• cümə, 29 Mart, 04:40
  • Baku Bakı 7°C

“Biz tək mədəniyyətin parçalarıyıq”

16.05.18 09:00 1947
“Biz tək mədəniyyətin parçalarıyıq”
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Tanıtma Baş İdarəsinin Şimali və Orta Avropa, Balkanlar və Türk Respublikaları şöbəsinin rəhbəri Onur Gözətlə tanışlığımız Kastamonu şəhərində başladı. Türk dünyasının 2018-ci il üzrə mədəniyyət paytaxtı olan Kastamonuya səfərimiz çərçivəsində Onur bəy türkdilli ölkələrdən gələn mətbuat nümayəndələrinin suallarını sevə-sevə cavablandırırdı. Sonrakı Ankara səfərimizdə Onur Gözətlə yenidən görüşmək imkanımız oldu və onunla Türkiyə-Azərbaycan mədəni əlaqələrindən danışdıq. Müsahibimiz 1962-ci ildə Ankarada doğulub. İlk və orta təhsilini Ankarada aldıqdan sonra 1984-cü ildə Orta Doğu Teknik Universitetində Memarlıq fakültəsindən məzun olub. 1989-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Turizm Baş İdarəsində memar kimi işləməyə başlayıb. 2000-2002-ci illərdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xarici Əlaqələr şöbəsinin rəhbəri vəzifəsini yerinə yetirdikdən sonra, 2002-2007-ci illərdə Polşa səfirliyində Mədəniyyət və Tanıtma müşaviri olaraq çalışıb. 2007-ci ildən etibarən isə Mədəniyyət və Turizm Nazirliyində Tanıtma Baş İdarəsinin Xarici Təşkilatlar şöbəsinin rəhbəri (2007-2008), Strateji İnkişaf Mütəxəssisi (2008), Tanıtma Baş İdarəsi Amerika, İngiltərə, Orta Şərq şöbəsinin müdiri vəzifələrini icra etdikdən sonra 2009-2013–cü illər arasında Xarici əlaqələr və AB Koordinasiya şöbəsi rəisinin vəkili olaraq çalışıb. 2016-ci ildən etibarən yenə Tanıtma Baş idarəsinin Şimali və Orta Avropa, Balkanlar və Türk Respublikaları şöbəsinin müdiri kimi vəzifəsini davam etdirməkdədir.

- Onur bəy, bu il Kastamonu Türk dünyasının mədəniyyət paytaxtı seçildi və il ərzində bu şəhərin tanıdılması üçün bir çox layihələr həyata keçirildi.

- Elədir. Kastamonunun 2018-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi bizim üçün çox önəmlidir. TÜRKSOY-un üzv ölkələrinin şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi çox gözəl bir addımdır. Bu çərçivədə Türk dünyasının ilk mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstanın Astanaşəhəri seçildi. SonraƏskişəhər,Kazan,Marı,ŞəkivəTürkistanşəhərləri növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları oldu. Bu il isə Kastamonunun paytaxt seçilməsi heç də təsadüfi deyil.

- Nə üçün məhz Kastamonu?

- Kastamonu Anadoluda Ankara və İstanbula yaxınlığı ilə böyük turizm potensialına sahib bir şəhərdir. Digər tərəfdən, tarixiliyi, tarixi binaları, ətrafındakı mədəni yaşamı ilə çox önəmli bir bölgədir. Türkiyənin ən qədim şəhərlərindən olan Kastamonu həm də təmiz havası, səfalı təbiəti, gözəl mənzərəsi, yay-qış turizmi ilə seçilir. Burada hər tərəf tarix qoxuyur. Qalası, məscidi, özünəməxsus yeməkləri, şirniyyatı, xalq sənəti, mədəniyyəti və dünyaca məşhur Şeyx Şaban-İ Vəlisi var. Bu şəhərmədəni mirasa sahibdir. Buranın turizm potensialı çox yüksəkdir. Kastamonunun turizm potensialının mədəni həyatını tanıdacağına inanıldığı üçün bu seçim edildi. Hesab edirəm ki, Türk dünyasının mədəniyyət paytaxtı olaraq bu şəhər ən ideal seçimdir.

- Onur bəy, bu il eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Bununla bağlı Türkiyə tərəfdən hər hansı layihələr gözlənilirmi?

