm ki, onlar cənab Aqramuntun, Qrexin niyyətini araşdırmaqdansa, Paruir Ayrakyana qarşı niyə sui-qəsd törədildiyini araşdırsın. Demokratiya, havadarlarına arxalanıb AŞPA tribunasından Azərbaycanın ünvanına uydurma iddialar söyləməklə olmur. Adi seçkiləri belə keçirmək iqtidarında deyillər, müxalifətin namizədini güllələyirlər. Bu, bu gün də olur, dünən də olub, gələcəkdə də olacaq. Çünki ermənilərin mahiyyəti budur.
- Son vaxtlar ölkə başçısı tərəfindən verilmiş bir neçə əfv sərəncamı ilə çoxsaylı məhbus azad edilib. O cümlədən, Kristofer Ştrasserin əvvəllər hazırladığı siyasi məhbus siyahısında adı olanlardan 40 nəfəri azad edilib, 10 nəfərin işinə isə məhkəmələrdə baxılmaqdadır. Amma avropalı deputat yenə də iddia edir ki, Azərbaycanda 85 siyasi məhbus var. Sizcə, bu yanaşma nə ilə bağlıdır?
- Ümumiyyətlə, mən siyasi məhbus anlayışı ilə bağlı kriteriyaların hələ də dəqiqləşdirilmədiyini və bununla bağlı yetkin və ədalətli yanaşmanın olmadığını düşünürəm. Hazırda siyasi məhbuslar anlayışı ilə bağlı gətirilən nümunələr beynəlxalq və hüquqi dəyər kimi qəbul oluna bilməz. Bu, nə regional, nə də qlobal səviyyədə qəbul olunmayıb. Çünki bu məsələ ilə bağlı dəqiq hüquqi sərhədlər müəyyənləşdirilməyib. Siyasi məhbus nədir, siyasi məhbus kimdir, kimlər siyasi məhbus hesab edilə bilər sualları hələ də cavabsız qalır. Hüquqi nöqteyi-nəzərdən də, konkret cinayət törətdiyi üçün haqqında müəyyən cəza tədbirləri seçilmiş adamları hansı kriteriyalara söykənərək siyasi məhbus adlandırmaq olar? Hər hansı bir ölkə siyasi məhbus və ya cinayətkarın müəyyənləşdirilməsi üçün hansı kriteriyalara görə ittiham olunur? Ona görə də, bu suallar cavabını tapmadıqca Azərbaycanı bu məsələdə ittiham etmək tamamilə yersizdir. Kiminsə nə vaxtsa hansısa formada siyasətdə olması, ya da onun yanından ötüb keçməsi onu hüquqi məsuliyyətdən azad etmir. Kim cinayət törədibsə, onun da cəzasını çəkməlidir. Yoxsa heç bir dövlətdə hüququn üstünlüyü qalmaz, hüquq gözdən düşər. Bu isə xaos, anarxiya deməkdir.
- Millət vəkili Səməd Seyidov mətbuata açıqlamasında bildirib ki, AŞPA-da fəaliyyət göstərdiyi 12 il müddətdə ilk dəfə, bir ölkə üzrə eyni zamanda iki fərqli hesabat müzakirəyə çıxarılıb. Sizcə, AŞPA-nın və ya avropalı deputatların Azərbaycana qarşı belə münasibət sərgiləməsinin səbəbi nədir?
- Hər bir hadisənin adını düzgün qoymaq, hər şeyi öz adı ilə çağırmaq, düzgün nəticə çıxarmaq lazımdır. Biz nə qədər ki, İraqda, Əfqanıstanda, Liviyada, Misirdə, eləcə də digər yaxın və uzaq dövlətlərdə baş verənləri düzgün qiymətləndirməyəcəyik, onların adını düzgün qoymayacağıq, hər şeyi öz adı ilə çağırmayacağıq, onda doğru qənaətə gələ bilməyəcəyik. Avropada, eləcə də AŞPA-da baş verənləri dünyadakı tendensiyalardan ayrıca şərh etmək doğru olmazdı. Azərbaycan hər bir sahədə nailiyyətlər əldə etməkdədir və bütün bunlar bizim müstəqilliyimizi möhkəmləndirən amillərdir. Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır. Təbii ki, bu fakt işğalçı Ermənistanı və onu himayə edən beynəlxalq gücləri, erməni lobbisini narahat edir. Ona görə də, vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. “Siyasi məhbus” məsələsi də bunun tərkib hissəsidir. Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz həqiqətlərini müdafiə etməkdən, müstəqil, heç kəsdən asılı olmayan siyasət həyata keçirməkdən imtina etməyəcək.
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973