- Cümhuriyyətin 100 illiyi ilə bağlı ilk növbədə Azərbaycan xalqını təbrik edirəm. Diqqətinizə çatdırım ki, bu il eyni zamanda, Qafqaz İslam Ordusunun 100 illiyidir. Biz qardaş ölkəmiz Azərbaycanın sevincinə hər zaman şərik olmuşuq. Bunu işlərimizdə də nümayiş etdirməyə çalışmışıq. Hər iki yubileylə bağlı tədbirlər keçirməyə hazırıq. Yeri gələndə, Azərbaycanda və yeri gəldikdə, Türkiyədə iki ölkənin nazirlikləri bu bayramı birlikdə qeyd etməyə hazırdır. Azərbaycandakı səfirliyimizin, Mədəniyyət və Tanıtım Müşavirliyimizin Cümhuriyyətin 100 illiyi ilə bağlı bir çox layihələri var və biz də bu layihələr üzərində çalışırıq.

- Türkiyə-Azərbaycan mədəni münasibətlərini necə dəyərləndirirsiniz?

- Biz iki dövlət, bir millətik. Mədəniyyətimiz, dinimiz, dilimiz eynidir. Nə qədər birlikdə çalışarıqsa, iki ölkənin xalqlarının yaxınlaşması daha da artar. Bu mövzuda çox şey deyə bilərik. Biz tək mədəniyyətin parçalarıyıq. Həm Azərbaycanda, həm Türkiyədə konsertlər, mədəni tədbirlər, insanların bir araya gələ biləcəyi layihələr hər zaman çox yararlı olub və insanların diqqətini çəkib. Bundan əvvəlki illərdə də bir çox layihələr həyata keçirdik. Amma bundan artığını da etmək məcburiyyətindəyik. 2014-2015-ci illərdə Türkiyədə Azərbaycan Mədəniyyət Günləri keçirildi. İnanın ki, zallarda oturmağa yer yox idi. İnsanlar gördükcə maraqlanırdılar. Yəni deməyim odur ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixinə böyük maraq var. Bilirik ki, qardaş ölkəmizdə də bizə maraq aşırı dərəcədədir. Bu bizi məmnun edir. Ötən il Azərbaycanda Türk Filmləri Həftəsi keçirilib, bizdəki məlumata görə, salonlarda oturmağa yer olmayıb. Bu, təbii ki, bizi sevindirir.

- Qarşılıqlı olaraq, Azərbaycan və Türkiyə filmlərinin birgə layihəsi gözlənilirmi?
- Əslində, bu çox faydalı olar. Bundan öncə belə layihələrimiz olub. Bundan sonra da olmasına heç bir maneə yoxdur. Azərbaycanın mədəniyyəti bizim üçün çox önəmlidir və onun özünəməxsus tarixi, ənənələri var. Hazırda türk filmləri çox inkişaf edib. Sizdə də bu mövzuda önəmli insanlar var. Ortaq layihələrin çox yararlı olacağını düşünürəm. Bu mövzuda yalnız iki nazirlik deyil, film sektorlarının da bir araya gəlməsi lazımdır.

- Son dövrlər türk filmlərinin nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində nümayiş etdirildiyinə şahidi oluruq. Dövlətin filmlərə dəstəyi nə qədərdir?

- Türk mədəniyyətini izah edən və Türkiyə mədəniyyətinə təsiri olan filmlərə dövlət tərəfindən kifayət qədər dəstək verilir. Ancaq bu dəstəyin miqdarını indi deyə bilmərəm. Qeyd edim ki, Türkiyədə çəkilən xarici filmlərə də nazirliyimiz tərəfindən dəstək veriləcək. Misal üçün, xarici rejissorlar elə Kastamonuda hansısa bir filmi çəkmək istəyərlərsə, onlar üçün nazirliyimiz tərəfindən bir sıra sərfəli təkliflər irəli sürüləcək. Yeni qanunlara görə, bu filmə xərclənən maliyyənin bir hissəsini Türkiyə tərəfi ödəyəcək və filmi çəkən rejissorun rahatlığı üçün hər bir şərait yaradılacaq.

- Daha nə olsun?!
- Bizim üçün bu məsələlər çox önəmli və bir o qədər də həssas mövzulardır. Bilirik ki, Türkiyənin aktyorları, müğənniləri Azərbaycanda tanınır, sevilirlər. Azərbaycanın da keyfiyyətli, sözünü demiş, peşəkar sənət adamları var.

- Türkiyəyə gələn turistlərin sayı çoxdur. Ancaq Türkiyədən Azərbaycana gələn turistlər çox azdır. Sizcə, hansı işləri görmək lazımdır ki, say çoxalsın?

- Keçən il 200 min Türkiyə vətəndaşı Azərbaycana gəlib. Haradasa 800 min Azərbaycan vətəndaşı da Türkiyəyə gəlib. 2016-cı ilə görə 100-də 30-a yaxın bir artım var. Bu sayı daha da artırmaq üçün iki nazirlik birlikdə çalışmalıdır. Türkiyədən önəmli turizm səyahət yazarlarını sizin Azərbaycanda qəbul etməyiniz və oranın turizmi haqqında onların yazı yazmağı, verilişlər hazırlamağı çox önəmlidir. Türkiyədəki tanıtım fəaliyyətlərini Azərbaycanda bir az artırmaq lazımdır. İki ölkənin bir-birində keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir. Film, seriallar, musiqilərin də təsirini unutmamaq lazımdır. Bilirsiniz ki, Türkiyə böyük turizm ölkəsidir. Hətta mən deyərdim ki, dünyanın 10 turizm ölkəsindən biridir. Ancaq türk turistləri də çox səyahət edirlər. Yanılmıramsa, ildə 9 milyon türk vətəndaşı dünyaya səyahət edir. Türk turistləri yaxşı turist kimi tanınırlar. Muzeylərə, alış-veriş mərkəzlərinə gedirlər. Getdikləri ölkələrin mədəniyyəti ilə maraqlanırlar.

- Bir turist Türkiyəyə gələndə, orta hesabla nə qədər xərcləyir?

- 650-700 dollar civarında. Biz ölkəmizə gələn turist sayını artırarkən, bir tərəfdən də turizm gəlirimizi artırmaq istəyirik. Bizim 2023-cü ilə qədər əsas hədəfimiz ölkəyə 50 milyon turist cəlb etməkdir. Bu o deməkdir ki, hər bir turist orta hesabla min dollar xərcləməlidir. Bu baxımdan, Türkiyənin turizm çeşidlərini artırmağa çalışırıq. Mədəniyyət, kənd, təbiət və qış turizmini daha da inkişaf etdirsək, daha çox gəlir əldə edərik.

- Ötən illərdə Türkiyədə müxtəlif terror hadisələri baş verdi, bunlar ölkənin turizm sektoruna necə təsir göstərdi?

- Terror bütün dünyada ola bilən bir bəladır. Londonda və Parisdə də olub. Çox qısa müddətdə müəyyən ölkələrdən azalmalar oldu. Amma Türkiyənin böyük şəhərləri, turistə xidmət göstərən bölgələr güvənli yerlərdir. Terror hər an hər yerdə ola bilən hadisə olsa da, Türkiyənin insanların güvəndiyi bir ölkə olduğunu izah etməyə çalışırıq. 2017-ci ildə 32.5 milyon ziyarətçi Türkiyəyə gəlib. 2018-ci ildə bu rəqəmin daha yüksək səviyyələrə çıxmasını gözləyir və bu hədəfə yönəlirik.

- O güvəni yenidən bərpa etmək üçün nələr edildi?

- Türkiyənin güvənli, etibar olunası bir ölkə olduğunu hər kanal vasitəsi ilə ənənəvi media, dijital və sosial media ilə izah etməyə çalışdıq. Xüsusilə xalqla, yerli əhali ilə işbirliyinə önəm veririk. Təkcə reklam edərək bir ölkənin güvənli olduğunu izah etməmiz mümkün deyil. Amma bunu xalqla əlaqələrlə, həmin toplumun liderləri ilə, mətbuatla yaratdığımız münasibətlərlə izah etmək daha asandır. Digər tərəfdən, Türkiyəyə olan tələbi artırmaq mövzusunda nazirliyimizin turizm özəl sahəsindəki quruluşları, tur rəhbərləri, səyahət şirkətləri, qonaqlama sahələri və birlikləri ilə işbirliyinin dəstəyi də çox önəmli töhfəsini verdi.

- Ondan sonra qiymət endirimləri oldumu?

- Bizim məqsədimiz tez bir zamanda toparlanıb əvvəlki vəziyyətə gəlib çatmaqdır.

- Azərbaycanlılar Türkiyənin ən çox hansı bölgəsinə gəlirlər?

- Azərbaycanlılar daha çox İstanbula gəlirlər. Çünki burada həm tarix, həm də mədəniyyət və sosial həyata çox tez qatıla bilirlər. Ancaq digər tərəfdən, dincəlmək üçün dəniz turizminə, Kapadokiya və Anadoluya gələnlər də var. Bu il isə özəlliklə Kastamonuya və Çanaqqalaya gələcək turistləri gözləyirik. Bildiyiniz kimi, 2018-ci il eyni zamanda Türkiyədə Troya ilidir. Çanaqqaladakı Troya antik kəndinin UNESCO Dünya İrsi sıyahısında qeyd olunmasının 20-ci ilidir. Bunun üçün Çanaqqalada bir çox tədbirlərimiz həyata keçirildi. Bunladran ən önəmlisi açılışı ediləcək yeni Troya muzeyidir. Çanaqqala həm təbiəti, mədəniyyəti ilə, həm də Troya antik kəndi və Çanaqqala savaşlarının tarixi olaraq çox önəmli və turizm baxımından çox uyğun bir bölgədir.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər